Qardaş qardaşa yoldaş gərək

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allah-Təalaya dua edərək Ümməti-Muhammədin kökdən yox edilməməsi, ümumi bir qıtlığa məruz qalmaması və ümmətinin əksərini həlak edəcək düşməndən qoruması üçün yalvarmış və Allah (c.c.) da Rəsulunun (s.ə.s.) bu duasını qəbul etmişdir. Buna görə də, bu ümmət nə toplu şəkildə həlak olacaq, nə də uzunmüddət müstəmləkə altında qalacaq. Ancaq Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmətin öz içində bir-biri ilə vuruşmaması, bir-biri ilə ixtilafa düşməməsi üçün etdiyi duanın qəbul edilmədiyini bildirmişdir. (Müslim, Fiten, 19/20)

Bu istəyin qəbul olmaması hikməti ilə bağlı bunu demək olar: Bu məsələ insanların öz iradələri ilə həll edəcəyi bir məsələdir. Çünki insan ağıl və şüura malik bir varlıqdır. Öz iradəsi olmadan, sürü kimi güdülmək, bir yerə toplanmaq, ağac kimi üst-üstə yığılmaq insanın şərəf və izzətinə ziddir. Bunun əvəzinə insan iradəsini işə salaraq birlikdə yaşaya bilmə və başqaları ilə birlik qurma yollarını araşdırmalıdır.

"Bəzilərinizi bəzilərinizlə sınağa çəkəcəyik"

Allah-Təala ilahi kəlamda müxtəlif ayələrlə dəfələrlə insanların bir-biri ilə sınağa çəkiləcəyini bəyan edərək Ümməti-Muhammədə bu böyük fitnə barəsində xəbərdarlıq edir ("Ənam" surəsi, 6/53). Bəli, Allah (c.c.) bizi bir çox şeylə sınağa çəkir. Bəzən xəstəliklərlə, bəzən müsibətlərlə, bəzən ibadətlərlə, bəzən də günahlarla, yəni günahlar qarşı bizə verdiyi zəflə sınayır. İnsan hansı sınaqda uğur qazansa, o sahədə imtahanı keçmiş sayılır.

Bu imtahanlardan biri də bizim bir-birimizlə sınağa çəkilməyimizdir. Allah (c.c.) insan növündə müxtəlif növlər yaratmışdır. Hər bir insan fərdi öz-özlüyündə ayrıca bir növdür. Hər kəsin məzac və xasiyyəti fərqlidir. Heç kim heç kimə bənzəmir. Allah insanları bu şəkildə fərqli-fərqli yaratmaqla əsmayi-ilahiyyə və sifəti-sübhaniyəsinin cilvələrini göstərir. Və eyni zamanda bununla bizi sınayır və sınaqda uğur qazananlara mükafat vəd edir. Yəni sənin xasiyyətin onun xasiyyətinə uyğun gəlmədiyi kimi, onun xasiyyəti də sənə uyğun gəlməyəcək. Sən ayrı bir məşrəbin övladı, o ayrı bir məzacın övladı, o biri də ayrı bir məzaqın övladı olacaq. Ancaq bu fərqlərə baxmayaraq, birlik qurmanın, birlikdə yaşaya bilmənin yollarını axtaracaqsınız.

Ustad həzrətləri ixlasdan bəhs etdiyi bir yerdə tələbələrindən birinə: "Filankəsin yazısı sənin yazından daha gözəldir," – deyib bir tələbəsinin fəzilətini dilə gətirir. Bax, bu da bir imtahandır. Söz dediyi tələbə buna məmnuniyyətini bildirir. Ustad həzrətləri görür ki, bu adam məmnuniyyətini ürəkdən ifadə edir. Hz. Pir ixlas üçün bunu çox vacib sayır. Bəlkə, hər insan buna ürəkdən məmnun olmaya bilər, belə bir qəlb paklığı hər kəsdən gözlənilməyə bilər. Ancaq hal və hərəkətlərimizə nəzarət etmək bizim əlimizdədir.

