İnayətə səsləniş

Sual: Yazılarda “mömin peyğəmbəranə səy göstərib cəhd etməklə yanaşı, bu cəhd və səyi böyük nəticənin əldə olunmasında nisbi səy, nisbi çırpınış və inayətə səsləniş kimi qiymətləndirməlidir” deyilir. Nisbi səy, nisbi çırpınış və inayətə səsləniş sözləri ilə nə nəzərdə tutulur, izah edə bilərsinizmi?

Cavab: İnsan niyyəti, cəhd və səyi, plan və layihələri ilə yüksək bir məfkurəyə könül verməli, yüksək xəyallar qurmalı və bu yolda hər şeyini fəda etməyə hazır olmalıdır. Belə bir müqəddəs amal uğrunda ortaya qoyulan performansa “peyğəmbəranə cəhd” də deyə bilərsiniz. Çünki könüllərdə əbədi izlər qoymaq həqiqi mürşid olan böyük peyğəmbərlərin ali vəsflərinə yiyələnməklə mümkündür. İsmət, əmanətə riayət, sədaqət, fətanət, təbliğ kimi vəsflər o insanlıq səmasının ulduzlarının qəlbi və ruhi həyatında müxtəlif ölçü və dərinliyi təşkil edir. Bu ali vəsflər bütövlükdə onların mənəvi mahiyyətini meydana gətirir. Allah (cəllə cəlaluhu) bütün bu vəsflərlə onları ətəmmiyyətə (natamam olmama) və əkməliyyətə (mükəmməllik) ucaltmışdır. Çünki ətəmm (tam, hər şeyi yerli-yerində olan) və əkməl (ən kamil, ən mükəmməl) olan bir din yer üzündə qüsurlu insanlarla təsis edilə bilməz. Madam Allah (cəllə cəlaluhu) "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (“Maidə” surəsi, 5/3) fərmanı ilə bizə çatdırdığı bu dini, belə demək mümkünsə, rəsullarının əli ilə təsis etmişdir, elə isə peyğəmbər yolunun yolçuları da iman, İslamiyyət, ixlas, eşqü-şövqdə bu ətəmmiyət və əkməliyyəti əldə etməyə çalışmalıdırlar.

"Ənaniyyət üçün hərəkət edirəmsə…"

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ruhunun üfüqünə qanad açmadan (dünyasını dəyişmədən) əvvəlki gecə Hz. Əbu Bəkiri imam təyin edir. Hz. Əbu Bəkrin belə bir vəzifəyə təyin olunması böyük bir üstünlük olduğu kimi, xalqın onun imamlığını qəbul etməsi də ayrı üstünlükdür. Bəli, səhabeyi-kiram əngin anlayışı ilə bu qərarı qəbul etmiş və o zata tabe olmuşdur. Peyğəmbərimiz (əleyhissalatu vəssalam) mübarək sütrəsini (pərdə) çəkib camaatın o mübarək zatın arxasında hüzur içində übudiyyətini yerinə yetirdiyini görmüş, vəzifəsini yerinə yetirmə sevinci ilə təbəssüm etmiş və pərdəni endirmişdi. O pərdə eyni zamanda dünyanın üzünə də endi, ancaq Kainatın İftixarı ruhunun üfüqünə qanad açanda sevincli idi. Çünki iman məfkurəsini davam etdirəcək o seçilmiş topluluq birlik və bərabərlik ruhu ilə Allahın hüzurunda əmrə müntəzir dayanmışdı. İki Cahan Sərvərinin həyatının qayəsi də məhz bu idi. Buna görə də mübarək sütrəsini hüzurla endirirdi. Rəsuli-Əkrəmin bu ülvi yanaşmasını, bu duyğu-düşüncəsini dini cin tayfasına təbliğ edəndən sonra da müşahidə edirik. Bir rəvayətdə Abdullah b. Məsud Həzrətləri Allah Rəsulunun bu görüşdən sonra "Mənə vəd olundu ki, ins və cin iman edəcək. İnsanların inandı, indi də cinlər iman gətirdi. Beləcə verilən vəd həyata keçdi, dolayısilə vəzifəm tamamlandı,” deyib ölüm vaxtının yaxınlaşmasına işarə etdiyini nəql edir. Bəli, İki Cahan Sərvəri dünyada sırf vəzifəsi üçün yaşadı. Vəzifəsi sona çatan kimi də bu tən məngənəsindən qurtulub Həqiqi Dosta qovuşmağı arzusunda idi.

Əslində, bu, Qurana könül verən və bəşəriyyət miqyasında "basu-badəl-mövt"ü həyata keçirməyə çalışan hər insanın məfkurəsi olmalıdır. Bəli, hər bir dirçəliş qəhrəmanı ömrünü bu ali məfkurəyə həsr etməlidir. Hətta lazım gəlsə, "Allahım, bu günə qədər vifaq və ittifaqa vəsilə etdiyin və haqq yolunda xidməti nəsib etdiyin bu bəndən əgər bu gündən sonra ənaniyyəti üçün hərəkət edəcək, mənəm-mənəmlik hissini işə qarışdırıb ixtilaf və iftiraqa səbəb olacaqsa, nə olar, onu nəzdi-üluhiyyətinə aoar. Apar ki, başı aşağı yuvarlanıb getməkdən və məhvu pərişan olmaqdan qurtulsun!" deməyi bacarmalıdır. Bu məsələdə insan mərd olmalı, hər gecə "Əgər dinim üçün bir şey ifadə edirəmsə, həyatın bir mənası var. Əksinə yaşamağımın da mənası yoxdur" düşüncəsi ilə başını yastığa qoymalıdır.

