Düşməncə rəftara qarşı üslubumuz
Möminin hal və hərəkətləri çox əhəmiyyətlidir. Çünki o, Hz. Məhəmmədin (s.ə.s.) rəhleyi-tədrisində dərs almış insandır. Möminin ədəb, nəzakət və nəzahətin (paklıq) xaricinə çıxması mümkün deyil. Çünki onun hadisələr və şəxslər qarşısında sərgilədiyi hər davranış birbaşa İslama şamil edilir. Elə isə mömin İslami ədəblə formalaşmış əxlaqını ən imansız adamlar və ən amansız hadisələr qarşısında belə dəyişdirmədən, müsəlmana yaraşan şəkildə ifadə etmək məcburiyyətindədir. Allah Rəsulunun (s.ə.s.) həyatına baxanda hətta Əbu Cəhlə qarşı rəftarını dəyişdirmədiyini görürük. Beləliklə də, əgər bir şeyə hirslənmişiksə, o hirsin istiqamətində atdığımız addım, dediyimiz sözlər yenə də İslami üslubda olmalıdır. Bəli, Qurani-Kərim bəzi ayələrdə kafirlərə qarşı sərt bir üslubdan istifadə etmişdir. Amma onun o sərt üslubu şəxslərdən çox bir qism sapqın fikirlərə və düşüncələrə qarşıdır. Bəli, əslində O heç kəsi birbaşa qarşısına alıb tənbeh etməmişdir. Onun azarladığı kafir və dinsizlərdən çox, onların təmsil etdikləri və qiyamətə qədər də varlığını davam etdirəcək kafir düşüncələr və dinsiz anlayışlardır. Qurandan bu dərsi alan müsəlmanların bundan fərqli davranış nümayiş etdirməsi qeyri-mümkündür.
Bəli, biz bu həqiqətə şəxslər nöqteyi-nəzərindən yanaşdığımız kimi, dövlətlər aspektindən də yanaşa bilərik. Məsələn, "Amerika, İngiltərə, Almaniya" adı çəkiləndə zaman-zaman üslubca sərtləşirik. Ancaq bunu heç vaxt unutmamalıyıq ki, gələcəkdə amerikalılara, ingilislərə, almanlara haqq və həqiqəti anlatmağı, onları İlahi bəyanı çatdırmaqla əbədi bir əzabdan qurtarmağı düşünürüksə, elə bu gündən sərtliyi bir yana buraxıb, onlarla münasibətdə düzgün üslub müəyyən etmək məcburiyyətindəyik. Elə isə hər məsələdə olduğu kimi, bu məsələdə də Quran və sünnənin ruhundan süzülmüş ölçü və meyarlara müraciət etməliyik.
İstəyirsiniz Qurandan bir örnəklə mövzuya daha da aydınlıq gətirək. Allah (c.c.) Hz. Musaya (ə.s.) Firon barədə: "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (“Taha” surəsi, 20/44) deyir. Yəni sənə və qövmünə illərlə qan udduran Firon da olsa, ona yumşaq söz və şirin dillə yanaş. Burada əsas məsələ, Quranın düşüncəni, Allah xofunu "qövlü-leyyin"ə bağlamasıdır. Əksini düşünsək, "sərtlik göstərsəniz nə düşünər, nə də xəşyət duyar" mənası çıxır. O halda müxatəb kim olur olsun, ona bir şey izah edə bilmək üçün mülayimlik və müsamihə əvəzolunmaz şərtdir. Demək ki, müsəlman daim “tövrü-leyyin”, “hali-leyyin”, “qəlbi-leyyin”, “vicdani-leyyin”, “qövlü-leyyin” olmaq məcburiyyətindədir ki, həqiqi irşad insanı ola bilsin. Əks halda, yəni yumşalmamış, əriməmiş, Məhəmmədi ruh qəlibinə tökülməmiş