Sözün hikmət, sükutun təfəkkür olsun
Hər hansı bir mövzuda başı-sonu, hədəf və məqsədi təyin olunmuş; intizamlı, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür peyğəmbərlik sənətidir.
İnsanlığın İftixarı Allah Rəsulunun (s.ə.s.) mübarək sözlərinə və həyatına nəzər yetirəndə bu həqiqət açıq-aydın görünür. Məsələn, təfəkkürlə əlaqəli nurlu bir kəlamında O (sallallahu əleyhi və səlləm):"Təfəkkürə bərabər bir ibadət yoxdur. Elə isə gəlin Haqq Təalanın nemət və qüdrət əsərlərini təfəkkür edin! Amma qətiyyən Onun Zatını təfəkkür etməyə cəhd etməyin. Çünki O, insan düşüncəsini aşan bir mövzudur," (el-Beyhaki, Şuabü'l-iman 1/136) buyurur. Göründüyü kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Cənabi-Haqqın Zatı xaricində hər şeyi təfəkkür içinə daxil etmişdir. Elə isə deyə bilərik ki, Nəbilər Sərvəri bu kəlamla Allahın nemətlərini, ayələrini və dinin əmrlərini təfəkkür etməyimizi istədiyi kimi, Nəcib Fazilin deyişi ilə əşya və hadisələri daima həllac etməyimizi istəyir.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) şəxsən özü də əşya və hadisələri daim həllac edərək, hər zaman təfəkkür üfüqündə təfəkkür çərçivəli bir həyat yaşamışdır. Məsələn, bir hədisi- şərifdə Onun bu halı belə anladılır. Allah Rəsulu hüznlü bir halda: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!" (“Ali-İmran” surəsi, 2/190-191) ayələrini oxudu; oxudu və göz yaşları içində dərin bir təfəkkürə getdi. Səhər əzanını oxumağa gələn Həzrəti Bilal: "Ya Rəsulullah! Özünə niyə bu qədər əziyyət verirsən? Allah keçmiş və gələcək bütün günaha aparan yolları Sənə bağlamadımı?" deyincə Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Mənə bu qədər ehsan edən Rəbbimə ehsan ölçüsündə şükür edən bir qul olmayımmı?" buyurdu. (Buhari, Teheccüd, 6)
Həyatının hər anını bu cür təfəkkür ipləri ilə hörən Peyğəmbərimiz (s.ə.s.) Ona isnad edilən bir kəlamda möminin sözünün hikmət, sükutunun da təfəkkür olduğunu buyurur. Bu ifadədən mömin vəsfinin iki əsasa bağlı olduğunu görürük. Bir; mömin danışanda mütləq müəyyən bir hikməti, məsləhəti və xeyri nəzərə alaraq danışar. İki, danışılacağı mövzuda belə bir hikmət və xeyir yoxsa, mömin sükutu seçər. Ancaq onun bu sükutu boş-boş, tənbəl-tənbəl durmaq kimi başa düşülməməlidir. O, sükutuna bir mənada üxrəvilik boyasını çalar, təfəkkür ediləsi məsələləri düşünər və nəticədə bu sükutunu təfəkkür zəmininə çevirər. Bunu nəzərə alaraq deyə bilərik ki, təfəkkür çərçivəli bir ömür yaşamaq kamil möminin hər zamankı halıdır.
Ürək Yaxan Halımız və Fikir Çiləsi
Ancaq dövrümüzdə Müsəlmanlarda qıt olan ən böyük məsələlərdən biri təfəkkürdür. Beləliklə, insanımızın təfəkkür yolunda hələ iməklədiyini desək, zənnimcə, mübaliğə olmaz. Məsələn, indiki dövrdə Məhəmməd ümməti tarixində görünməmiş bəla və müsibətlərə məruz qalır. Ancaq müsəlmanların beyin sancısı çəkib, ortaya fikir atıb alternativ həll yolları araşdıraraq bu bəla və müsibətlərdən qurtulmaq üçün ciddi səy göstərməsi görünmür. Halbuki, bu təhlükədən çıxış yolu ancaq təfəkkürdədir. Bu səbəbdən, təfəkkürü sadəcə Haqq Təalanın feil və isimlərinin cilvələrini, lütf etdiyi nemətləri dərindən düşünmək və beləcə iman və mərifətimizi dərinləşdirmə şəklində anlamamalıyıq. Əlbəttə ki, bunlar təfəkkür üçün çox əhəmiyyətlidir, ancaq İslamı bütün dünyaya çatdırmaq.. varsa, qarşısındakı maneələri aradan qaldırmaq.. o maneələrin aradan qaldırılması naminə alternativ fikirlər yürütmək… kimi xüsuslar da təfəkkür kateqoriyası daxilində mütaliə edilməlidir, çünki bir möminin ən əsas vəzifəsi ileyi-kəlimətullahdır. Yəni Allahın adını könüllərdə zirvələşib hər yana yayılması üçün cəhd və səy göstərməkdir. Əlbəttə ki, Haqq Təala daima alidir, Onun adı həmişə ucadır. Ancaq uca olan bu ucalığın könüllərdə duyulub hiss edilməsini təmin etmək də möminin əsas məqsədi, ən böyük vəzifəsidir. Beləliklə bir daha təkrar edirik ki, İslam dininin dünyanın hər yanında, könüllərdə bir daha çiçək açması üçün hər an fikir sancısı ilə oturub-durmaq, bu mövzu barədə tədbirlər görmək və dərin düşüncələrə qərq olmaq, müxtəlif həll yolları axtarmaq, du dərddən yata bilməmək və bu iztirabla gecələri qalxıb dəlilər kimi o yan-bu yana gəzmək.. bəli, bütün bunlar ali dərəcəli təfəkkür kateqoriyasına daxil olan məsələlərdir. Çünki təfəkkürünüz nəyə aidsə, o mövzunun dəyəri nisbətində sizin təfəkkürünüz də dəyər qazanar.
