Təmkin
Sual: Təmkin təsəvvüfdə zirvə hesab olunur. Təmkinin ictimai həyatımızla bağlı hansı xüsusiyyətləri var? İzah edə bilərsinizmi?
Cavab: "Təmkin" kəlməsi Qurani-Kərimin müxtəlif ayələrində, felin müxtəlif formalarında öz əksini tapır. Məsələn, "Kəhf" sureyi-cəliləsində şərqə və qərbə səyahət edən, Çin səddinə və ya Yəcuc-Məcuc yurduna gedib çatan Zülqərneyn haqqında belə buyurulur:
إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَاٰتَيْنَاهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا
"Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik (Ona müknə verdik) və hər şey lütf etdik (hər şeyin yolunu ona öyrətdik)" ("Kəhf" surəsi, 18/84). Ayədə keçən "müknə verdik" (orijinalda "məkkənnə") ifadəsini iki cür başa düşmək olar; Zülqərneynə ayağını yerə möhkəm basmağa və sözünü keçirməyə imkan verən güc və hakimiyyət lütf edilməsi və həmçinin dövlətlər arasında müvazinət amili olma imtiyazının verilməsi kimi. Beləliklə, şərqə səyahət edərkən şərq sakinləri, qərbə səyahət edərkən qərb insanları və Yəcuc-Məcuc bölgəsinə səyahət edərkən onlardan bizar olmuş insanlar kömək üçün ona müraciət etdilər. Bir vaxtlar müvazinət amili olan Dövləti-Aliyəyə (Osmanlı dövləti) müraciət edildiyi kimi... Məsələn, bir gün Fransua gəlib: "Hünkarım, Piri-Muğanım, Şəmi-Tabanım... və. s kimi ifadələrlə ona sığınır və ondan himayə istəyirdi. Ayeyi-kərimədə "müknə" kəlməsi ilə ifadə edilən dövlətlər arasında müvazinət amili imtiyazı o dövrdə Zülqərneynə verilmişdi.
Əslində mövzunu daha yaxşı başa düşmək üçün sureyi-cəlilədə gözümüzün önünə sərilən müxtəlif mənzərələri bir bütöv kimi götürmək lazımdır. Məhz bu aspektdən baxanda həmin təsvirlərin hər birində bir mənada seyrü-süluqi-maddə ilə son nöqtəyə -hədəfə çatmaq üçün müxtəlif pillələr var. Bu mənzərələrdə əvvəlcə mağara dövründən bəhs edilir, ardınca bağ-bağça sahiblərinin vəziyyətindən söz açılaraq dünya ilə imtahana çəkilməyə toxunulur, sonra isə başqa bir dövrdən - Xıdırla dostluq dövründən danışılır. Axırda da mövzu yekunlaşdırılmadan dəccallığa və Yəcuc-Məcuca qarşı siyanət və sipər olan ayələrdən bəhs olunur. Peyğəmbərimiz (əleyhissalatu vəssalam) də dəccalın şərindən qorunmaq üçün məhz bu surənin ilk və ya son on ayəsini cümə günü oxumağı tövsiyə etmişdir. Dolayısilə "müknə" məsələsi bu güzərgahdan keçəndən, bu mərhələni aşandan sonra Cənabi-Haqqın lütf etdiyi bir nemətdir. Yəni bir nəmliyin şeh olması, ardınca müsbət və mənfi yüklü buludların birləşərək yağışa çevrilib təkrar torpağın bağrına yağması kimi, bir cəmiyyətin də maddi-mənəvi cəhətdən doyaraq o "şeh nöqtəsinə (doymuş buxar)" çatması müknə üçün çox vacibdir. Bütün bunlar təmkində ehtiva olunan xüsuslardır.
