Yol yorğunluğunun çarəsi: yenilənmə cəhdi
Sual: Məfkurə mühacirlərinin tədricən özünü göstərən ətalət, ülfət və süstlüyə məğlub olmamaq üçün hansı xüsuslara diqqət yetirməlidirlər? İzah edə bilərsinizmi?
Cavab: İlk növbədə bilmək lazımdır ki, müəyyən bir dövrdə əldə olunan mənəvi “qazanc”, canlılıq və gümrahlığı bir ömür boyu mühafizə etmək asan iş deyil, hətta əldə etməkdən daha çətindir. Bəli, ilk dəfə eşidəndə ruhu ehtizaza gətirən, dərin təsir oyadan söz və hadisələri, təravətli hisləri, “metafizik gərilim”i bir ömür boyu davam etdirmək olduqca çətin məsələdir. Buna görə əksəriyyətlə başlanğıcda ilk cərgələrdə yer alan insanlar çox həyəcanlı və aktiv olsalar da, sonrakı dövrlərdə eyni aktivliyi qoruya bilməmişlər. Belə ki, başda inandığı dəyərlər uğrunda canını ortaya qoyub qəhrəmanlıq göstərən ilklərdə belə tədricən, keçən zamanla birlikdə aşınma və yorğunluq əlamətləri görünməyə başlanmışdır. Haqq Təalanın insan oğluna bəxş etdiyi bu böyük zaman nemətinin özü aşınmasa da, onun qədrini, qiymətini bilməyəndə, bilməyib canlı və tər-təzə qalmaq naminə layiqincə dəyərləndirməyəndə gün keçdikcə duyğu və düşüncədəki təravət, canlılıq və cazibədarlıq müəyyən qədər aşınır. Məsələn, namaz qılanda Allahın hüzurunda olma şüurundan uzaqlaşmış könüllər ehtizaz və qəlb titrəyişinə həsrət qalmışdır. Eyni şəkildə, insanı Rəyyan qapısından keçirməyə və Cənnət dəhlizində yürümə əhval-ruhiyyəsini bağışlamağa namizəd olan oruclar axşam yeməyinin həsrətini çəkən aclığa dönmüşdür. Bu səbəblə, bir daha ifadə edək ki, məbdədə əldə olunan mənəvi “qazanc”ı əsl qiymət, dərinlik, rövnəqlilik və cazibədarlığı ilə qorumaq onu əldə etməkdən çətindir.
Fasiləsiz yenilənmə cəhdi
Hər fərd və cəmiyyətin bir mənada taleyi olan belə bir vəziyyətin qarşısını almaq mütəmadi yenilənməyə cəhd və səy göstərməklə və bu şüurla yaşamaqla mümkündür. Gözünüz, könlünüz bir vaxtlar müəyyən gözəllikləri görüb hiss etmiş ola bilər və siz o gözəllikləri səmimi qəlbdən bağrınıza basmış ola bilərsiniz. Ancaq o gözəllikləri soldurmadan, öldürmədən, ruh və düşüncə dünyanızda köhnəltmədən, aşındırmadan bütün parlaqlığı ilə qoruyub saxlamaq çox ciddi cəhd və səydən asılıdır. Bunu belə bir örnəklə də izah edə bilərik: insan kəndirdən yapışaraq, ayağına qarmaq keçirərək, əllərinə əlcək geyərək və bu kimi yollarla çalışıb-çabalayıb zirvəyə dırmana bilər. Lakin bu zirvədə qalmaq, orada varlığını davam etdirmək, o zirvənin şərtlərinə, atmosferinə uyğunlaşmaq, eyni zamanda o məkanı özününküləşdirmək, özünə bənzətmək zirvəyə dırmanmaqdan daha çətindir. Buna görə də əsas məsələ zirvədə qalmaqdan, “qazancı” itirməməkdən daha çox, onları artıraraq davam etdirməkdir. Bu da ancaq fasiləsiz yenilənməyə cəhd və səy göstərməklə mümkündür.