Xülasə
- Təfəkkür başı-sonu, hədəf və məqsədi təyin olunmuş; intizamlı, dərin və sistemli olmalıdır. Bu mənada təfəkkür, əslində bir peyğəmbərlik sənətidir.
- Allahın uca adını bütün dünyaya yayma və varsa, qarşısındakı maneələri aradan qaldırma, o maneələrin aradan qaldırılması naminə alternativ fikirlər yürütmək də, əslində təfəkkür kateqoriyasına daxildir.
- Mömin danışanda mütləq müəyyən bir hikməti, məsləhəti və xeyri nəzərə alaraq danışar. Danışılacağı mövzuda belə bir hikmət və xeyir yoxsa, mömin sükutu seçər.
Hüzn - Təfəkkür Münasibəti
Mənə görə, hüzn və iztirab ən səmimi dualardan daha məqbul bir duadır.
Xüsusilə də, bu hüzn başqalarının imanı, başqalarının əbədi həyatını qurtarmaq üçün isə. Demək olar ki, belə bir uca qayə üçün bir dəqiqəlik iztirab yüz qurban kəsməkdən, bir neçə dəfə nafilə həccə getməkdən daha bərəkətli bir əməldir. Səmimi qəlbdən ah edənin hər ahına cavab verilmişdir. Ona yüksələn heç bir səmimi səda cavabsız qalmamışdır, yetər ki, səsimiz könüldən gəlsin.
Peyğəmbər Əfəndimizə (s.ə.s.) "Hüzn Peyğəmbəri" deyilməsi necə də mənalıdır! Çünki O, daima hüznlü idi. İnsanlarla qarşılaşanda sırf onlar üçün təbəssüm edərdi. Busirinin “Qəsideyi-Bürə”sində ifadə etdiyi kimi simasında təbəssüm vardı. Lakin gülməyə gəlincə O, həyatında üç dəfə gülmüşdü.
Çünki hamımızı gözləyən çətin bir aqibət var. Əsvəd İbn Yezid ən-Nəhainin mülahizəsi ilə desək: "İş bildiyiniz kimi deyil, çox ciddidir, çox." Heç birimizin qəbir əzabından xilas olma, siratı uçaraq keçmə, məhşəri meydanını aşmağa təminatımız yoxdur. Onda ciddi məsələlər qarşısında ciddi olmalı deyilikmi? Elə isə, gəlin Allah xatirinə günah və üsyana ciddi yanaşaq və dilimizdə daima: "Allahım, bizə günah işlətdirmə! Əgər səhvə yol versək, dərhal tövbə etməyi nəsib et. Hər an tövbə, inabə, evbə bulaqlarında təmizlənmə yollarını bizə göstər" deyib dualarla yalvaraq və bir dəqiqə də kirli qalmamağa çalışaq. Gözümüz baxışın, qulağımız eşitmənin, ağzımız danışığın kiri ilə kirli qalmasın. Dərhal tövbə və istiğfar bulağında təmizlənək. Hər an Allahın hüzuruna çıxmağa hazır, tərtəmiz olaq. Necə ki bir böyüyün qarşısına çıxmadan əvvəl güzgünün qarşısına keçib köynəyimizi, qalstukumuzu düzəldir, bir neçə dəfə pencəyimizin yaxasından tutur, çiyinlərini düzəltməyə çalışır, qapıya yaxınlaşanda son dəfə təkrar özümüzü yoxlayırıqsa, elə də Aləmlərin Sultanının hüzuruna təmiz çıxmalı deyilikmi? Tam kirləndiyin bir anda vəfat etsən, bizi tərtəmiz yaradan, dünyaya səlim fitrətlə insan mahiyyətində göndərən, heyvanlardan ayırıb bizi ağıl, fikir və şüurla ucaldan Allaha qarşı ayıb olmazmı? Rəbbim hamımızı belə bir ayıbla axirətə köçməkdən, bütün sirlərin ortaya töküləcəyi bir gündə rüsvay olmaqdan qorusun! Amin!
Həftənin duası
AEy hər şeyin cilovunu əlində saxlayan və bütün qapıların açarı əlində olan Uca Rəbbim! Bizi masivadan azad elə və ən xeyirli qapıları bu möhtac bəndələrin üzünə aç. Bu günahkar bəndələrini yalnız Sənə ibadət edən qullardan elə. Rəhmət və inayətlə ehtiyaclarımızı qarşıla, Səndən başqa hər şeydən ümidimizi kəs. Kəs ki, axtardığımızı yalnız Sənin qapında axtaraq.
Sözün cövhəri
Əməllərin yazılmasının hikməti budur ki, qulun axirətdə Allahın hüzurunda heç bir bəhanəsi olmasın.
Yoxsa Haqq Təala qədər planında təsbit etdiyi şeylərin olacağını, olduğunu, şübhəsiz bilir. Qulun mükafat və ya cəzaya layiq olub-olmaması da ancaq bu şəkildə təsbit edilir. Bu baxımdan Allah “Allamül-Quyub (Hər şeyi bilən)” olmasına baxmayaraq, yenə də Kiramən katibinə bu işi gördürür. Çünki ortada şahidlik məsələsi var, yəni əməllər elə təsbit edilir ki, heç kimin etirazına səbəb olmasın.
- tarixində yaradılmışdır.