Daxili təmkin - xarici təmkin
"Həcc" sureyi-cəliləsində keçən bir ayədə əshabi-kirama mallarını, ismət, namus, şərəfini qorumaq üçün maddi mücahidəyə izin verilir. Bəli, kin və nifrətlə oturub-duran din düşmənlərinin zülm və təzyiqlərinə qarşı mübarizə aparmaq və artıq bundan sonra belə bir şeyə imkan verilməyəcəyini göstərmək üçün belə buyurulur:
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللّٰهَ عَلٰى نَصْرِهِمْ لَقَدِيرٌ
"Zülmə məruz qalan möminlərə (düşmənlərlə) vuruşmaq üçün izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!" ("Həcc" surəsi, 22/39) Ardınca da Allah Təala:
اَلَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ
"O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək..." ("Həcc" surəsi, 22/41) buyuraraq onlara yer üzündə müknə verdiyini bəyan edir. Yəni onlara dövlətlərarası müvazinətdə bir müvazinət məqamını verəcəyini və təmkin lütf edəcəyini bəyan edir. Səhabələr o güzərgahdan keçəcək, Məkkə çiləsini çəkəcək, Mədinəyə gəlib şəhər dövlətini quracaq və beləcə "Müvazinətdə biz də varıq, bizim sözümüz də var!" deyəcəklər. Cənabi-Haqq bu yolda onlara imkan verəcəyini, təmkin lütf edəcəyini bəyan edir. Bu misal verdiyimiz xüsuslar sufilərin "təmkin"indən fərqlidir və sualda da ifadə edildiyi kimi, təmkinin daha çox ictimai və haqqa xidmət cəhətləri ilə bağlıdır.
Lakin bir məqam gözdən qaçmamalıdır: belə ki, sufilərin ortaya qoyduğu və təsəvvüfdə zirvə qəbul edilən "təmkin" anlayışı yuxarıda sözügedən "təmkin" anlayışından tamamilə təcrid olunmamışdır. Lakin yenə də hər iki təmkin anlayışı arasında müəyyən fərqlər var. Çünki sufilərə görə, ən böyük dünya insanın daxili aləmidir, ənfusi (nəfsə, daxili aləmə aid) dünyasıdır. Bəli, onların qənaətinə görə, xarici dünya nə qədər zahirən böyük görünsə də, insan dünyasında avalim (aləmlər, cahanlar) pünhan (gizli) və cahanlar da mətvidir (bükülmüş). Bu baxımdan da digər "təmkin"lər insanın ənfusi dünyasına xas təmkinlə müqayisədə kiçik sayılır. Bəli, Zülqərneynlik, Davudluq, Süleymanlıq ona nisbətən kiçikdir. "Süleyman var Süleymandan içəru..." deyən Yunus Əmrə də, güman ki, buna işarə etmişdir.
Naz deyil, niyaz
İndi də gəlin bunların bir-biri ilə əlaqəsinə görə, qəlbi və ruhi həyat baxımından təmkin anlayışına nəzər yetirək. Sufilər Allahla münasibət nöqteyi-nəzərindən bir təmkin görüşünü təkmilləşdirmişlər. Belə ki, salik (yol gedən, yolçu) müxtəlif pillələrdən keçərək seyrü-süluk mərtəbələrini tamamlaya bilər. Bəli o, qəlbən və ruhən Allaha yüksələrkən fənafillah, bəqabillah və maallah olmaq üçün İslamın ali əxlaqına aid müxtəlif prinsiplərə baş vura bilər. Bu prinsiplər merac və urucda (yüksəlişdə) pillə rolunu oynayır. "Uruc" təbiri qövsi-uruc və qövsi-nüzul şəklində işlənərkən fərqli mənalara gəlsə də, sufilər ondan insanın Allaha yüksəlişi mənasında istifadə etmişlər. Hətta urucunu tamamlayan bir insanın təkrar insanların yanına qayıtmasını da "suud" təbiri ilə ifadə etmişlər. Bəli, siz seyrü-süluki-ruhanidə pillə-pillə irəliləmək üçün yüz cür prinsip ortaya qoya bilərsiniz. Ancaq bəlkə də, Muhyiddin ibn Ərəbi, İsmayıl Haqqı Bursəvi kimi bu sahədə böyük nüfuzu olan və həmçinin qəlbi və ruhi həyatı təmsil edən şəxslərə görə isə min cür yol var. Siz bütün bu pillələri qət edərək Allahın izni və inayəti ilə müəyyən səviyyəyə çata bilərsiniz. Fənafillah, bəqabillah, maallaha çatıb şühud və vəhdət anlayışına yiyələnə bilərsiniz. İçinizdə Mütləq Qeybə, Həqiqətlərin Həqiqətinə varma mülahizəsi oyana bilər. Məhz bu məqamda insanları təcsim və hayyizə salmamaq üçün təmkinin tələbi olaraq xatırladıram ki, zövq və hal şəklində yaşanan bütün bu hallar insanın ihsas və ixtisasında (maddi-mənəvi hislər) bəsirətinin açılması ilə artıq bu məsələni bu cür görməsi və bu cür hiss etməsi ilə bağlıdır. Başqa sözlə, salikin keçirdiyi bu hal bir istiğraq, bir qalaq və bir heymanın nəticəsidir.