Digər tərəfdən heç vaxt unudulmamalıdır ki, bəzi xasiyyətləri pis olan insan "mütləq mənada pis insan" deyildir. Xüsusən də, namaz qılan, oruc tutan bir insana pis desəniz, siz öz pisliyinizi, öz əyri baxışınızı ortaya qoymuş olarsınız. Bəli, siz Allaha, Peyğəmbərə, həşrə iman edən bir insana pis desəniz, deməli, özünüz pis bir yola girmisiniz. Yoldaşınızdan bir pislik görə bilərsiniz. Aranızda söz-söhbət ola bilər. Ancaq bu zaman ona dərhal "pis" damğası vurmaq deyil, bir yol tapıb incikliyi aradan qaldırmaq lazımdır. Çünki şəxslər arasındakı inciklikdə birinci üzr istəyib "Məni bağışla qardaşım, haqqını halal et " deyən insan bu işin qəhrəmanı sayılır. Bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu məsələyə təmas edir və küsənlərin ən xeyirlisinin birinci salam verən olduğunu deyir (Buhari, Edəp 62). Bu mövzuda Quranın fərmanı isə bu şəkildədir: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, yaxın bir dost kimi görərsən!" ("Fussilət" surəsi, 41/34)

Qüdsi bəyanlara baxmayaraq

Bütün bu qüdsi nəsihət və xəbərdarlığa baxmayaraq, yenə də bu məsələdə yol verilən boşluqlar zaman-zaman məni ciddi mənada sarsıdır, dərindən kədərləndirir və iztiraba qərq edir. Çünki baxırsınız ki, söhbət məclislərinə davam edən, imani əsərləri müzakirə edən iki insan bir-biri ilə didişir, bir-biri ilə yola gedə bilmir. Deməli, onlar küfr və zəlalət düşüncəsinin inanan insanlar üstünə kin və nifrətlə yürüdüyünü görmür, görə bilmir. Düşmənçilik anlayışının qurduğu planların bütün bu xeyirxah fəaliyyətlərə mane olacağını dərk edə bilmirlər. Allah xatirinə, əgər bunlar kiçik məsələlərsə, bəs böyük məsələlər nədir? Şərəf və qürurumuzun nəzərə alınmasımı? Yoxsa biz Allah və Rəsulunun inkar edilməsini əhəmiyyətli görmürükmü ki, əleyhimizə deyilən bir sözə ilişib qalırıq. Bunumu daha vacib görürük?!

Elə isə gəlin nəyə, nə qədər dəyər verdiyimizə bir baxaq. Hansı kiçik hadisələri lazımsız yerə böyütməyimizə və əksinə hansı böyük məsələləri gözümüzdə kiçiltməyimizə insafla baxaq. Allah bizə ağıl verib. Üstəlik iman nəsib edib. Bu səbəblə, gəlin bu qədər müştərək cəhətlərimiz var ikən "niyə bu hala düşürük," deyə oturub bir düşünək. "Uhuvvet Risalesi"ndə deyildiyi kimi, Xaliqimiz bir, Malikimiz bir, Rəbbimiz bir, Peyğəmbərimiz bir, dinimiz bir, qibləmiz bir-bir.. bir-bir, minlərlə bir-bir.. vətənimiz bir, məfkurmiz bir, eyni yolun yolçusuyuq.. bir-bir, yüzə qədər bir-bir. Bu qədər "bir-bir"lər birliyə səbəb olmalı ikən milçək qanadı qədər əhəmiyyətsiz məsələlərə görə niyə və necə bir-birimizdən küsürük, deyə bir düşünməliyik? Bəli, məsələn, biri durub mənə "alçaq" deyib, söyür, təhqir edirsə, bu mənə həmin şəxsə eyni şəkildə cavab vermək hüququnu vermir. Çünki Həzrəti Ustadın dediyi kimi, zülmə zülmlə cavab vermək "zalım qayda"dır.

Xülasə

  • Bu ümmətin öz aralarında olan ixtilafı ancaq öz iradələri ilə həll edə bilərlər. Bundan artıq bir şey gözləmək xoş xəyaldır.
  • Allah insanları müxtəlif cür imtahana çəkir. Bu imtahanlardan biri də bir-birimizlə olan imtahandır.
  • Allah və Rəsulunu inkar edilməsinə əhəmiyyətli görmür əleyhimizə söylənən bir sözə ilişib qalırıqsa, nəyin daha mühüm olduğunu hələ fərqinə varmamışıq.

