Dövrü düzgün oxuyan təfsir anlayışı
İsmayıl Albayrakın qələmə aldığı "Fethullah Gülen Hocaefendinin Tefsir Anlayışı (Fəthullah Gülən Xocaəfəndinin təfsir anlayışı)" adlı əsər Fəthullah Gülənin indiyə qədər kifayət qədər araşdırılmamış bir cəhətini diqqət mərkəzinə alır və onun Quran anlayışı ilə digər təfsirçilərin anlayışlarını qarşılaşdırır.
İsmayıl Albayrakın qələmə aldığı "Fethullah Gülen Hocaefendinin Tefsir Anlayışı" adlı kitab Xocaəfəndini "müsəlman elm adamı" kimi tanıdan silsilə kitabların dördüncüsüdür. Birincisi, Faruk Bəşərin "Fethullah Gülen Hocaefendinin Fıkhını Anlamak (Fəthullah Gülən Xocaəfəndinin fiqhini anlamaq)", ikincisi mərhum İbrahim Cananın "Fethullah Gülenin Sünnet Anlayışı (Fəthullah Gülənin sünnə anlayışı)", üçüncüsü Selman Ünlünün "Fethullah Gülenin Eserlerinde Dua (Fəthullah Gülənin əsərlərində dua)" adlı əsərlərdir. Qeyd edim ki, bu mövzuda müxtəlif məqalələr də qələmə alınmışdır.
Xocaəfəndi təkcə dini vəsfi ilə tanınmır. O, maarif könüllüsü, mütəfəkkir, bəşəriyyətlə bağlı mühüm məsələlərə həssas yanaşan, bu məsələlər üçün həll yolları təqdim edən, bununla kifayətlənməyib düşüncələrinə dəyər verən insanlarla fikirlərini həyata keçirən aktivistdir. İllər əvvəl Eyyub Can bir yazısında Xocaəfəndini "Mövlana, Nizamül Mülk və Qəzalinin cizgilərini özündə cəmləşdirən insan" kimi təsvir edirdi. Eyyub Cana görə, onun Mövlana vəsfi "Yaradılanı Yaradandan ötrü xoş görərək" bütün bəşəriyyətə qucaq açmasını, Qəzali vəsfi təfsir, fiqh, hədis, kəlam və təsəvvüf kimi dini elmlərdə yerini, Nizamül Mülk vəsfi isə müdrik dövlət adamı şəxsiyyətinə malik olmasını simvolizə edir.
"Aydın-Üləma" ənənəsinin təmsilçisi
İllər sonra Ali Bulaç Xocaəfəndi haqqında "aydın-üləma" ənənəsinin yeganə təmsilçisi və ya təmsilçilərindən biri ünvanını işlətdi. Hal-hazırda isə xüsusən xaricdə "Gülən Fəaliyyəti"ni araşdıran sosioloqlar Xocaəfəndini daha fərqli xüsusiyyətlərlə xarakterizə edir, tarixdə iz qoymuş mütəfəkkirlərlə müqayisə edirlər. Nəticədə, qarşımızda dostun da, düşmənin də təsdiq etdiyi çoxyönlü bir insan var və belə insanları anlamaq da, anlatmaq da çox çətindir.
Şəxsi qənaətimə görə, hal-hazırda Xocaəfəndinin ölkə daxilində və xaricdə ən az tanınan yönü onun İslam elmlərində malik olduğu mövqedir. Ayələr haqqında verdiyi şərhlər, fiqhi məsələlər barəsində ictihadları, hədis mehvərində səsləndirdiyi şərhlər, universitetlərdə dərslik kimi keçirilən təsəvvüf kitabları, "rəhleyi-tədris" ənənəsini yaşadaraq yetişdirdiyi tələbələr və bütün bunların cəmi - onun İslam elmlərində tutduğu mövqe bakir, əl dəyməmiş sahə kimi öz mütəxəssislərini gözləyir. Kifayət qədər yazılı və şifahi materiallar da mövcuddur. İllərdir ona tələbəlik edən məfkurə yoldaşları və tələbələri həyatdadır. Ətə-sümüyə büründürdüyü plan və layihələrin bəhrəsi göz qabağındadır. Dolayısilə, tədqiqat aparmaq istəyənlər üçün əlverişli imkanlar var. Yuxarıda da qeyd etdiyim kimi, sosiologiya və beynəlxalq əlaqələr üzrə çalışan bir çox mütəxəssis çoxdan Xocaəfəndini diqqət mərkəzinə alıb araşdırmağa başlamışlar. Keçirilən Beynəlxalq konfranslar, yayımlanan məqalələr, yazılan kitablar və hal-hazırda çəkilən sənədli filmlər bunu bariz sübutdur. Ümid edirəm ki, Xocaəfəndini nəşət etdiyi xalqın alim və ziyalıları da tədqiq edib araşdıracaqlar.
