"Gülən Fəaliyyəti Müasirləşmənin Boşluğunu Doldurur"
"100 Soruda Fethullah Gülen ve Hareketi (100 Sualda Fəthullah Gülən və Fəaliyyəti)" kitabının müəllifi prof. Doğu Ergilin Fəaliyyətin ictimai gerçəkliyi barədə mühüm təsbitləri var. Kitabın sonuncu fəslində sosioloji mənada "camaatlaşma" meyllərinə diqqət çəkən Ergil Gülən Fəaliyyətinin varlığını ictimai müstəvidə daha dəqiq müşahidə etməyə zəmin hazırlayır. Araşdırması ilə əlaqədar Fəthullah Gülənlə iki dəfə görüşən Ergil Fəaliyyətin dəyişən cəhətindən və yeni Türkiyə üçün daşıdığı mənadan söhbət açdı.
- Bu Fəaliyyət haqqında kitab yazma fikri hardan gəldi?
Gülən fenomenini bizim cəmiyyətdə hazırkı sistemə təhdid kimi başa düşürlər. İki dünya da İslamdan şübhələndiyi üçün "Yenə bir İslami axın ortaya çıxdı" deyə əndişələnirlər. Halbuki bunun "new age İslam" və ya "İslamın yeni dövrdə şərhi" olduğunu görmürlər. Bu, İslamın dəyişməsi deyil. Dəyişən insanın dəyişən şəraitdə Müsəlmanlıq anlayışı nə mənaya gəlir? Fəthullah Gülən bu boşluğu dolduran insandır. Bu Fəaliyyət də o fikirlərə uyğun hərəkət edən bir "Könüllülər Fəaliyyəti"dir. Ona görə bu mövzu araşdırılmalıdır. Mən buna "Türkiyənin ən böyük ixrac məhsulu" deyirəm...
- Gülənin humanitar elmlərə olan marağı hamıya məlumdur. Bir sosioloq kimi, onun sosioloji dili (üslubu) haqqında nə deyə bilərsiniz?
O dini mövzularla yanaşı, digər sahələrdə də zəngin məlumatlara sahibdir. Bu, məni çox sevindirdi. Çünki bu gün artıq "intellektual din adamı" axtarılır. Hazırda Gülən bu kimliyini (modelini) böyük bir kütləyə təqdim etmişdir. Həmin kütlə dəyişən dünyada dəyişən Türkiyədir. Türkiyə çarpaz (daxili və xarici) dəyişmə təzyiqi altındadır. Dünya dəyişir, onunla ayaqlaşmaq məcburiyyətindədir. Kənd şəhərə gəlir; ənənə müasirləşir... Bu qədər çarpaz təzyiqlərə məruz qalan cəmiyyət çaş-başdır! Davranış kodları, dəyərləri dəyişir. Sosial və intellektual üfüq kənd, qəsəbə ola-ola, şəhər olur, dünya olur. Bununla ayaqlaşmaq asan deyil! Fərdi baxımdan dəhşətli bir efor və bələdçi lazımdır! İkincisi də əməkdaşlıq, həmrəylik üçün bir qrup olmalıdır.
- Bu çərçivədə, sizcə, Gülən Fəaliyyəti hər hansı cəhəti, yönü ilə Türkiyədə şaquli ictimai hərəkətliyi sürətləndirirmi?
Elə əhəmiyyəti və təsiri buradan qaynaqlanır. Gülən asanlaşdırma baxımından real davrandı və bəhrəsini də gördü. Çox praktik məsləhətlər verdi. "Birləşin. Biliynizi, elminizi artırın," dedi. İkincisi, "Artıq birləşin - dağınıq olmayın. Bir olun, yenilik gətirin. Sərmayə lazımsa, ona-buna yalvarmayın. Maliyyə müəssisələri qurun. Gedin, ölkə sərhədlərini aşın," dedi. Kəndli, çöldən köçüb gəlmiş insanın "dünyalı" olması o qədər asan deyil! Gülən Fəaliyyəti bunu bir nəsil içində həyata keçirə bildi. Belə bir mənəvi auranın inandırıcılığı, etibarlılığı da mühümdür. Ardıcılları ona inandı. Bəhrəsi alınanda da, iki qat təsiri oldu.
