Mal Yığmaq Günahdır?

İslamın hazırkı vəziyyətini – reallıq çərçivəsində – qavramaq bu yola xidmət naminə mühüm bir addımdır. İnsanlara bir vəzifə tapşırmadan və onlardan bir xidmət gözləmədən əvvəl onları görüləcək işə yaxşıca inandırmaq çox mühümdür. Əgər insanlar yanğının necə təhlükəli olduğunu, necə qorxunc fəlakət olduğunu  dərk etsələr, əl-ələ, çiyin-çiyinə verib o yanğını söndürməyə can atarlar. Əksinə insanlar yanğını adi bir mənzərə kimi seyr edir və onun doğuracağı təhlükələri qavraya bilmirlərsə, onlara o qorxunc yanğına qarşı bir şey etdirmək mümkün deyil.

Əslində millətimiz üçün dinə xidmətdə ən böyük fəlakət uzun müddət İslamın təmsildə nöqsana görə bizim dünyamızda qürbət çəkməsi olmuşdur. (Bizim layiq olmamağımızdan.) Beləliklə də – tez-tez vurğulamağa ehtiyac olduğu kimi – bu millətin əslində ən böyük dərdi budur və bu olmalıdır. Bəli, çox təəssüf ki, insanımız qəlbi və ruhi həyatını böyük nisbətdə itirmişdir. Bu millətin iqtisadi həyatı əlli min dəfə nizama  salınsa da, diyərqəmlik (başqasını düşünmək, eqoist olmama, fədakarlıq) olmadığına görə, vətən, millət düşünülmədiyi üçün, şəxsi mənafelər hər şeydən üstün tutulduğuna görə – inananlar və bu vətəni sevənlər istisna – bu məmləkətdə istənilən nizam-intizamı qurmaq qətiyyən mümkün olmayacaq. O nizam-intizam ancaq hasbi və başqaları üçün yaşayan insanlar sayəsində mümkün olacaq... və inşallah bir gün elə də olacaq.

Qənaətimcə, mal-mülk yığmaq möminin fəlakəti sezməsinə mane deyil. Məncə, lazım olanda mal-mülk yığmaq fəlakəti dərindən sezib tədbir görməkdir. Bəli, mal-mülk yeri gələndə gözlənilən fəlakəti sovuşdurmaq üçün bir hazırlıq xarakteri daşıyır. Amma mal-mülk sırf insanın maddi, dünyəvi və zahiri zövqləri üçün yığılırsa, belə mal ona zərərli olduğu kimi, qurtuluşuna da heç vaxt təminat vermir. Və demək ki, bu insan bir mənada malla birlikdə gələn fəlakəti də sezə bilməmişdir. Ömrün hər səhifəsini Allaha həsr edən, Quranın bəyanı ilə “Allahın razı olduğu” səhabələrin (Bax.: “Beyyinə” surəsi, 98/8) var-dövlətlə münasibəti də olduqca həssas idi. Səhabeyi-Kiram Mədinəyə hicrətdən qısa müddət sonra Qureyzə və Bəni-Nadr bazarlarına hakim oldular. Halbuki o günə qədər ticarət başqalarının əlində idi. Möminlər bir-birinə səmimi münasibətin bir bəhrəsi olaraq onlara üstün gəlib ticarətə hakim olmuşdular. Mədinəli Müsəlmanlar ticarəti yaxşı bilmirdilər və daha çox əkinçiliklə məşğul olurdular. Məkkədən Peyğəmbərimizlə (s.ə.s.) hicrət edib Mədinəyə təşrif gətirən mühacirlər isə ticarətdə mahir olduqlarına görə az vaxtda ticarətdə üstünlüyü ələ keçirmişdilər. Hz. Osman, Abdürrəhman bin Avf və Hz. Talha kimi məhz ticarətlə var-dövlət sahibinə çevrilmişdilər. Zəngin olsalar da, mal-mülkü canla birlikdə hər an Allah yolunda fəda etməyə hazır idilər.

