Neyləyəsən!

Bəlkə də, çıxış yolumuz "Neyləyəsən!"lə başlayan bir xəritədə gizlidir. Neyləyəsən! Neçə-neçə tarixi fürsətlər çıxdı qarşımıza. Onları bəşəriyyətin mənafeyi üçün yaxşı dəyərləndirməli, qəlblərin fəthinə aparan yolda qəflətə baş əyməməliydik. O fürsətlər qarşısında nəfsimizi millətimizdən üstün tutmuşuqsa, vay halımıza!

Keçən həftə Fəthullah Gülən Xoca Əfəndini ziyarət imkanı oldu. Həmişəki səhhət problemləri ilə əlbəyaxa idi. Ürək, şəkər, təzyiq: üçü bir yerdə, üstəlik o qədər mənəvi yük insanın çiyninə yükləndimi, onun nə gecəsi olar, nə gündüzü. Əbəs yerə deməyiblər: "Qəm-qüssəyə mübtəla olana sor, gecələr neçə saatdır!'. Xoca Əfəndi də elə. Hər səhər yuxusuz, sancılı və uzun qış gecələrinin iztirablarını görürsünüz simasında. O qədər dərdə, sıxıntıya, iztiraba baxmayaraq, dimağındakı duruluq insanı mənən hüzura qərq edir.

Kiçik bir otaq və hər kəsin üzünə açıq kiçik salon. Bu iki məkan xaricində heç yerə çıxmır. Namazgahla xüsusi otağı arasıdakı kiçik pərdə o müqəddəs dövrdən qalma ənənəni xatırladır insana. Namazlardan sonra bir az oturur. Ziyarətə gələnlərin simasına baxır bir-bir. Bəzən sual da verir. Daha çox özü suallarla üzləşir. Hər zamanki kimi sadə, zərif, nəzakətlə qısa və əhatəli cavablar verir. Çox kübar çərçivədə, sadə bir üslubda; sevərək, sevdirərək...

Bir şey diqqətimi çəkir. Xoca Əfəndi tez-tez "Neyləyəsən!" deyib "ah" çəkir. Hətta bəzən uzun bir suala yalnız "Neyləyəsən!" deməklə kifayətlənir. Dilindən düşmür "neyləyəsən". Bəlkə, giley, bəlkə, sərzəniş, bəlkə, çarəsizlik, bəlkə də, təvəccöh... Dözə bilməyib soruşursunuz: "Xocam, niyə bu qədər "Neyləyəsən!" deyirsiniz?" Əvvəlcə sükut edir. Bəlkə də anlaya biləcəyimizdən, dərk edə biləcəyimizdən əmin deyil. Sonra qısaca məsələyə toxunur. Dərinə getmir, amma "Neyləyəsən"ə bir ipucu verir.

İki dalğa arasındakı həyat

Başa düşürük ki, "neyləyəsən" dərin bir mühasibənin (öz-özünü hesaba çəkmək) düyünləndiyi nalə, sorğu-sual kəlməsi! "Neçə il əvvələ gedirəm tez-tez,"– deyir və əlavə edir, – "bütün gecəni özümü hesaba çəkirəm. Kaş elə eləməyəydik, kaş bu tarixi fürsətləri dəyərləndirə biləydik" deyirəm". Söz-sözü çəkir, kino sahəsində tez-tez işlənən "flash back" (geriyə dönərək xatırlatmalar) məsələsinə, hətta "flash forward" (irəliyə gedərək bəzi hadisələri təhlil etmək) texnikasına qədər gedib çıxır. Demək ki, o, ömrünü bu iki dalğa arasında keçirir. Gah keçmişə dalır, orada əldən verilən fürsətləri düşünür; gah da xəyalən gələcəyə səyahət edərək bu­günkü qəflətimizə təəssüflənir.

Əslində "Neyləyəsən!" fəryadı yalnız fərdi mühasibənin ifadəsi deyil. O qısa, lakin böyük mənalar daşıyan kəlmədə bir millətin tarix qarşısında daşıdığı məsuliyyət, vəzifə sorğu-suala çəkilir. Xoca Əfəndi bunun da bəzi ip uclarını verir. Məsələn, deyir: "Neyləyəsən! Qazi Giray kiçik bir qısqanclıq və ehtiras üzündən Vyana məğlubiyyətinə düçar oldu. Neyləyəsən, Vyanada başlayan məğlubiyyət havası bu nəhəng mədəniyyəti əsrlər boyu əsarəti altına aldı və bu əsarət duyğusundan heç cür yaxa qurtara bilmədi. Neyləyəsən, böyük padşah Merzifonluya cəza vermək əvəzinə özünü hesaba çəkərək daxilən çürüdüyünü görə bilmədi. Neyləyəsən, daxili saflığımızı qorumadıqca məğlu­biyyətlər bu əziz milləti pərişan etdi... Neyləyəsən!"