bir insanın hər hal və hərəkəti süni və qeyri-təbidir. Belələri müəyyən bir müddət təbəssüm etsələr də, quyruğuna basanda dərhal diş göstərər və əsl mahiyyətini ortaya qoyarlar. Onsuz da bir işıldaböcək gözüaçıq insanları nə qədər aldada bilər? Bu ölçülər içində Hz. Məsihin axırzamanda yer üzünə enməsi və ümməti-Məhəmməddən birinə tabe olma məsələsini Onun Məhəmmədi ruhdakı mövcud ədaləti öz mərhəmət və şəfqəti ilə ayrı bir yönə çəkməsi şəklində anlamaq da olar. Yəni Məhəmmədilikdəki yumşaqlığı, etidalı bəlkə də, bəziləri tərəfindən nöqsan kimi qəbul ediləcək səviyyədə irəli apararaq "döyənə əlsiz, söyənə dilsiz və qəlb qıranlara da könülsüz olmaq" şəklində anlaya bilərik. Bu mövzuda əsrin çiləkeşi Hz. Bədiüzzaman necə də gözəl nümunədir. O hər zaman ona ən rəhmsiz işgəncələri rəva görən əhli-dünyaya belə bir fürsət tapıb imani həqiqətləri anlatmağa çalışmış və qətiyyən onlardan inciməmişdir. Elə Əshabi-Uhdud da elə deyildimi? Onlara xəndək qazan ruhlarının ilhamlarını boşaltmaq üçün çırpınmırdılarmı? Bəli, bağırıb-çağırmaqla, şiddət və hiddətlə heç kimə heç nə izah etmək və üstəlik qəbul etdirmək mümkün deyil. Bəlkə, müəyyən bir dövrdə şiddət bir metod və bir yol idi, amma zaman onu nəsx etdi (hökmü dəyişdirdi). Artıq "mədənilərə qələbə razılıqladır" düsturunun hökmü keçərlidir. Dövrümüzün məhəbbət ərləri çərçivəsini müəyyən etməyə çalışdığımız səviyyəyə gəlməli və özünü bu mövzuya alışdrılmalıdır. Bəli, yuxarıda da ifadə etdiyimiz kimi, Hz. Məsih axırzamanda axirətin ən uzaq küncündə də olsa, o böyük missiyasını yerinə yetirmək üçün mütləq gələcək. Gələcək, amma içinizdə şəxsi-mənəvinin meydana gətirdiyi məna və ruha gələcək. Bəli o, bu mənaya və bu ruha qəlib olmaq üçün enəcək. Əgər o ruh yoxsa, bədən olaraq gəlməsinin bir mənası da olmaz, zənnimcə. Elə isə gələcəyi düşünənlər oturub Onu gözləmək əvəzinə özlərini ona əsgər olaraq yetişdirməyə çalışsınlar. Ki o gələndə hazır əsgərinin başına keçə bilsin, təzədən əsgər yetişdirmə zəhmətini çəkməsin. Elə o vəd olunan işi də ancaq onda görə bilər. Başqa sözlə, o Şamda ağ minarədən endiyi gün ağ atına minsin, gəlib Sultan Əhmədin həyətinə girsin, hər qılınc çalanda bir neçə bütxanəni yerlə-yeksan etsin; sonra da Sultan Əhmədin minarələrinin arasındakı ipə mahiyyə kimi gətirib qılıncını assın... İnsanlar da qiyamətə qədər bu möhtəşəm zəfər simvolu mahiyyəni seyr etsin..! Hər şey belə möcüzəvi şəkildə baş versə də, yenə də hər kəs özünü bu istiqamətdə yetişdirməlidir. Nə olur-olsun, axır zamandakı diriliş “hali-leyyin”, “tövrü-leyyin”, “qəlbi-leyyin” və “qövlü-leyyin” xüsusiyyətlərinə malik olan Haqq ərləri tərəfindən gerçəkləşdiriləcək.
- tarixində yaradılmışdır.