İnsan bu düşüncələrlə peyğəmbəranə əzm və cəhd göstərməli, alihimmət olmalı və onlara xas vəsflərə yiyələnməyə çalışmalıdır. "Allahım, Sən istedadları daha da inkişaf etdirə bilərsən. Sənin “qədərin”lə birikdə “qəzan”, “qəza” ilə yanaşı “əta”n var. Qəzanı ətanla dəyişdirə bilərsən. Bizə hədsiz istedad bəxş et! İstedadımızı inkişaf etdir! Bizi hər şeyi daha doğru anlamağı, daha doğru dəyərləndirməyi nəsib et!"

Şübhəsiz, peyğəmbərlik payəsi verilməyən heç bir insan peyğəmbərlərin üfüqünə çata bilməz. Çünki onlar insanlığı irşad etmək üçün xüsusi mahiyyətdə göndərilmişdir. Hətta İmam Əzəm Əbu Hənifə, İmam Malik, İmam Şafi, Əhməd ibni Hənbəl, Övzai, Sevri kimi insanların üfüqünə çatmaq belə olduqca çətindir. Xüsusilə dörd məzhəbin imamı qütblərdən də uca üfüqə malikdir. Çünki onlar ərsəyə gətirdikləri əsərlər və yetişdirdikləri tələbələr vasitəsilə həyati əhəmiyyətli əhya hərəkatını həyata keçirməklə yanaşı, o əhya duyğu-düşüncəsinin istiqamət üzrə qalması məsələsində də mühüm işlər görmüşlər.

Təki özümüzü “sıfırlaya” bilək!

Bəli, peyğəmbər məqamının kölgəsi belə bizim üçün əlçatmaz üfüqdür. Buna baxmayaraq insan Cənabi-Allahla münasibətdə və dininə xidmətdə alihimmət olub yüksək qayələr dalınca düşməlidir. Həm bu ali vəsfləri Allahdan diləməli, həm də məsələyə pak, səmimi, vəfalı hislərlə yiyə durmalıdır.

Başda peyğəmbərlər və onların ardınca gedən abidə şəxsiyyətlərdən sonra gələn insanlar bu yolda ortaya qoyduqları cəhd və səyi “nisbi cəhd”, “nisbi səy”, “nisbi çırpınış” yaxud da “inayətə səsləniş” adlandırmaq olar. Bir örnəklə izah edək, bizim səylərimiz üzmə bilməyə-bilməyə özünü dənizə atan və üzmək üçün çırpınan insanın cəhdlərinə bənzəyir. Necə ki, dənizdə çırpınan bu insanı görənlər "Üzə bilmir, onu xilas edək" deyirlər. Eynən bunun kimi, böyüklərin yolunda getmək istəyən "Allahım, bu yolda addımlamaq həddim deyil, amma mən özümü bu işə həsr etdim. Peyğəmbərlərə, övliyalara baxıram, bu dəryada üzürlər. Hər nə qədər üzə bilməsəm də, arzu və niyyətim o yolda getməkdir" deyib özünü o dəryaya atması Allahın inayətini səsləməkdir. Allah (cəllə cəlaluhu) bu qulunu boğulmağa qoymaz, əlindən tutub xilas edər. Ona yeni-yeni üfüqlər açar. Zərrəni günəş, damlanı dərya, heçdən hər şey edər onun üçün. Təki biz bu anlayışla özümüzü “sıfırlaya” bilək. Yetər ki biz “varam”, mənəm-mənəmlik iddiasından qurtula bilək. Bildiyiniz kimi sıfırın heç bir dəyəri yoxdur, ancaq yanına bir rəqəm qoysan, dəyəri birdən-birə on qat artar.

İnsan bir tərəfdən cəhd göstərməli, çırpınmalı, digər tərəfdən də həddini bilməli, cızığından çıxmamalı, təmkinli və ayıq-sayıq olmalıdır. Özünün zahiri gözəlliklərinə sahib çıxmamalı, hətta məzhər (nemətlərin zahir olduğu yer) belə olmadığını, olsa-olsa bir məmərr (nemətin dəyib keçdiyi yer) olduğunu heç vaxt unutmamalıdır. Çünki bizdəki gözəlliklər bizi fərqləndirən, zatımıza xas mütləq fərqlər deyil. Suda parlayan günəş kimi, bu gözəlliklər də bizdə bəzən görünür, bəzən itir. Elə isə bütün gözəlliklər o Gözəllər Gözəlinə məxsusdur. Bəli, bu gözəlliklər bizə aid deyil, mənbəyi biz deyilik. Özünə bu gözlə baxan insanın işinə bərəkət gələr. "Əgər şükür etsəniz, nemətimi artıraram" (“İbrahim” surəsi, 14/7) ayəsinin qəhrəmanına çevrilər və Allah (cəllə cəlaluhu) nemətlərini artırdıqca artırar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.