Boş söhbətlərdən uzaq olun

Söhbətlərimizdə deyilən hər söz, edilən hər söhbət ya Allaha gedən yolda sürətimizi artırmalı, ya insanlığa faydalı olmalı, ya da millətimizə, ölkəmizə, idealımıza xidmət etməlidir. Əks halda səlahiyyət və məsuliyyət dairəmizə aid olmayan, buna görə də müzakirə və söhbətlərin heç bir müsbət nəticə, bir fayda verməyəcəyi aktual məsələlər haqqında –üzr istəyirəm, amma deməliyəm– çənə döyürüksə, bu dedi-qodudan başqa bir şey deyil. Üstəlik bunu da nəzərə almalıyıq ki, belə faydasız və gərəksiz söhbətlərlə vacib işlərə də mənfi mənada böyük təsiri var. Fərqinə varmadan, belə mövzulara qapılıb görüləsi işlərdən də uzaqlaşa bilərik. Hətta vaxt keçdikcə düşüncəmizə istiqamət verən hislərimizi söndürər, sağlam mühakimə qabiliyyətindən məhrum ola bilərik.

Əgər özümüzü bir sorğu-suala çəksək, boş və faydasız mövzulara baş yorduğumuza görə əsas və həyati mövzulardan uzaqlaşdığımızı görəcəyik. Buna görə deyirik ki, kaş ki əsas mövzulara əyilsək, fikrimizi bunun üzərində cəmləsək. Daxili aləmimizdə problemlərimiz varsa, əsas onları çözməyə çalışsaq. Bizi potensial insanlıqdan həqiqi insanlıq üfüqünə aparan alternativ sistemlər inkişaf etdirib bunları tətbiq etməyə çalışsaq. Təəssüf ki, daha çox aktual mövzularla məşğul olur və kiçik məsələlərə ilişib qalırıq. Bu əsnada da çox əhəmiyyətli və həyati işlərimiz bir kənarda qalır.

Keçmişdə qəlb və ruh həyatının canlandırıldığı məclislərdə "söhbəti canan" deyib onun ətrafında müzakirələr edir, bu mövzuda dərinləşməyə çalışırdılar. Çünki bir məsələyə nə qədər fikrinizi cəmləsəniz, bir o qədər sizə qapılar açılar. Nə qədər çox Allahla irtibatda olmağa çalışsanız, o qədər Onun təvəccöhünə məzhər olarsınız. Bu sufilərdə ümumi və dəyişməz qaydadır. Bəli, təvəccöh, təvəccöh doğurur, nəzər nəzəri nəticə verir. Baxırsınızsa, sizə də günəbaxan çiçəyi kimi baxarlar. Bu səbəblə, təbiətinizin təzyiq altında olduğu anlarda belə gözünüz nigahi-aşina (aşina nəzərlər) ilə daim Ona baxmalıdır.

Cənabi-Haqq qüdsi bir hədisdə buyurur ki: "Qulum Mənə bir qarış yaxınlaşsa, Mən ona bir arşın yaxınlaşaram.. bir arşın yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram.. Mənə yeriyərək gəlsə, Mən ona qaçaraq gələrəm" (Buxari, Tövhid 50). Əslində bu ifadə edilənlər həqiqətdən çox məcazdır. Lakin Allah (c.c.) məsələləri şərtə – öz təvəccöhünü təvəccöhümüzə, öz nəzərini nəzərimizə bağlamış olur. Əgər siz gözünüzü zilləyib Onun qapısında daim vəfa göstərsəniz, Cənabi-Haqq bu vəfanı tək tərəfli, sizin əleyhinizə pozmaz. Çünki O, sonsuz mərhəmət, sonsuz elm, sonsuz qüdrət, sonsuz iradə sahibi Allahdır (c.c.).

Sözün cövhəri

Uşağın yetişməsi üçün ana-atanın yetişdirilməsi də çox mühümdür. Ata atalığını, ana da analığını bilməli, öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Ana işləyirsə, axşam evə qayıdanda uşağı ilə yaxından maraqlanmalı, ondan ana şəfqətini əsirgəməməlidir. Ana-ata şəfqətindən məhrum olan uşaqlar cəmiyyətdən təcrid olur, hətta tədricən cəmiyyətə düşmən belə olurlar.

Həftənin duası

Zat, sifət, isim və feilləri hər nöqsandan uzaq olan, kainatın mükəmməlliyi Sonsuz Mükəmməlliyi göstərən Rəbbimizə həmd-səna edir, Onun ulu dərgahında əl açıb yalvarırıq: Mərhəmətinə hüdudsuz olan uca Rəbbimiz! Dünya həyatı nöqsanlarla dolu olan biz qullarına etiqadda, əməldə, yemədə, içmədə, halda, sözdə və bütün davranışlarda dosdoğru olmağı nəsib et, bizi axirətdə də Cənnətlə, sürpriz nemətlərinlə sevindir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.