Səbir Qurtuluşun Sehirli Açarıdır
Sələfi-salihindən bəziləri səbir edilməli olan hallar başa gəlmədən, Allahdan səbir istəməyi, bəla istəmək kimi saymışlar. Müsibətlər başa gəlmədən Allahdan səbir istəməyi bəla istəmə şəklində anlamışlar. Onlara görə; səbir, ancaq müəyyən bəla və müsibətlər qarşısında özünə sığınılan bir qala, bir istehkam, bir sığınacaq, bir dayaq nöqtəsi və qoruyucu bir atmosferdir.
Lakin Qurani-Kərimin səbir, səbat və nüsrət istəməklə bağlı müxtəlif yerlərdəki ifadələri araşdırılarsa görülər ki, səbr və səbat yalnız döyüş meydanı ilə əlaqli bir xüsus deyil. Səbir yalnız bəlaya qarşı olsa, bəla gəlmədən səbir istəməyin bəla istəmə mənasına gəldiyi qəbul edilə bilər. Bununla belə dözmə, imtina etməmə, tələsik davranmama, dözülməsi çətin olan hadisələr qarşısında dişini sıxıb dözmə... kimi mənalara gələn səbir bir mənada dini həyatın yarısını təşkil edən çox əhəmiyyətli bir qəlb əməlidir; o yalnız bəlalara aid deyil, onun bir çox növü, dərinliyi, yönü vardır. Bədiüzzaman səbir növlərini üç kateqoriyada təsnif etmişdir; xüsusilə masiyətdən (günah) uzaq olmağı, müsibətlərə dözməyi və ibadət və itaətə davam etməyi nəzərə vermişdir. Bununla birlikdə, səbr edilən xüsuslar etibarilə səbir növlərini çoxaltmaq da mümkündür: Dünyanın cəzbedici (cazibədar) gözəllikləri və nəfsi təhrik edən nemətləri qarşısında istiqaməti itirməmək üçün səbir, müəyyən bir vaxta bağlı işlərdə zamanın verdiyi gərginliyə qarşı səbir, haqq dostlarının canü-könüldən Allahın camalını görməyi arzu etmələrinə baxmayaraq dinə xidmət etməyi öz nəfslərinin istəklərindən üstün tutaraq burada qalıb vəzifələrinə davam etmələri, hər anı “Rəfiqi-Əla” (Uca Dost) xülyaları ilə keçirdikləri halda Onun təqdirinə razı olaraq ölümü deyil, Onun rizasını tələb etmələri şəklindəki vüslətə qarşı səbir... bunlardan bəziləridir.
Bu baxımdan, xüsusilə küçələrin bir kanal halına gəlib gözlərdən könüllərə günah axıtdığı indiki vaxtda masiyətdən (günah) qaçma və ibadət və itaətə sarılma naminə səbir tələb edilməsi çox əhəmiyyətlidir. Hər mömin demək olar ki hər vaxt “Allahım! Qəlbimə ibadət və itaəti şirin və günahları da çirkin göstər; qulluğu mənə sevdir, günahlara qarşı içimdə diksinti hissi yarat. İbadətlərdə davamlı olma, pisliklərdən uzaq durma mövzusunda məni səbirli et!” mülahizələri ilə oturub-durmalıdır. Bu şəkildə dua etməyin bəla və müsibət istəməklə heç əlaqəsi yoxdur.
Səbir yağışına möhtacıq
Bizə gəlincə, o duanı ilk dəfə dilləndirən Talutun əsgərləri kimi deyilik; indiki halımız onların halına bənzəmir. Bədir əshabının, Uhud qəhrəmanlarının, Malazgird, Niğbolu və Çanaqqala igidlərinin mücahidələri kimi də deyil bizim mübarizələrimiz. Onlar maddi bir mübarizənin içində idilər və hər an ölümlə üz-üzə, şəhidlik ilə qarşı-qarşıya idilər. Doğrudur, biz elə çətinlərdən-çətin bir vəziyyətə düşmədik; - Cənabi-Allah heç salmasın - amma bununla belə bu gün də içində olduğumuz zamanın şərtlərinə görə bəzi çətinliklər yaşadığımız və səbrə çox möhtac olduğumuz bir gerçəkdir.
Bəli, bu günün dünyasında bir çox tiran var. Bəziləri açıq bir şəkildə Allaha, Peyğəmbərə, Qurana hücum edirlər. Dünyanın müxtəlif yerlərindəki Müsəlmanlara sırf dinlərinə və inanclarına görə zülm edirlər. İnsanlar arasına fitnələr salır, məzhəb qarşıdurmalarını qızışdırır, irqi ayrıseçkiliklər zəminində münaqişələr törədir və İslam dünyasında qardaş qanı tökülməsinə səbəb olurlar. Bütün bu baş verənləri görüb müvazinəti qoruya bilmə səbri-cəmildən (gözəl bir şəkildə səbir etmək) başqa nə ilə mümkün ola bilər ki? İstər fərdi, istər ailəvi, istərsə də ictimai olaraq din və dəyanətin tələblərini yerinə yetirmə haqqı verilmirsə, onu bütün rüknləri ilə yaşama fürsəti verilmirsə, inanan qadınların əyninə-başına ilişirlərsə, gənc qızlara dinin əmrini də yerinə yetirmək surəti ilə (şərti ilə) təhsillərini sərbəstcə başa vurma imkanı təmin edilmirsə.. əksinə insanlar dini dünya görüşlərinə və inanclarına görə, diskriminasiyalara, təhqirlərə və zülmə məruz qalırlarsa.. bütün bunlara da, ancaq səbri-cəmil ilə dözmək mümkündür.
Bu səbəbdən, biz də “Rabbənə əfriğ aleynə sabrən və səbbit əqdəmənə vənsurnə alel-qavmil-kəfirin”(“Ey Rəbbimiz, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”) (Bəqərə Surəsi/250 ) desək yeridir.. Müsəlmanların bu gün məruz qaldığı zülm və zillətlər qarşısında, “Rəbbimiz, bizim başımızdan aşağı da dolu kimi səbir yağdır; könüllərimizi səbirlə, cəsarət və mətanətlə doldur. Bizi elə səbir qəhrəmanları et ki, hər zaman səbir eşidək, səbir düşünək, səbir görək və səbirlə coşaq... Hamımızı din və dəyanət yolunda sabitqədəm et, bizə günahlara qarşı dözmə gücü, müsibətlərə təhəmmül etmə qüvvəti ver.. qəlblərindəki inanc hissini korlaşdırmış, kainatdakı ən aşkar gerçək olan Üluhiyyət həqiqətini görə bilməyən korlara, məzhər olduğu nemətləri görməzlikdən gələn nankorlara qarşı bizi müzəffər et”, deyə davamlı inləsək yenə də azdır.
Qısacası, səbir qurtulmağın sirli-sehrli açarıdır; səbr edən insan mütləq axtardığını tapar.. ibadət və itaətdə səbr edən nəhayət rahatlıq tapar.. günahlar qarşısında dişini sıxıb günahlardan uzaq qalan və müsibətləri Allahın təqdiri bilib onlara gözəlcə dözərək ən sonda cənnətə girər. Rəqiblərinin müxtəlif təxribatlarına baxmayaraq yolunu itirməyən, tutduğu məqama layiq olmağa çalışan və həmişə mömin əxalaqının tələb etdiyi şəkildə davranan da gec-tez zəfər çalar.
- tarixində yaradılmışdır.