Günah və səbir
Həzrəti İsa (əleyhissalam) dünyaya gəlmədən təqribən 9-10 əsr əvvəl Misirlə Fələstin arasında Amalika adlı bir qövm yaşayırdı.
Hökmdarı Calut olan bu qövm İsrail oğullarına hücum çəkib onları pərən-pərən etmiş, vətəndən çıxarmış, ailələrindən, övladlarından ayrı salmışdı. Əlacsız qalan İsrail oğulları peyğəmbərlərinə baş vurub düşmənlə vuruşmaq üçün sərkərdə istədilər, "Nə olar, bizə bir sərkərdə ver, Allah yolunda cihad edək" dedilər. İsrail oğullarını yaxşı tanıyan həmin peyğəmbər: "Birdən cihad sizə fərz buyurulsa, siz döyüşməkdən imtina etsəniz, onda necə olacaq?" deyəndə onlar, "Niyə Allah yolunda cihad etməyək, vətənindən sürgün edilən biz, övladlarından ayrı düşən bizik," ‒ cavabını verdilər. Cihad əmri gələndə isə əksəriyyəti sözündən döndü, əhdinə sadiq isə bir ovuc insan qaldı. Peyğəmbər bunun əvvəlcədən belə olacağını bilsə də, İsrail oğullarının istəyini yerinə yetirdi, Talutu sərkərdə və hökmdar təyin etdi.
Talut və su ilə imtahan
İsrail oğulları əvvəlcə Talutun yoxsulluğunu və əslini-nəslini bəhanə gətirərək buna etiraz etdilər. Peyğəmbər Talutu Allah seçdiyini və onun Haqq qatında yerinə diqqət çəkib dedi: "Onun hökmdarlığının əlaməti mələklərin Musa və Harunun mənəvi mirası olan sandığı gətirməsidir. Əgər iman etməyə niyyətiniz varsa, əlbəttə, bu, sizin üçün dəlildir". İsrail oğulları məhz bundan sonra Talutun hökmdarlığına razı oldular.
Talut Calutla ordusuna hərəkət əmrini verəndə əsgərlərinə belə dedi: "Allah sizi bir çayla sınağa çəkəcək. Kim o çayın suyundan doyunca içsə, məndən deyil, kim bir ovucdan artıq içməsə, məndəndir". Talut onları xəbərdar etsə də, əksəriyyəti çaya çatar-çatmaz ovuc-ovuc içdilər. İçdikcə daha da susadılar, doymadılar və sınaqdan üzüağ çıxmayıb yarı yolda qaldılar. Talut və bir ovuc su ilə kifayətlənən sadiq möminlər isə çayın o özünə sağ-salamat keçdilər. O biri sahildə qalanlar ümidsiz-ümidsiz "Bu gün bizim Calut və ordusu ilə vuruşmağa taqətimiz yoxdur" deyib geri qayıtdılar. Ölümdən sonra dirilib Allahın hüzuruna çıxacağına inananlar isə "Sayca az olan neçə-neçə ordular Allahın izni ilə böyük ordulara qalib gəlmişdir. Allah səbr edənlərlədir" deyərək yola davam etdilər.
Bəli, möminlər əhdinə sadiq qalaraq Allah yolunda şəhid və ya qazi olmaq əzmi ilə hərəkət etdilər. Onlar Calutu və böyük ordusunu görəndə qorxub qaçmadılar, əksinə Talutun ətrafında daha möhkəm birləşdilər və Allaha yönəlib səbir etməyin zəruriliyinə inanaraq belə niyaz etdilər: "Ya Rabbəna, bizə səbir, ayaqlarımıza təpər ver, kafir ordusuna qalib gəlməyi nəsib et!" (“Bəqərə” surəsi, 2/250)
Bəli, əksəriyyəti vay-şivən qopardı, əhdindən döndü və möminləri yarı yolda qoyub geri qayıtdı. Buna baxmayaraq Cənabi-Allah bir ovuc sadiq bəndənin niyazını qarşılıqsız qoymadı, Davud (əleyhissalam) Calutu öldürdü və Talutun ordusu düşmənləri darmadağın etdi.
Nəyə səbir?
Diyanətin, yəni dini həyatın yarısı olan səbir qəlbə xas önəmli əməldir. O, təkcə bəla və müsibətlərin əlacı deyil, bir çox növə, dərəcəyə, cəhətə malikdir. Həzrəti Ustad səbrin növlərini üç başlıq altında ümumiləşdirmiş, xüsusən də, günahlardan çəkinməyi, müsibətlərə sinə gərməyi və ibadətdə mütəmadiliyi diqqətə çatdırmışdır. Səbrin növlərini çoxaltmaq da mümkündür: Dünyanın cazibədar gözəlliklərinə və nəfsi “cəzb edən” nemətlərinə aldanıb ifrat və təfritə yol verməmək, “zamanın çıldırtıcılığına” səbir etmək, yəni işlərin vaxt-vədəsini səbirlə gözləmək, Allaha qovuşmaq üçün yanıb tutuşan ərənlərin dinə xidməti nəfsindən üstün tutaraq vəzifə başından ayılmaması, "Rəfiqi-Ala" xəyalları ilə yaşasa da, taleyinə boyun əyib ölümü deyil, Onun xoşnudluğunu arzulaması, yəni vüslətdə səbir etməsi..