Məhz belə bir məqama çatmaq naz düşüncəsini oyada bilər. Yəni zirvələrə çatan bir insan fərqinə varmadan tovuz quşunun təşəxxüs satması və ya hind quşunun sinəsini qabardaraq gəzməsi kimi özünü böyük görə bilər. Salik təəqqül dünyasında (düşüncəsində, ağlında), hətta təsəvvür və təxəyyül aləmində naza səbəb olan xüsuslardan uzaq olmalıdır. Bəli, qulun - hansı məqamda olur-olsun, - Allah qarşısında qul olduğunu dərk etməsi, Allahın Məbudi-Mütləq, Məhbubi-Mütləq və Məqsudi-bil-İstihqaq olduğu mülahizəsi ilə oturub-durması çox vacibdir və bu, onun təmkinini göstərir. Yəni insan zirvələrə yüksəlsə də, daim qulluq şüurunda olmalı, bəziləri kimi hislərini Zat-Uluhiyyətə yaraşmayan şəkildə ifadə etməməli, dilə gətirib həzəyanlara düşməməlidir.
Bu sözügedən xüsuslar təmkin baxımından çox əhəmiyyətli olduğu kimi, İmam Sührəverdi, Muhyiddin İbn Ərəbi, Molla Cami (rahmətullahi əleyhim) kimi böyük şəxsiyyətlərin zahirən dinin təməl prinsiplərinə zidd görünən bəzi ifadələrini uyğun, məntiqi bir yanaşma taparaq şərh etmək də təmkinin mühüm cəhətlərindən birini təşkil edir. Çünki bu cür yanaşma tərzi insanı sui-zəndən qoruyur. O böyük şəxsiyyətlər hiss, hal və zövqə məğlubiyyətin nəticəsində bunları dilə gətirmişlər. Biz isə nə hissə, nə hala, nə də zövqə məğlub (bu məqamlara yüksəlmiş) insanlarıq. Biz nəinki hiss və zövqə məğlub olmuşuq, heç nəfsimizə də qalib gələ bilməmişik. Bu baxımdan da onlar haqqında təmkinli olmalı və sui-zənn etməməyə diqqət yetirməliyik.
Elə isə insan hansı dərəcəyə çatır-çatsın, hansı zirvədə olur-olsun, həmişə ayağını yerə möhkəm basmalı və həmişə qulluq şüurunda olmalıdır. Cənabi-Haqq ən mühüm ibadətimiz olan namazın sonunda, yəni ibadətimizin meracı və Allaha varma məqamı olan ətəhiyyatda Kainatın Fəxri Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) bu ifadələrlə bizə tanıdır:
وَاَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
"Şəhadət edirəm ki, Hz. Məhəmməd Allahın qulu və Onun Rəsuludur". Bəzi alimlərin dediyi kimi bunun meracda gerçəkləşdiyini düşünsək, Cənabi-Haqq məhz belə bir yerdə qulluğu nəzərə çatdırmışdır. Yəni Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhi salavatullahi və səlamuh) zirvələrin zirvəsinə yüksəldiyi anda belə Ona qulluğu xatırladır. Başlanğıcda da:
سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
"Qulunu (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!" ("İsra" surəsi, 17/1) buyururaraq Peyğəmbərimizin əbd (qul) olması vurğulanır.
Dolayısilə, təmkin, hər an qulluğun, qulaqdakı sırğanın, boyundakı boyunduruğun, ayaqdakı qandalın fərqinə varmaq və şüurunda olmaq deməkdir. Hz. Mövlana Peyğəmbərimiz (əleyhissalatu vəssalam) haqda belə deyir: "Qul oldum, qul oldum, qul oldum! Mən Sənə qulluqda ikiqat oldum. Qullar azad olunca şad olar, mən Sənə qul olmaqla şad oldum". Allahla irtibatımız istiqamətində Zati-Uluhiyyətə üz tutub min dəfə "Qul oldum, qul oldum, qul oldum" deyə bilərik. Məhz bu, təmkinin ifadəsi, təmkinlə nəfəs almaq və övliyalara xas bir haldır. İrşad və təbliğ həyatında təmkinə gəlincə, İslamın parlaq çöhrəsini bəşəriyyətə göstərmək, onu nöqsansız təmsil etmək, dillə deyiləni təmsillə dərinləşdirib ənginləşdirmək və sözləri etirazla qarşılanmayan, hamı tərəfindən qəbul edilən bir üslubla dilə gətirmək deməkdir. Əlbəttə, bununla yanaşı insanın əldə edilən nəticə və səmərəni özündən bilməməsi, göstərdiyi səy və cəhdlərə görə nazlanma kimi davranışlara yol verməməsi də təmkin üçün çox önəmlidir.
