Gülən Fəaliyyətindən "Qorxu"lar İdeoloji Mahiyyət Daşıyır
Elm aləmində Gülən Fəaliyyətinə maraq get-gedə artır. Paris, London, Amsterdam və Çikaqoda keçirilən "Gülən Konfransları"nda dünyanın məşhur universitetləri məruzələrlə çıxış edir və artıq "Könüllülər Fəaliyyəti" elmi və sosioloji tədqiqatların diqqət mərkəzinə çevrilir. Fəaliyyətlə bağlı ən aktual araşdırma - Hyuston Universiteti Sosiologiya fakültəsinin əməkdaşı prof. dr. Yelena Rouz Ebaufun (Helen Rose Ebaugh) Avstraliya, Azərbaycan, Türkiyə, Fransa, Hollandiya və Amerikada apardığı araşdırmalarını bu ilin may ayında Amerikada çapdan çıxardı. Qısa zamanda Türk dilinə tərcümə edilən və "Gülen Hareketi" adı ilə "Doğan Kitab" yayımında çapdan çıxan kitab sivil və dini bir qlobal fəaliyyətin sosioloji analizini ehtiva edir.
Doktorluğunu Nyu York Kolumbiya Universiteti Sosiologiya Fakültəsində tamamlayan Yelena Rouz Ebauf sosial hərəkatlar və din sosiologiyası sahəsində mütəxəssisdir. 1990-cı ildə Hyuston Universitetinə gələndən sonra yeni immiqrant hərəkatları haqqında tədqiqatlar aparan Ebauf dinin yeni immiqrantlara təsirini analiz etmək üçün 13 immiqrant qrupunu araşdırmaya cəlb edir. 11 sentyabr 2001-ci il tarixində Nyu Yorkda Dünya Ticarət Mərkəzinə edilən hücum ərəfəsində tələbələrinə dünya dinləri fənnini tədris edən Ebauf bu hadisədən sonra "terrorizmə yer verməyən, xoşgörülü İslam anlayışı" istiqamətində araşdırma aparmağa başlayır. Çünki o hücumdan sonra Amerika kanallarında İslamla terrorizmi eyniləşdirən verilişlər getməyə başlamışdı. Bu əsnada - 13 sentyabr 2001-ci il tarixində "The Vashington Post" qəzetində verilən bir səhifəlik bildiriş alimin diqqətini çəkir. Bu bir səhifəlik yazıda "Fəthullah Gülən adlı Müsəlman bir din adamı Amerikanı hədəf seçən terror hücumlarını qınayır. Ebauf "Gülən" adını ilk dəfə bu yazı ilə eşidir.
2005-ci ildə fəxri rəhbəri Gülən olan Jurnalistlər və Yazarlar Vəqfinin İsveçdə təşkil etdiyi bir konfransa dəvət alan prof. dr. Ebauf burada ikinci dəfə Fəthullah Gülən adı ilə qarşılaşır. Həmin il Türkiyədən Hyuston Universitetinə magistratura oxumaq üçün gələn tələbələrlə tanış olur. Getdikcə Fəaliyyətə marağı artmağa başlayır və 2006-cı ildə ilk dəfə Türkiyəyə gəlib araşdırmasına başlayır. Bu müddət ərzində 4 dəfə ölkəmizə səfər edir. Dünyanın müxtəlif ölkələrinə də gedən Ebauf araşdırmasını 5 ilə tamamlayır.
"Gülen Hareketi" adlı əsərin üç əsas xüsusiyyəti diqqət çəkir. Birincisi, Fəaliyyət haqqında son araşdırma deyildir. Ebaufun araşdırmaları hələ davam edir. İkincisi, kitabın bir fəslini tamamilə Gülən Fəaliyyətini təhlükəli görənlərin fikirlərinə həsr edir və ideoloji iddialara cavab verir. Üçüncüsü, kitab elmi olsa da, tamamilə bir sahə üzrə tədqiqatın məhsuludur və dünyanın müxtəlif ölkələrindən əldə edilən məlumatlara da istinad edir. Kitabın qısa tarixçəsi bundan ibarətdir. Qalan məsələlərə dair sözü Yelena Rouz Ebaufa veririk.