Bu sözlər Xoca Əfəndinin dilindən şeir kimi tökülərkən heyfsləndim; kaş bu cümlələr sətir-sətir qələmə alınaydı deyə. Dəyərdi çünki. "Başyazı"sına bənzər uzun təfəkkürün səmərəsi cümlələrlə baş-başa idik. Yaşadığı dövrü gah keçmişdə, gah da gələcəkdə təhlil edən böyük mütəfəkkirin ilhamları qeydə alınmalı idi.

Sözlərin qeydə alınması yetməz! O cümlələrdəki yanğı ürəyimizə qor salmalı, bizi yandırıb-yaxmalıdır. Qəmsizə deyəcək söz yox, dərdsizə təsir edən kəlmə hələ kəşf olunmayıb. İztirabsız insanların millət naminə, bəşəriyyət naminə dərddən danışması mümkünsüzdür. Yağışda islanmayanlara sel kimi göz yaşları yağdırsanız, nə faydası var.

Qabalıq, kobudluq, hətta təəssübkeşlik bürüyüb hər yanı. Nə haldan anlayan var, nə dərddən. Dövrümüz, dövranımız xor baxır "Dərman arardım dərdimə, dərdim mənə dərman imiş" deyənlərə... Üz-üzə, göz-gözəyik dərdli insanları anlamayan, anlamağa cəhd də göstərməyən, onlara qərəzlə yanaşaraq heç sayan, onları düşmən kimi göstərən məsuliyyətsiz bir dövranın alovu ilə...

Bəlkə də, çıxış yolumuz "Neyləyəsən!"lə başlayan bir xəritədə gizlidir. Neyləyəsən! Neçə-neçə tarixi fürsətlər çıxdı qarşımıza. Onları bəşəriyyətin mənafeyi üçün yaxşı dəyərləndirməli, qəlblərin fəthinə aparan yolda qəflətə baş əyməməliydik. O fürsətlər qarşısında nəfsimizi millətimizdən üstün tutmuşuqsa, vay halımıza! Düzgün vaxtda düzgün addımlar atmamaqla millətimizin geridə qalmasına səbəb olmuşuqsa və bunun cəzasını hal-hazırda böyük bir millət çəkirsə, "Vay halmıza" deməli deyilikmi özümüzə. Ən azı Xoca Əfəndinin nəzakətli və nazənin sözünü – "Neyləyəsən"ini demək bir zərurət deyilmi bizim üçün?

Ona qərəzli baxanlar...

"Neyləyəsən" demənin bir də tarixi aspekti var. Bu gün Fəthullah Gülənin qiymətini yetərincə bilmirlər. Nə sevənlər onun dəyərini anladığını deyə bilir, nə ona düşmən kimi baxanlar insaflı ola bilir. Bəziləri nə yazdıqlarını oxuyur, nə də danışdığını dinləyir. Hətta bəziləri amansız düşmənçiliyini yalan, böhtan səviyyəsinə çatdırır. Heç şübhəsiz "bir gün Xoca Əfəndi üçün də "neyləyəydin" deyəcək, bəlkə, bəlkə də peşman olub üzr istəyəcəklər". Anadolunun kiçik bir kəndindən çıxan bu qəhrəman insanın milləti üçün etdiyi fədakarlıq ortaya çıxanda: "Kaş onu vaxtında başa düşəydik" deyənlər olacaq. Bu gün ona düşmən olanlar ondakı insan sevgisini ancaq saçdığı toxumlar böyüyüb boy atanda, hətta meyvə verəndə dərk edəcək və "heyf" deyəcək. Amma onda artıq iş-işdən keçmiş olacaq. O gün sevənləri "Neyləyəsən, bizdən istədiyi işləri layiqincə yerinə yetirməyib vaxt itirdik" deyəcəyi kimi, bu gün ona qərəzli baxanlar: "Kaş əsrin Mövlanasına bu qədər qaba, bu qədər nadan olmayaydıq" deyəcəklər.

Heyf ki, iş gəlib "Neyləyəsən!"ə çatınca zamanı geri çevirmək ancaq xəyal aləmində mümkündür. Neyləyəsən! Zaman su kimi axıb gedir, həyat peşmançılıq tozları ilə qəlbimizə ağır bir yük qoyub vidalaşır. Neyləyəsən! Boş yerə deməyiblər: "Zər qədrini zərgər bilər" Neyləyəsən! Neyləyəsən! Neyləyəsən!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.