Təmkində sapmamaq üçün
Bəli, insan bəzi uğurları qarşısında naz edə bilər. Məsələn, dünyanın hər tərəfində Cənabi-Haqqın lütfü ilə çox gözəl fəaliyyətlər həyata keçirilə bilər. Lakin həqiqi səbəbkar siz olmasanız da, bu gözəl fəaliyyətlər bu və ya digər şəkildə sizə aid edilə bilər. Belə təqdir və hüsnü-rəğbət edənlər bu ictihadi xətada əgər ifrata varmasalar, inşallah, günah etmiş sayılmazlar. Lakin hüsnü-rəğbət görən şəxs bu rəğbətə layiq olduğunu düşünür və - Allah qorusun -"lap yerinə düşdü" düşüncəsinə qapılarsa, qazanarkən itirənlərdən olar. Bəli, insan təqdir, təvəccöh və iltifat qarşısında niyazdan naza düşə, dolayısilə, təmkindən uzaqlaşa bilər. Məsələn, əgər (Haqq yolda) xidmət edən şəxsin ağlından: "Görün əlimizdən nələr gəlir. Osmanlı dövləti böyük bir dünya dövləti olduğu halda bizim getdiyimiz yerlərə gedə bilmədi!" kimi şeylər keçirsə, bu mülahizələr açıq-aydın ruhun və lətifeyi-rəbbaniyənin kirləndiyini göstərir və təmkinə tamamən ziddir. İnsanın ağlına bu cür zərərli fikirlər gələndə dərhal "Allahım "Deyil bu mənə layiq bu məndə/ Mənə bu lütf ilə ehsan nədəndir?" (M. Lütfü). Mən də anlamamışam bütün bu lütf və ehsanı. Lakin "Bəzən böyüklər kiçiklərin başına tac qoya bilər" deməyi bacarmaq lazımdır.
Bəli, bütün bu gözəlliklərin o Zati-Əcəllu-Alanın böyüklüyünə aid edilməli olduğu halda, qənimətdən özünə pay ayıran adam kimi "bu ona aid, bu da mənə aid, bu ona aid, bu da mənə aid..." kimi düşüncəyə qapılmaq, "biz də ölüb-dirildik, biz də qan-tərə batdıq, biz də filan şeyi etdik, biz də fəsməkanı etdik..." demək təmkinə zidd şeylərdir. Əlbəttə, biz Allah yolunda canla-başla mücadilə edəcək, fəna fil-xidmət, fəna fil-məfkurə və Hz. Pirin ifadəsi ilə, fəna fil-ixvan olacağıq. Hz. Pirin dərs halqasına mənsub tələbələrin söylədiyinə görə o, Vandakı mağaradan aşağı yıxılarkən belə: "Davam!" deyə hayqırmışdı. O əsnada, sanki, gizli bir əl onu mağaranın ağzına doğru itələmişdi. Zənnimcə, o, Əzrail əleyhissalam ruhunu təslim alarkən də "Davam!" deyə inildəyib sızlamışdır..
Cənabi-Haqq bizi etdiyimiz xidmətlərlə öyünmə ədəbsizliyindən qorusun. Çünki bu, fəaliyyətimiz və xidmət həyatımız üçün təmkinsizlik olar. Bu mənada təmkin hər şeyi Allahdan bilməkdir. Bəli, insan:
"Hər şey Səndən, Sən qənisən,
Rəbbim Sənə döndü üzüm!
Həm əvvəlsən, həm axırsan,
Rəbbim Sənə döndü üzüm!"
deyib belə düşünməlidir: "Mən suyun üzündə günəşə baxan qabarcıqlar kimi ancaq üzümü Sənə döndərsəm, tənəvvür edər, işıqlanaram. Ancaq o zaman günəşin əksini göz bəbəyimdə saxlaram. Əksinə mən qaranlığa gömüləndə, nə günəş qalar, nə də günəşin əksi". Məhz bu mülahizə xidmətə xas təmkinin bir ifadəsidir.
- tarixində yaradılmışdır.