Səhabədən nümunələr

Buna bir örnək verib mövzunu izah edək. Bir gün Hz. Osmandan kömək istəyirlər, o da, heç tərəddüd etmədən beş yüz dəvəni yükü ilə birlikdə Allah yolunda verir. Həmçinin Abdürrəhman bin Avf bir dəfə ticarətdən karvanı ilə qayıdarkən Hz. Aişə anamızdan Peyğəmbərimizin (əleyhissələtu vəssələm) belə buyurduğunu eşidir: "Mən Abdürrəhman bin Avfı Cənnətə sürünə-sürünə girəndə gördüm." Bunun hikmətini öyrənmək istəyəndə də: "Çox sərvəti var," cavabını alır. Abdürrəhman b. Avf həmin gün karvanla Mədinəyə gətirdiyi sərvətin hamısını Rəsulullahın həmin sözü ilə Allah yoluna fəda etmişdi. Hz. Ömər də hər şeyini Məkkədə qoyub Mədinəyə köçmüşdü. Xeybər müharibəsindən bir ərazi payı alan Hz. Ömər, "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (“Ali İmran” surəsi, 3/92) ayəsi nazil olunca dərhal gəlib "Ya Rəsulullah! Ömər bin Xəttab o sevdiyi gözəl bağını infaq etmək istəyir" deyərək Allah üçün vermişdi. Əbu Talha da onun kimi malını infaq etmişdi.

Buna binaən, möminin Allah yolunda sərf etmək və tapınma dərəcəsində bağlanmamaq şərti ilə mal-mülk yığması da Allah yolunda olmaq deməkdir. Dəstəmazın namaza aparan yolda çox mühüm iş olması kimi, Allah yoluna xidmətin şərtlərindən və rüknlərindən sayılan sərvət tədarük etmək və mal-mülk yığmaq da Allah yolunda olmaq deməkdir. Bu məqsədlə mal-mülk qazanan insanın bazar-dükanda alış-verişi ona əvradu-əzkar və dua kimi nafilə savabı qazandırar. Əsas olan möminin niyyətidir. Məhz buna görə söz Sultanı (sallallahu əleyhi və səlləm) “möminin niyyəti əməlindən daha xeyirlidir” buyurmuşdur. Amma əgər onun niyyəti – yenə Peyğəmbərimizin bəyanları əsasında – malı-mülklə lovğalanmaq – Allah qorusun – axirəti, üqbanı unudub tamamən dünyaya bağlanmaq, insanları əzmək, onların hüququnu tapdalamaq və təşəxxüs satmaqdırsa, mal-mülk onun çiyinlərinə yüklənmiş ağır bir günahdır.

Bəli, bu niyyətlə mal-mülk yığma və bu istiqamətdə səy göstərmə pis əməldir. Bunu axirət inancımızla, Allahla olan irtibatımızla izah etmək mümkün deyil. Əks halda hazırda İslamın düşdüyü bu girdabda insanları xilas etməyə çalışarkən başqa girdablara düşmə ehtimalı var. Hazırda əsas məsələ bu girdabların müqabilində insanımızın bir az da qazanaraq – Allahın yardım və inayəti ilə – yeni-yeni müəssisələr qurması, bu müəssisələrin başına mərd insanları gətirməsi və bütün bu fəaliyyətləri sırf insanımıza və gələcək nəslimizə xidmət naminə etməsidir. Bu yolda mal-mülk yığmaq pis əməl deyil, əksinə ibadətdir. Heç kim bu işdən kənar qalmamalıdır, çünki mühüm olan niyyətdir.

Xülasə

  • İslamın hazırkı vəziyyətini – reallıq çərçivəsində – qavramaq bu yola xidmət naminə mühüm bir addımdır.
  • Millətimizin ən böyük fəlakəti İslamiyyətin bizim dünyamızda özünü qürbətdə hiss etməsi və insanımızın qəlbi və ruhi həyatını böyük nisbətdə itirməsidir.
  • Fəlakətləri sezib aradan qaldırmaq məqsədilə möminlərin dünyaya meyl etməsi pis iş deyil, əksinə təşviqə layiq bir davranışdır.

Hər Dövrün Münafiqi

Elə insanlar var ki, əlinə düşən hər fürsətdə dinini kamil şəkildə yaşamaq istəyən möminləri "Dinçi, İslamçı" kimi əsassız sözlərlə qaralayır, müsəlmanları təhqir edir; "İrtica, Mürtəcelik" deyib İslama hücum edir və din-dəyanət əleyhinə istədiyini danışır, amma yeri gələndə müəyyən məqsəd və məsləhətlərinə nail olmaq üçün dilucu imandan donquldanır və içlərindəki ilhad və inkar düşüncəsini, din və dəyanət düşmənçiliyini gizləməyə çalışırlar.