- Fəaliyyəti araşdırmaya başlayanda diqqətinizi çəkən ilk mövzu hansı oldu?
İlk vaxtlar Fəaliyyətin maliyyə qaynaqları haqqında çoxlu suallar vardı. Məktəbləri, xəstəxanaları, media qurumlarını kim maliyyələşdirir? Amerika, İran, yoxsa Səudiyyə Ərəbistanı? İşə 2007-ci ildə başladım və ilk öncə maliyyə qaynaqlarını araşdırdım. Birinci sualım "Bu pul haradan gəlir?" idi. 2007-ci ilin baharında iki həftə Türkiyədə qaldım. İstanbul və Bursada iş adamları, əsnaf və işçilərdən ibarət 103 nəfərlə görüşdüm. Bunlar Fəaliyyətin içindəki insanlar idi. Türkiyənin ən zəngin iş adamları ilə də görüşdüm. Cavab axtardığım ikinci sual "Bu insanlar Fəaliyyətə niyə maddi dəstək verir?" idi.
- Fəaliyyətin yalnız maddi aspektini araşdırdınız?
Başlanğıcda, bəli. Çünki Fəaliyyətin maliyyə mənbələri haqqında kitab yazırdım. Kitabın çap olunması üçün Oksford və Nyu York universitetlərinin nəşriyyatları ilə görüşdüm. Təəccüb içində mənə: "Gülən kimdir, necə yazılır?" kimi suallar verdilər. Onda başa düşdüm ki, Qərb Güləni heç tanınmır və biz əvvəla Qərb oxucusuna ümumi mənada Güləni tanıdan bir kitab yazmalı idik. Sonra Gülənin həyatını Türkiyənin yaxın tarixi etibarilə yazmağa başladım. Nəticədə bu kitab ortaya çıxdı. Kitabda həm ümumi mövzular, həm də maliyyə qaynaqları ilə bağlı fəsillər var. Türkiyədə Fəaliyyətin qatı əleyhdarı olan 25 nəfərdən müsahibə aldım. Həmçinin Hyustonda yaşayan və Fəaliyyətin əleyhinə olan 7 Türk magistratura tələbəsi ilə də söhbət etdik. Bunları da kitaba əlavə etdim.
- Onda gəlin, söhbətimizi Fəaliyyətin əleyhinə olanlarla davam edək. Bunlar kimdir və bu şəxsləri necə müəyyən etdiniz?
Əvvəla bu şəxsləri təsadüfi, kortəbii seçməmişik. Fəaliyyətin əleyhdarı olan məlum simalarla görüşdük. Onlar arasında siyasətçi, hərbçi, alim və jurnalistlər var. Şəxsləri sistematik şəkildə müəyyənləşdirmədik, ən çox əleyhinə olanları müəyyən etdik və onlarla görüşdük. Diqqətimizi çəkən Fəaliyyət əleyhdarlarının bəzi ortaq arqumentlərə malik olması idi. Ən gözə çarpan şübhə "Gülən "İslam dövləti qurmaq" üçün hərbiyə və dövlətə "sızmağa" təşəbbüsü edir" şəklində idi. Bunu deyəndə "Mən elm adamıyam, mənə sənəd və ya dəlil verin ki, buna əsasən araşdırma aparım" dedim, amma heç biri mənə konkret bir məlumat, bir dəlil göstərə bilmədi. Onların qorxusunu anlamaq çətin deyil, amma bunu gördüm; Fəaliyyətin o qorxuya səbəb olası sistemli bir fəaliyyəti yox idi.
- Bu qənaətə necə gəldiniz?