- Məhz bu məqamda, xüsusən də xaricə açılma məsələsində dövlətlə məcburən əlaqə qurur. Sizcə, bu əlaqəni "siyasi əlaqə" adlandırmaq düzgündür?
Dövlət idarəsində iştirak etmək başqa, dövlətlə ziddiyyətsiz əlaqəyə girmək başqa. Fəaliyyət idarəçiliklə birləşsə, xüsusiyyətini itirər. Çünki bu, bir könüllü fəaliyyətidir. Bu könüllülük ona həmin dinamizmi verir. Əks halda rəyasət heyətinə, politbüroya çevrilər. Gülən bunu çox yaxşı bilir və buna mane olur. Gülən özü "Dövlətlə bir alıb-verəcəyimiz yoxdur," deyir. Dövlətin radikallığına müqavimət göstərməyin bir insanlıq haqqı və demokratiyanın tələbi olmasını da kifayət qədər açıq-aydın ortaya qoyur. Referendumda "məzardakılar belə "bəli" səsi versin" kimi ifadələri də bu məzmundadır.
- Kitabınızda dünyada və Türkiyədə sosioloji mənada bir "camaatlaşma" meylinin geniş yayıldığını deyirsiniz...
İnsan cəmiyyətdə dövlətlə qarşı-qarşıyadır. Aradakı qurumlar olmasa, çox çılpaq, tək-tənha və müdafiəsizdir! Ona görə də arada qurumlar olur, üstəlik dövlətdən bir şey istəmədən, ən aşağıdan orta ehtiyaclarını qarşılayan könüllü müəssisələr təşkil edir. "Camaatlar" bir toplumun müasirləşməsinin və sivil toplumun gücünün göstəricisidir. Əgər camaatlar öz içinə qapalı deyilsə, güclü toplumun və sağlam fərdin təşəkkülünə zəmanət veir. Ona görə də camaat əhəmiyyətlidir.
- Sizcə mədəniyyət kodlarının müasirləşməsi ilə Gülənin dövləti əhəmiyyətli sayan dünyagörüşü arasında bir bağlılıq varmı?
Fəthullah Gülən bir sivil toplum lideridir. Sivil toplumun avtoritar dövlətlə təzad təşkil etməsi qaçılmaz olur. Həmin sivil toplum dövlətə alternativ sosio-mədəni sistem formalaşdırmaqda israr etdikcə bu ziddiyyət, təzad artır. Gülən dövlətlə ziddiyyətə düşmədən alternativ bir sosial faktor meydana gətirmək istədi. Amma siyasiləşəcəyi təqdirdə, bunun həm dövlətə, həm də öz tərəfdarlarına zərərli olacağını çox erkən sezdi. Mədəni yönü: Müasirləşən insanın əxlaqını və həmrəyliyini itirmədən müasir cəmiyyətin çarxları arasında əzilməsinə mane olmaq. Bu boşluğu çox yaxşı təsbit etdiyinə inanıram. Bunu həyata keçirdikcə, fərdi gücləndirdikcə, güclü fərdin onsuz da haqq-hüququnu axtaracağını, toplumun demokratikləşmə meylləri ilə həmrəy olacağını və o mədəni müxtəliflik çərçivəsində öz yerini tutacağını sezdi. Bu, dövlət əleyhinə bir fəaliyyət deyil. Amma dövlətin avtoritar quruluşuna qarşı alternativ duruşdur. Dövlət müəyyən dövrlərdə bu duruşun əleyhinə olsa da, toplum onu dəstəklədi.
- Bu məqamda Gülən Fəaliyyətinin böyük bir "cazibə mərkəzi" olduğunu düşünürsüz?
Məhz bunu demək istəyirəm. Toplum inkar edilən çoxluğunun qəbul edilməsini istəyir. Qruplar arasında qeyri-bərabərliyin aradan qaldırılmasını, dövlətin hər kəsə eyni məsafədə olmasını... O cümlədən, monist ideologiyalı idarə sistemini deyil, qanunları pozmadığı müddətdə hər kəsin tələbatını qarşılaya bilən bir çevikliyə malik olmasını... Cəmiyyətdə də bu təmənna olduğu üçün Gülən Fəaliyyəti tarixin axarına doğru hərəkət edərək həm gücləndi, həm də mövcudluğunu sistem içinə yerləşdirə bildi. Bunu da dövlətlə qarşıdurmasız həyata keçirdi.