Bir hədisdə bildirildiyi kimi Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhabeyi-kirama; "İmanınızı təzələyin" tövsiyəsini verir. Səhabənin: "Ya Rəsulullah! İmanımızı necə təzələyək?" sualına İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam): "Lə ilahə illəllah" sözünü (düşüncə, qəlb və dillə) çox yad edin" buyurur (Məcməuz-zəvaid,10/82). Bununla siz bilik hovuzunuza dayanmadan əlavələr edərək imanınızı, islami düşüncənizi və ihsan şüurunuzu təzələməyə çalışacaqsınız. Beləliklə könül dünyanızda buxarlanıb uçan, çölə qaçan biliyin bir neçə qatını müxtəlif kanallarla oraya təkrar axıdacaq, yaranan boşluğu təkrar dolduracaqsınız. Təkvini əmrləri tədqiq edəcək, təfəkkür vadilərində dolaşacaq, keçmiş biliklərinizi bugünkü biliklərinizlə birləşdirib yeni təhlil və tərkiblər əldə edəcək, analiz və sintez edəcək və beləliklə hər gün əldə etdiyiniz biliklərlə imanınızı bir daha yeniləyəcəksiniz.
İnsanın bədənində anbaan dəyişmə və başqalaşma gedir. Bədənin bütün hüceyrələri, hüceyrələrin bütün atomları, atomların bütün elektronları dəyişir. Elə isə dayanmadan dəyişən və bu gün dünənkindən fərqli vücuda sahib olan insan onu abadlaşdıran və ona həqiqi mahiyyətini bəxş edən imanını bir daha əldə etməlidir. İnsan bunu etməklə ətalət və süstlüyə boyun əyməmiş, müharibə elan etmiş və özünü bir daha ifadə və isbat etmiş olacaq.
Canlılığın abı-həyatı: söhbəti-Canan
Fərdi təfəkkür, tədəbbür (bir şeyin axırını düşünmək, təfəkkür, tədbir) və təzəkkürlə yanaşı insanın zirvələrdə qalmasını və qazandığını itirmədən yoluna davam etməsini təmin edən mühüm vəsilələrdən biri də söhbəti-Canandır. Bu elə bir sevgi, elə bir eşq və elə bir iştiyaqdır ki, bir haqq dostu həyəcan dolu ifadələri ilə hissini belə dilə gətirir:
“Kaş sevdiyimi sevsə kamu xəlqi-cahan!
Sözümüz cümlə həman qisseyi-canan olsa..!” (Taşlıcalı Yəhya)
Bəli, fani bir varlığa könül verən, məcazi eşqə dilbəstə olan insanlar belə məhbubundan başqa heç kimi görməz, tanımaz. Bizim sevdiyimiz, iştiyaq duyduğumuz və aşiq olduğumuz isə Allahdır, Rəsulullahdır. Məhz buna görə biz bütün dünyanın bu həqiqətlərə dilbəstə olmasını arzu edirik. Hər kəs mənim Allahımın adını ansın, mənim Peyğəmbərimin (əleyhi əlfü əlfi salatin və salam) adını yad etsin. Bu baxımdan biz bir yerə yığılanda, bir yerə toplaşanda sözü mütləq söhbəti-Canana gətirməliyik. Əgər sizdə dərin Allah sevgisi varsa, hər kəsin Onu tanımasını arzu edir və Onu hər dəfə ananda “mənhəlul-azbil-məvrud”dan (şirin su qaynağı) bir tuluq su çəkib içən insan kimi həzz alırsınızsa, söhbətləriniz istiqamətini "La ilahə illəllah Muhammədur Rəsulullah" həqiqətindən kənara çıxmaz.
İnsan gənclik dövründə aktiv və gümrah həyat sürür. Yetkinliyə çatanda isə hər şey yerli-yerinə oturur və o, məntiq və mühakimə insanlarının həyatını yaşamağa başlayır. Lakin elə bir dövr də gəlir ki, duyğu və düşüncələr solmağa, sönməyə və süstləşməyə başlayır. Bu, kamillik və ruhun oturuşması demək deyildir. Əksinə bu əvvəllər sizin üçün çox şey ifadə edən cizgilərin silinməsi, saralıb-solmasıdır. Məhz belə bir vəziyyətdə siz söhbəti-Cananla və ya təfəkkür, tədəbbür və təzəkkürlə “oksigen çadırı”nda bir daha canlana, bir daha dirçələ bilər və beləcə ömrünüzün qalan günlərini Onu yad etməklə şərəfləndirə, dərinləşdirə və taclandıra bilərsiniz. Bunu da unutmayaq ki, belə bir yenilənmə cəhd və səyinin axirət mükafatı çox fərqli olacaqdır.