Statistik məlumatlara baxanda həm dövlətdə, həm orduda Gülənə simpatiya bəsləyənlərin olması təbiidir. Türkiyədə 70 milyondan çox insan yaşayır. Bunlardan nə qədərinin Gülənə simpatiyası var, bilmirik, amma təxminən 5-7 milyon olduğunu demək olar. Bu məlumatlar statistik olaraq hökumət və ya dövlətdə istər-istəməz Gülənə dəstək verənlərin olmasının mümkünlüyünü göstərir. Mən bunun planlı və sistemli bir fəaliyyətin nəticəsi olduğunu düşünmürəm. Çünki Fəaliyyətə mənsub insanlar mənə həmişə apolitik (siyasətdən uzaq) göründü. Məncə, Gülən Fəaliyyəti siyasi deyil, sivil, daha doğrusu, dini və sivil bir fəaliyyətdir. Əsasən dinidir, eyni zamanda məktəblər, xəstəxanalar və dialoq cəhətindən də sivil xarakterlidir.
- Fəaliyyətin əleyhinə olanların digər arqumentləri nələrdir?
İkincisi, Gülənin CİA agenti olması haqda iddia idi (gülür). Görüşdüyüm insanlar, "Bu fəaliyyəti Amerika hökuməti dəstəkləyir. Çünki Amerika üçün Orta Şərqdə Türkiyənin böyük əhəmiyyəti var" dedilər. Bu insanlar Fəaliyyəti Amerikanın maliyyələşdirməsinə inanır, amma mən bu mövzuda da bir dəlil, bir sənəd tapa bilmədim.
- Bu istiqamətdə fakt tapmaq üçün hansı araşdırmaları apardınız?
Bildiyiniz kimi, Türkiyədə məhkəmədə Gülən əleyhinə iddia qaldırıldı və 6 il davam edən məhkəmə prosesi bəraətlə nəticələndi. Yüzlərlə, hətta minlərlə istintaq nəticəsində Fəaliyyət ələk-vələk edildi. Xaricdən maliyyə dəstəyi olsaydı, bunu müstəntiqlər mütləq üzə çıxarardı. Bundan savayı Türkiyədə bu Fəaliyyətə aid bir çox qurum var. Bu qurumların bütün maliyyə qeydlərini internetdən əldə etmək olur. Dövlət onları hər il yoxlayır. Qeyri-müəyyən pul daxil olsa idi, mütləq aşkar edilərdi. Nəhayət, başqa dövlətlərin bu Fəaliyyətə maliyyə yardımı göstərməməsinə əmin oldum, amma bir istisna ilə. Məsələn, Fəaliyyət bir ölkədə məktəb açmaq istəyəndə həmin ölkənin hökuməti və ya yerli idarə bəzən pulsuz ərazi verir. Bəzi ölkələrdə bunu gördüm və Fəaliyyətə yeganə rəsmi yardım bu idi. Məsələn, Avstraliyada dövlət Gülən məktəbinə maddi yardım göstərir, amma orada dövlət bütün özəl məktəblərə maddi yardım göstərir. Bundan başqa, Fəaliyyətə dövlət səviyyəli yardım edilməsinə rast gəlmədim....
- Türkiyədə Fəaliyyətə simpatiyası olanlar belə Fəaliyyətin şəffaf olmadığını deyirlər. Bu mövzu barədə nə düşünürsünüz?
Bəli, belə tənqidlər edilir. Ancaq bunun tam əksinə Fəaliyyətə mənsub insanlarla görüşərkən tam şəffaflıqla qarşılaşdım.
Qəribə tənqidlərdən biri də Fəaliyyətin yataqxanalı məktəblərində şagirdlərin beynini doldurmaq məsələsi idi (gülür). Halbuki bu məktəblərdə oxuyan uşaqların ailələri ilə görüşdüm, onlar bundan çox məmnundurlar. "Beyni doldurmaq" sözünün çox mübahisəli olduğunu düşünürəm. Əleyhdarların digər tənqidi isə Fəaliyyətin yalnız öz mənsublarına dəstək olması məzmununda idi. Halbuki məktəblərdə gördüyüm mənzərə bu iddianı təkzib edir. Çünki məktəblərdə oxuyan şagirdlərin yarısı Fəaliyyətə mənsub olmayan ailələrin uşaqlarıdır. Onların ən az 20 faizi bu Fəaliyyətdən təqaüd alır.