- Sizcə dövlətin və "layiq" kəsimin Gülən Fəaliyyətinə qarşı reaksiyasının əsas amili nədir?
Dövlətin etibarsızlığı - hər şeyə nəzarət etməsi, dəyişmənin yeganə "aktyor"u olması, idarənin birmərkəzli olmasından qaynaqlanır. Gülən Fəaliyyəti sol fəaliyyət olsa dövlət yenə eyni şeyi edər. Dinə qarşı qərəzli münasibət də var, əlbəttə ki. Layiqlər bizdə elə şərtləniblər ki, "din, öz iqtidarını axtarar" deyirlər. Halbuki, dinin təkbaşına belə bir gücü yoxdur. İslam dünyasına baxanda da millətçilik heç vaxt olmayıb. Solçuluq sınaqdan keçirildi, və çökdü. İnsanları bir araya gətirəcək başqa bir həmrəylik ideologiyası yoxdur. Bir siyasi layihə yoxdur. Elə isə millətçilikdən daha əvvəlki mərhələdə ortaya çıxan dinə siyasi bir layihə yükləyərək bunu təmin etməyə çalışırlar. Bu, dinin deyil, siyasi axtarışın nəticəsidir. Hicab mövzusunda da buna inanıram. Dövlət və layiqlər hicabla deyil, hicablı ilə məşğuldur. Çünki o hicablı indiyə qədər layiqlərin nəzarət etdiyi, faydalandığı bütün sahələrdə öz varlığını göstərməyə başladı. Layiqlər bu sahələri itirdikləri üçün qarşı çıxırlar. Bu, bir iqtidar savaşıdır. Statistikalara baxırsan, Türk qadınının 70 faizi başını örtür. "(Hicabı) Siyasi atribut kimi görürsənmi?" deyə soruşursan, "Bəli" deyənlər 1 faiz də deyil! Cəmiyyətdə heç bir mübarizə yoxdur. Bunu siyasət qarşıdurmaya çevirir.
- Sivilləşmənin əsas psixoloji addımlarından biri də yəqin ki "cəsarət"dir. Rəsmi anlayışa qarşı öz sözünü cəsarətlə söyləyə bilmə... "Müasir Əxilik" adlandırdığınız birliyin cəsarətdə bu qədər təsirli olduğunu düşünürsünüzmü?
"Cəsarət" sözü çox əhəmiyyətlidir! İlk dəfədir mənə belə bir sual verilir. Bəlkə də verilən cavablardan ən təsirlisi bu olacaq! Cəsarəti iki şəkildə göstərə bilərsən. Birinci, sənin kimi düşünən insanların çoxluğu ilə... Yəni siyasi və ictimai sistem daxilində spesifik çəkisi ilə... İkincisi, fikri və əxlaqi üstünlüyünlə... Fəthullah Gülən nə deyir? "Gündən-günə əxlaqsızlaşan, məchullaşan və yadlaşan dünyada bir olaq. Dürüst olaq. Bir də yoxsulluqdan, tənbəllikdən qurtulmaq üçün hərəkət edək, təşkilatlanaq". O, beləcə həm bir mənəvi həll yolu göstərir, həm də çalışaraq, istehsal edərək zənginləşməkdən və bunu bölüşərək yeni bir istehsalat sistemi, ahəngi qurmaqdan danışır. Müasirliyin boşluqlarını da dolduracaq tövsiyələrdir bunlar. Dövlət bunları eləsəydi, bu ölkənin problemlərinin böyük hissəsini həll edərdi. Amma etmədi! Fəthullah Gülənin tərəfdarları bunu elədilər. Bir rəhbərin verdiyi tövsiyələrin uğurlarını öz gözü ilə görməsi də böyük bir şansdır. (Fatih Vural)
- tarixində yaradılmışdır.