Canlı iradə və Osmanlı dövləti
Dünyada ən uzun ömürlü dövlətlərdən biri Dövləti-Aliyədir. Əməvi və Abbasilərdən daha möhkəm əsaslar üzərində bina edilən Osmanlı Dövlətinin bünövrəsinə baxanda orada yatan məna və məzmunun imanı-billah, marifətullah, məhəbbətullah və zövqi-ruhanidən ibarət olduğunu görürük. Əgər bu dövlətin məbdədə hansı duyğu və düşüncədə olduğunu öyrənmək istəyirsinizsə, Murad Xudavəndigar Həzrətlərinin Kosova Müharibəsində şəhid olmadan əvvəl Allaha necə təvəccöh etdiyinə baxa bilərsiniz. Döyüşdən əvvəl axşam çağı çadırına çəkilən Murad Xudavəndigar gecəni ibadətü-taətlə əyha etdikdən sonra səccadəsindən durmadan əllərini qaldırıb Haqq Təalaya belə niyaz edir: "Ey Rəbbim! Bu fırtına bu aciz qulun Murad günahları ucbatından qopdusa, günahsız əsgərlərimi cəzalandırma. Onları bağışla. Allahım! Onlar buralara qədər yalnız Sənin adını ucaltmaq və İslam dinini insanlara çatdırmaq üçün gəldilər. Bu fırtına fəlakətini onlardan sovuşdur. Şanına layiq zəfər ver ki, bütün müsəlmanlar bayram eləsin. Müsəlmanları qalib və müzəffər et. Və dilərsən, o bayram günü bu Murad qulun Sənə qurban olsun. Əvvəl məni qazi etdin, sonra şəhid et". Bu duanı edən gör necə insandır ki, arzusu dərhal qəbul olunmuş və şəhidlik dərəcəsinə yüksəlmişdir.
Allaha belə könül verən, Allah üçün çalışan və Onun riza dairəsində hərəkət edən bu insanlar ömrün saniyələrini illərə çevirmişlər. Onların bu yüksək keyfiyyəti və yüksək səviyyəli İslam təmsili uzun müddət davam etmişdir. Çünki onların gözü həmişə cəbhədə, yəni ileyi-kəlimətullahda olmuşdur. Yəhya Kamal “Azan” şeirində Yavuz Sultan Səlim haqda belə deyir:
"Sultan Səlimi Əvvəli ram etməyib əcəl,
Fəth etməli idi aləmi şanı-Məhəmmədi.
Göy nura qərq olar neçə yüz min minarədən,
Şəhbal açınca ruhu-rəvanı-Məhəmmədi."
Bu insanlar ömrü bu eşqin aşiqi kimi keçirdiklərinə görə, həyəcanını artırmış və beləcə solma, sönmə və ətalətin qarşısını almış, Allahın izni ilə də uzun ömür sürmüşlər. Yoxsa ictimai və fəlsəfi tarixçilərin dedikləri kimi, fərdlər kimi toplumlar da doğulur, gənclik dövrü yaşayır, yetkinlik dövründən keçir, sonra yaşlanır və nəhayət bir çuxura yuvarlanırlar. Toplum üçün bu qaçılmazdır. Yəni, "(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir" (“Rəhman” surəsi, 55/26-27) həqiqəti hər millət üçün də keçərlidir. İstəsəniz, "Hər nəfs ölümü dadacaqdır" (“Ali İmran” surəsi, 3/185) həqiqətinin işığında "Hər millət ölümü dadacaqdır" deyə bilərsiniz. Bəli, millətlər də fərdlər kimi doğulur, böyüyür və ölür. Ancaq millət sahib olduğu mənəvi keyfiyyəti qorumaq üçün səy göstərməklə Allahın izni və inayətiylə, bəlkə “reanimasiya”da, bəlkə “qoltuq ağacı” ilə, bəlkə, oksigen çadırında bir yol tapıb ömrünü uzada bilər, uzadıb neçə-neçə gözəl xidmətlərə vəsilə ola bilər. Bizim vəzifəmiz də hər nə olur-olsun, ruhən və mənən diri qalmaq, diri qalıb həyəcansızlığa, ətalət və süstlüyə müqavimət göstərmək olmalıdır.
- tarixində yaradılmışdır.