- Yaxşı, sizin razılaşdığınız heç bir tənqid yoxdur?
Mənim də şübhəli qaldığım və hələ də əmin olmadığım mövzu qadınların Fəaliyyətdə yeri haqqındakı tənqidlərdir. Hyustonda gördüyüm qədər Fəaliyyətin zahirə aid tərəfində qadınların rolu yoxdur. İşlərin mərkəzində əsasən kişilər dayanır. Bunun bir səbəbi dil biməmə ola bilər. Brüssel, Amsterdam və Paris konfranslarında bu məsələnin bir az fərqli olduğunu gördüm. Brüsseldəki qadınlar çox aktivdir. Qadın mövzusu haqqında araşdırmam davam edir, çünki bu mövzuda mənim də suallarım var. Türkiyədə qadınlara qarşı ümumi ayrı-seçkilik var, amma bunun qismən yerli mədəniyyətdən qaynaqlandığını düşünürəm.
- Fəaliyyətdə olan qadınlardan bu mövzu ilə bağlı fikirlərini soruşdunuzmu?
Onlarla görüşdüm və mənə "kişilərdən fərqli maraq dairələrimiz var" dedilər. Mənim fikirlərimlə razılaşmadılar və qadınların Fəaliyyətdə böyük rol oynadığını söylədilər.
Rəhbər və mühüm vəzifələrdə qadınlar var, amma bu, kifayət qədər deyil. Məncə, bunun yeganə səbəbi Fəaliyyət deyildir, mədəniyyətin təsiri də müəyyən rol oynayır. Mənə hələ də Möhtərəm Gülənin bu mövzuda fikirləri maraqlıdır. Bu haqda əlimdə kifayət qədər məlumat yoxdur və araşdırmanı davam etdirirəm.
- Bütün bu tənqidlərdən nə nəticəyə gəldiniz?
Fəaliyyəti tənqid edənlərin nöqteyi-nəzərindən baxanda, belə bir nəticəyə gəldim: Fəaliyyətdən qorxurlar. Məncə bu ideoloji qorxudur. Çünki bu qorxunu təsdiq edən əsaslı faktın olmasına inanmıram. Fəaliyyətin əleyhinə olanların yarısı heç bir Fəaliyyət mənsubunu tanımır. Fəaliyyətlə heç bir əlaqəsi olmayan insanların fikirlərinə bənd olub qorxularını artırırlar. Buna görə də "Cümhuriyyət" qəzeti kimi Gülənin əleyhinə olan mənbələri oxuyub Fəaliyyəti Fəaliyyətdən uzaq qaynaqlardan öyrənməyə çalışırlar. Bu da qorxunun əsasını təşkil edir.
- Kitabda əleyhdarların fikirləri ilə yanaşı, Fəaliyyətlə bağlı hansı məqamları araşdırdınız?
Bu kitab Fəaliyyətin Türkiyədə vəziyyətindən danışır. Mən xüsusilə, Fəaliyyətin 2000-ci illərdən sonra xarici ölkələrə yayılmasını araşdırıram. Ötən ilin may ayında Azərbaycana getdim və orada Fəaliyyəti ilk tanıyanlardan müsahibə aldım. Həmin ilin dekabr ayında Avstraliyaya səfər edib orada da Fəaliyyəti araşdırdım. İki həftə əvvəl Brüssel, Paris və Londonda idim. Hazırda mənim sosiologiya üzrə sahəm qlobal dini hərəkatlardır. Hal-hazırda dünyanın hər tərəfinə yayılan bu Fəaliyyəti izləyirəm və hər yerdə fərqli nəticələrlə üzləşirəm. Amsterdamda Gülən Fəaliyyətinə mənsub bir insanı görsəniz, dərhal tanıyarsınız.