İsmayıl Albayrakın kitabını şəxsən, bu çərçivədə dəyərləndirirəm. Kitab Xocaəfəndinin, müəllifin ifadəsi ilə "Quran oxuma"ları - buna təfsir deyə bilərsiniz - sahəsində tutduğu mövqeyi göstərir. Xocaəfəndinin dinamik və tarixi daim süzgəcdən keçirən Quran anlayışını, təfsir elmində ta qədimdən bu günədək müzakirə predmeti olan vəhy, icaz, səbəbi-nüzul, hədis/sünnə ilə münasibətini, ayələrin təsnif və ya şərhində işlədilən "möhkəm-mütəşabeh" kimi anlayışlarla bağlı fikirlərini elmi, təsəvvüfi, fiqhi, kəlami, lüğəvi, dirayət, rəvayət kimi təfsir növləri ilə müqayisəli şəkildə izah edir. Hər birindən nümunələr verir, keçmiş və müasir təfsirçilərin fikirlərinə müraciət edərək müqayisələr aparır.
Qurani-Kərim Müsəmanın dünya və üqbası üçün - tarixin hansı dövründə olur-olsun, harada yaşayır-yaşasın, - yeganə, yanılmaz və yanıltmaz rəhbəridir. Dünyəvi və üxrəvi səadətin, hüzurun, istiqamətin yeganə ünvanıdır. Qurana belə baxmaq və belə inanmaq o qədər mühümdür ki, əks anlayış müsəlmanın inanc tənəzzülünün başlanğıcıdır. Modernizmin və oriyentalizmin təsirləri, tarixilik anlayışları, zahiri yanaşmalar, hədislərin rədd edilməsi, ənənənin inkarı kimi mövzuların Quranı anlamaqda əsas faktor sayıldığı belə bir dövrdə Xocaəfəndi kimi "Kainat-kainatullah, Quran-kəlamullah və insan-abdullah" sözlərinin işığında həyata bir bütöv kimi baxa bilən bir alimin Qurana yanaşma tərzi bu gün daha əhəmiyyətlidir. İsmayıl Albayrakın kitabı da məhz bu baxımdan söz-söz, sətir-sətir oxunmağa layiq bir əsərdir.
Bir nümunə vermək istəyirəm. Xocaəfəndi bəzi ayələrin təfsirinə ümumi izah verərkən belə deyir: "... Bəzi ayələri təhlil edib bəzi tipik xarakterləri ortaya qoyarkən məqsədimiz tarixə düşmüş bəzi hadisələri oyatmaq, bəzi əhli-kitabı və onların peyğəmbərlərinə qarşı kin və nifrət hislərini təhrik etmək deyildir. Əksinə bu tarixi örnəklərə əsaslanaraq həmin hadisələrin iştirakçılarının daxili dünyasını, bəşəri boşluqlarını bu gün buna bənzər nəsilləri işıqlandırar mülahizəsi ilə araşdırmağa çalışdıq. Yoxsa biz tarixi hadisələrin kin və nifrət oyatmaq üçün bu günə gətirilməməsinin tərəfdarıyıq".
Burada qədim kitablara qapılmış, köhnələrin fikirlərini təkrarlayan bir təfsirçidən çox zəmanəsini və məsuliyyətini yaxşı dərk edən bir alimin portretini görürük. Bu gün bu məsuliyyəti dərk etməyən, tarixdə qalmış düşmənçiliyi bu günə gətirib ayələri ayrı-ayrılıqda şərh edərək ümməti düşmənçiliyə təhrik edən, intihar hücumlarına cəvaz verəcək qədər həddi aşan bir çox şərh və hökmlərə rast gəldiyimizi düşünəndə Xocaəfəndinin bu yanaşma tərzinin əhəmiyyətini daha yaxşı anlayırıq.
Önəmlidir, amma kifayət deyil
Əlbəttə, bu mühüm bir addımdır, lakin kifayət deyil. Müəllifin özü də əsərində bunu etiraf edir: Əsasən iki əsərdən - "Fatiha Üzerine Mülahazalar (Fatihə haqqında mülahizələr)" və "Kurandan İdraka Yansıyanlar (Qurandan idraka əks olunanlar)" adlı kitablarından istifadə etdiyini söyləyir. Halbuki ötən ay Xocaəfəndinin "Kuranın Altın İkliminde (Quranın Altın İqlimində)" adlı təqribən 600 səhifəlik yeni bir kitabı işıq üzü gördü. Təbii ki, Albayrak sözügedən kitabı yazarkən bu iri həcmli əsəri təhlilə cəlb etməmişdir.
İsmayıl Albayrak bu əsərlə təfsir və üsuli-təfsir elmilərinin ümumən qəbul olunmuş prinsipləri əsas götürərək yeni bir sistem irəli sürmüş və gələcək tədqiqatçılara yol açmışdır. Artıq bundan sonrakı işlər yaxın və uzaq dairədə alihimmət, elmə aşiq insanlara qalıb.
- tarixində yaradılmışdır.