Bir baxırsan: "Mənim babam da “Yasin” oxumadan yatağa girməzdi", "Rəhmətlik nənəm də Qurana çox hörmət edərdi. Bir yerdə mövlud oxunursa mütləq  orada olardı. Hələ o, səs sənətkarlarını dinləməyi çox sevərdi" kimi sözlərlə özlərini tamamilə inanan insanlardan təcrid etməz və onlara yaxın olduqlarını göstərməyə çalışarlar. Halbuki, bu mövzularda zərrə qədər payları yoxdur, ola da bilməz. Çünki bəzi nifaq əhlinin dinə, dindara qarşı təhqiramiz sözlərinə bu ifadələrlə giriş verdiklərini və beləliklə, təzyiq və hücumların daha inandırıcı olması üçün bu sözlərdən məqsədi ilə istifadə etdiklərini görürük.

Cahiliyyə dövründə olduğu kimi, indiki dövrdə də Əbu Cəhil, Utbə, Şeybə, İbn Əbi Muayt kimi, bir mənada "mərd kafirlər" var. Ancaq indiki dövrdə həm də, yuxarıda qeyd edilən ayədə bəhs olunduğu kimi, bir orada, bir burada görünməyə çalışan "namərd şəxslər" də az deyil və bunlar hər an dinə, dindara hücum edir: "Dindarlıq təkcə sizə aid deyil, biz də müsəlmanıq, bizim evimizdə də dini ayinlər olurdu" kimi sözlərlə əksəriyyət etibarilə dindar olan geniş xalq kütləsinə açıq-aşkar qarşı çıxmır, xalqın etibar və inamını itirməməyə çalışırlar.

Əslində təzadlarla dolu ömürlərini hədər edən bu şəxslər bir orada, bir burada olma təlaşı içində çox vaxt etdiyi xətaların sarsıntısını keçirir, sezilmə həyəcanı ilə qorxuya qapılır və daim ləngər vururlar. Çünki onlar durduğu yerə yaraşmır, sadiq və etibarlı olduğunu xalqa inandıra bilmir. Bir tərəfdən digər tərəfə keçmək istəyəndə özlərini təkrar-təkrar ifadə etmə, təsdiq etmə zərurətini duyur, zillət içində dil tökür, bəhanələr uydurur. Beləliklə, bu insanların axirəti tamamilə puç olub getdiyi, gedəcəyi kimi, çox vaxt dünyada da çətinliklərdən qurtula bilmir, həssas insanların heç vaxt düşmək istəmədiyi çətin və ağır vəziyyətə düşürlər. Mövzunun daha aydın olması üçün münafiqin vəsfləri ilə bağlı məşhur bir hədisə nəzər yetirək. Səhih qaynaqlarda verilən bu hədisi-şərifdə İnsanlığın İftixarı (s.ə.s.) belə buyurur:

“Dörd xislət var ki, kimdə olsa, o, xalis münafiqdir. Kimdə də bunlardan biri olsa, onu tərgidənə qədər onda nifaqdan bir xislət var deməkdir. O dörd xislət bunlardır: Əmanətə xəyanət etmək. Yalan danışmaq. Sözdə durmamaq. Bir məsələyə tərəfdar olanda həddi aşıb, haqsızlıq edərək, düşmənçilik etmək." (Buxari, İman 24; Müslim, İman 106)

Sözün cövhəri

İslamiyyət insan hüquqları mövzusunda olduqca tarazlı, əngin və ümumbəşəri bir dindir. Hətta Qurani-Kərim haqsız yerə bir insanı öldürməyi “bütün insanlara qarşı törədilən cinayət” sayır (“Maidə” surəsi, 5/32). Bu anlayış heç bir din və heç bir müasir sistemdə olmadığı kimi, insan hüquqları ilə bağlı heç bir komissiya və qurumda da insana bu dərəcədə dəyər verilməmişdir. İnsan İslamdan başqa heç bir sistem və ya dində “Allahın xəlifəsi” adı ilə ucaldılmamış, “yer üzünün xəlifəsi” ünvanına layiq görülməmişdir.

Həftənin duası

Başımız əyik, boynumuz bükük, qəlbimiz məhzun halımızı ərz etmək üçün hər zaman döydüyümüz qapının toxmağına bir daha toxunuruq: Ya Rəbbim! Sən bizim həm vəlimiz, həm də yeganə vəkilimizsən. Sən nə gözəl vəkilsən! Bizi ən sağlam, ən düzgün yola hidayət et. Bizi məhrumiyyətə və xüsrana düçar olan binəsiblər kimi əliboş qaytarma. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, Onun ailə üzvlərinə və bütün səhabələrinə salət və salam edərək bunları Səndən diləyirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.