- Necə yəni? Fiziki olaraq?
Xeyr, daha çox mədəniyyət "kodları" və davranış xüsusiyyətləri ilə. Hazırda bu mövzu üstündə işləyirəm, amma sizə bəzi nümunələr verə bilərəm. Fəaliyyətlə müxtəlif yerlərdə təmaslarım oldu. Həmişə çox oxşar davranışlarla qarşılaşdım. Əvvəlcə sizi çay və şirniyyat olan bir otağa aparırlar. Tamaşaçılar əvvəlcədən hazır olur. Sonra siz podiuma çıxırsınız. Əvvəlcə sizi tamaşaçıya təqdim edirlər. Çıxışın axırında sizə bir hədiyyə verirlər. Bu hər yerdə belədir.
- Görüşdən əvvəl şəraitin bu qədər hazır vəziyyətə gətirilməsi, insanların hazırlıqlı olması işinizin obyektivliyinə zərər vermirmi?
Xeyr, çünki mən elmi metodlar üzrə təhsil almışam. Öz metodologiyama və danışıq üslubuma çox güvənirəm. Bu kitabın ən güvəndiyim cəhəti obyektiv və elmi olmasıdır. "Hətta obyektivliyimə zərər verər" deyə kitabı yazarkən Möhtərəm Gülənlə tanış olmadım.
- Kitabı yazıb qurtardınız, bəs indi tanış olmağı düşünürsünüz?
Zənn etmirəm. Çünki mən Güləni deyil, Gülən Fəaliyyətini araşdırıram. Daha çox fəaliyyətə mənsub olanların Güləni necə qəbul etməsi ilə maraqlanıram. Ən böyük qayğım və səyim Fəaliyyəti hər kəsə düzgün tanıtmaqdır.
- Fəaliyyətə mənsub insanlarla bağlı müşahidələrinizi bizimlə bölüşə bilərsiniz?
Fəaliyyətə mənsub bütün insanlar çox xoş, çox nəzakətli, olduqca professional və əldə etdikləri nəticə də bir nömrədir. "Fəaliyyəti bir sözlə izah et" desəniz, "keyfiyyət" deyərəm. İşin düzgünlüyünə, yaxşı və keyfiyyətli olmasına əhəmiyyət verirlər. Hansı müəssisə olur-olsun, hamısında birinci dərəcəli işlər görülür. Mən bunu həm Fəaliyyət, həm də digər insanlar baxımından çox əhəmiyyətli görürəm. Məncə, Fəaliyyətin ən mühüm işlərindən biri də xarici vətəndaşlar üçün təşkil etdikləri Türkiyə gəzintiləridir. Bununla dünyada Fəaliyyətə qarşı simpatiya oyanır. Keçən il təkcə Hyustondan 600 tanımış insan Türkiyədə səfərdə olmuşdu. Bu gəzintilər digər fəaliyyətlərin təməlini təşkil edir. Bu, Türkiyənin Qərbdə düzgün və müsbət tanınmasında müsbət rol oynayır. Çünki bu insanlar əvvəllər Türkiyəni ya heç tanımır, ya da çox az tanıyırdı. Bu gəzintilər onların düşüncəsindəki Türkiyə imicini dəyişdirir.
- Elmi istiqamətiniz qlobal hərəkatlardır. Sizə görə, Gülən Fəaliyyətinin Anadoludan çıxıb qlobal bir fəaliyyətə çevrilməsinin əsas səbəbləri nədir?
Ən əsas səbəb Fəaliyyətin ana vətəndə düzgün təşkilatlanmasıdır. Harada olur-olsun, həmin bölgənin camaatı ilə təmasa keçib onların Fəaliyyətdə aktiv rol oynamasını təmin edirlər. Yəni qlobal fəaliyyət olmaq üçün vətəndə əksəriyyət tərəfindən qəbul olunmaq, dəstək görmək və həmçinin təşkilati təcrübəyə malik olmaq lazımdır. İkinci səbəb; zorakılıq və terrorizmin artdığı, İslamın terrorla eyniləşdirildiyi belə bir dövrdə Fəaliyyətin sülh və dialoq çağırışları ona marağı artırır. Təsbit etdiyim üçüncü səbəb isə təhsilə əhəmiyyət verməsi. Artıq müasir dünyada valideynlər üçün ən vacib məsələ uşaqların təhsilidir. Bu baxımdan, məncə, təhsilə bu qədər üstünlük verilməsə idi, böyüyə bilməzdi.