Beləliklə, xüsusən küçə-bayırın gözdən könülə çirkab axıtdığı belə bir dövrdə günahdan uzaq olma və ibadətdən möhkəm yapışma baxımından səbir diləmək çox mühümdür. Hər mömin duranda-oturanda içindən bu mülahizələri keçirməlidir "Allahım! Qəlbimə ibadəti şirin, günahları çirkin göstər. Qulluğu mənə sevdir, günahlardan diksinmə hissi ver. İbadəti tərk etməməkdə, pis əməllərdən uzaq durmaqda səbri öyrət!"
Xülasə
- Ustad səbrin növlərini üç başlıq altında ümumiləşdirmiş, xüsusən də, günahlardan çəkinməyi, müsibətlərə sinə gərməyi və ibadətdə mütəmadiliyi diqqətə çatdırmışdır.
- Küçə-bayırın gözdən könülə çirkab axıtdığı belə bir dövrdə günahdan uzaq olma və ibadətdən möhkəm yapışma baxımından səbir diləmək çox mühümdür.
Biz də səbir yağmuruna möhtacıq...
Bizim hazırkı mübarizəmiz Talut ordusunun, Əshabi-Bədirin, Uhud qəhrəmanlarının, Malazgird, Niğbolu və Çanaqqala igidlərinin mücahidəsinə bənzəmir.
Onlar maddi savaşın ortasında ölümlə göz-gözə, şəhidliklə üz-üzə idilər. Düzdür, biz belə çətin bir duruma düşməmişik. Ancaq bu da bir həqiqətdir ki, hal-hazırda dövrün şərtlərinə görə bəzi çətinliklərlə qarşılaşırıq və səbrə çox ehtiyacımız var.
Bəli, Calut düşüncəli bir çox tiran bu gün də var. Bəziləri açıq-aşkar Allaha, Peyğəmbərə, Qurana hücum çəkir. Dünyanın müxtəlif yerlərində sırf dinlərinə, diyanətlərinə görə Müsəlmanlara zülm edirlər. İnsanlar arasına fitnə atır, məzhəb qarşıdurmasını körükləyir, millətçiliyi alovlandırır və İslam dünyasında qardaş qanının tökülməsinə səbəb olurlar. Bütün bu hadisələri görə-görə mötədilliyi qorumaq ancaq səbri-cəmillə mümkündür? İstər fərd, istər ailə, istərsə də cəmiyyət olaraq dini əmrlərin yerinə yetirilməsinə imkan vermirlərsə, dinin bütün rüknlərinə əməl edilməsinə əngəl olurlarsa, inanan qadınların saçına, başına əl uzadırlarsa, gənc qızların dini yaşaya-yaşaya təhsillərini başa vurmasını təmin etmirlərsə, .. əksinə insanları dini görüş və inancına görə ayrı-seçkiliyə, təhqir və zülmə məruz qalırsa.. bütün bunlara ancaq səbri-cəmillə dözmək olar.
Müsəlmanların bu gün məruz qaldığı zülmü görüb "Ya Rəbbi, üstümüzə leysantək səbir yağdır; qəlbimizi səbir, cəsarət və mətanətlə doldur. Bizi səbir qəhrəmanı et ki, daim səbri duyaq, səbir düşünək, səbir görək və səbirlə coşaq... Hər birimizi din və diyanətdə sabitqədəm et; bizə günahlara, müsibətlərə dözmək üçün güc-qüvvə ver.. qəlbinin inanc hissini korşaltmış, kainatda ən bariz gerçək olan Üluhiyyət həqiqətini görməyən korlar, lütf edilən nemətləri görməməzliyə vuran nankorlar üzərində müzəffər et" deyə dayanmadan inləsək, yenə də azdır.
Xülasə, səbir qurtuluşun sirli və sehrli açarıdır, səbir edən mütləq axtardığını tapar.. ibadətü- taətə səbr edən hüzura qovuşar.. dişini sıxıb günahlardan qaçan və müsibəti İlahidən bilib dözümlə qarşılayan Cənnətə girər. Düşmənlərin amansızlığına baxmayaraq, üslubunu dəyişməyən, mövqeyinə layiq olmağa çalışan və həmişə mömin kimi hərəkət edən də gec-tez qalibiyyəti dadar.
Həftənin duası
Ey Rəbbimiz! Sən lütf edənlərin ən gözəlisən, bizim də ümidlərimizi çin eylə. Üstümüzə leysantək yağdırdığın nemətlərə görə bütün həmd-sənalar Sənə, bizim kimi ləyaqətsiz könülləri iman və İslamla şərəfləndirdiyin üçün bütün minnətdarlıq və şükür hislərimiz yenə Sənədir. Bizi iman və İslamla şərəfləndirdiyin kimi, ihsanla da sevindir.
Sözün cövhəri
Sədaqət nişanəsi infak Allah yolunda sədəqə verməkdir və demək olar, bütün dinlərdə mövcud olan təməl əsasdır. Allah (cəllə cəlaluhu) yolunda verməyə (infaka) alışan insana bu iş qədər zövqlü bir şey yoxdur. Ancaq bu gün digər məsələlər kimi, infak da öz təsir gücü, fəaliyyəti və icrası ilə lazımi səviyyədə nə sistemli izah edilmiş, nə də təmsil olunmuşdur.
- tarixində yaradılmışdır.