- Digər fəaliyyətlərə baxanda, qlobal sivil və dini hərəkatlar, ümumiyyətlə təhsilə üstünlük verir?
Xeyr, belə ümumiləşdirmə apara bilmərik. Bu Fəaliyyətin təhsilə əhəmiyyət verməsi şərt deyil. Başqa sahələrə də yönələr bilərdi. Dünyada buna aid nümunələr də var. Səhiyyə və yardım işlərinə üstünlük verən qlobal fəaliyyətlər də var.
- Gülən Fəaliyyətini digər qlobal sivil fəaliyyətlərdən fərqləndirən ən bariz xüsusiyyətin təhsil olduğunu deyə bilərikmi?
Təhsil çox əhəmiyyətlidir, amma mənə görə Gülən Fəaliyyətini digər qlobal fəaliyyətlərdən yeganə fərqi təhsil deyildir. Mədəniyyət və dinlər arası dialoq da çox əhəmiyyətlidir. Həmçinin yerli xalqla qurulan dialoq da... Bir də Fəaliyyətə mənsub insanların mükəmməl təşkilatçılığı... Hər kəs vəzifəni könüllü şəkildə yerinə yetirir. Hyuston Universitetinin rektoru Gülən İnstitutunun bir iclasında mənə: "Gülən Fəaliyyətinə mənsub insanlar təşkilatçılığı çox yaxşı bilir, onlardan çox şey öyrənməliyik" demişdi. Burada könüllülük vacibdir, amma bu könüllülərin sistemli, ahəngli şəkildə işləməsini təmin etmək də çox əhəmiyyətlidir. Buna görə də kitabın bir fəslini "Türk-İslam vermə mədəniyyəti"nə ayırdım. Bu bölüm oxumadan Gülən Fəaliyyətini anlamaq çətindir. Məncə, Gülən Fəaliyyətinin başqa bir ölkədə başlaması mümkün deyildi. Bu Fəaliyyət ancaq Türkiyə kimi bir ölkədən başlaya bilərdi. Türk-İslam mədəniyyətinə xas bəzi anlayışlar Gülən Fəaliyyətinə mənsub insanlarda "vermə hissini" formalaşdırır. Fəaliyyət həmçinin Türk mədəniyyətinin bir çox izlərini daşıyır. Hara gedirsiniz-gedin, Fəaliyyətdə Türkiyə əsintilərini hiss edə bilərsiniz..
- Yaxşı bəs, qlobal terrorizmin kulminasiya nöqtəsinə çatdığı belə bir əsrdə qlobal sivil bir fəaliyyətin dialoq və sülh anlayışının əhəmiyyəti nədir?
Bu sualınıza bir örnəklə cavab verim. Üç həftə əvvəl Brüsseldə Avropa Parlamentində idim. Dəhlizlərdə gəzərkən Gülən Fəaliyyəti haqqında araşdırma apardığımı bilən bəzi Avropalı parlament üzvləri yanıma gələrək "Bu Fəaliyyətə güvənə bilərikmi?" deyə sual verdilər. Onlar Avropada getdikcə yüksələn "İslamofobiyayaya qarşı əməkdaşlıq etmək üçün Müsəlman qruplar axtarırdılar. Belə bir dövrdə tolerantlıq və sülh mesajları axtarırlar və insanlar Gülən Fəaliyyətini bu mesajların, çağırışların təmsilçisi kimi görür və ya görmək istəyirlər. (Zafer Özcan)
- tarixində yaradılmışdır.