Fəthullah Gülən Bütün Dinlərə Nümunədir
Avropada irqçiliyin və İslama qarşı fikirlərin alovlandığı belə bir dövrdə Avropa Birliyinin paytaxtı Brüssel 2014-cü il üçün dinlərarası dialoq üzrə dünyanın ən böyük toplantılarından biri olan "Dünya Dinləri Parlamenti"nin ev sahibliyinə namizəddir. Dünya Dinləri Parlamenti xüsusilə cəmiyyətdə dinlərarası dialoq və ictimai uzlaşma istiqamətində göstərdiyi fəaliyyətlərlə diqqət çəkir. Çünki bunlar dünyanın hər tərəfindən immiqrant axınına məruz qalan Avropanın çətinlik çəkdiyi sahələrdir. Brüsselin namizədliyi məhz buna görə çox əhəmiyyətlidir. Keçən həftə bir xüsusi heyət şəhəri, şəhərin dini və ictimai strukturunu araşdırıb göz önünə sərdi. Namizəd ölkələrin qarşısına bir çox tələblər qoyulub. Hal-hazırda Brüssellə yanaşı Meksikanın Qvadalxara və Amerikanın Dallas şəhərləri də bu Parlamentə namizəd göstərilir. Ancaq şəhərin bu dünya miqyaslı toplantıya ev sahibliyi etməsinin həm iqtisadi, həm də ictimai təsiri çox böyükdür. Çünki burada minlərlə dini, siyasi və mədəni liderlər nitq söyləyir və müxtəlif dinlərə mənsub insanlar arasında dialoq qurulur. Bu irimiqyaslı toplantının 2014-cü ildə AB-nin ürəyi Brüsseldə dialoq ab-havası əsdirib-əsdirməyəcəyi maraqla gözlənilir. Araşdırma aparan heyətə isə Dünya Dinləri Parlamentinin İdarə heyətinin üzvü Rahib Dirk Fikka (Dirk Ficca) rəhbərlik edir. Rahib Fikkanın Brüsseldə olduğunu fürsət bilib "parlament", Brüsselin namizədliyi, dinlərarası dialoq, sosial uzlaşma kimi mövzularla yanaşı, onun "Mənim qəhrəmanım" deyə böyük ehtiram bəslədiyi Fəthullah Gülən Xocaəfəndi ilə bağlı müsahibə aldıq.
- Dünya Dinləri Parlamentinin məqsədini bizə qısaca izah edə bilərsiniz?
Xəbərlərə baxanda insana elə gəlir ki, sanki din çox vaxt problemlərin bir parçasıdır. Buna görə bəzi mövzuları ön plana çəkib dinin də həllin bir parçası olduğunu göstərməli, həmçinin çözümün daha böyük hissəsinə çevirməliyik. Parlamentin məqsədini iki hissəyə ayıra bilərik. Birincisi dinlər və toplumlar arasında qarşılıqlı anlayış, uzlaşma və qarşılıqlı ehtiramın təşəkkül tapması. Sonra isə onlara inanca aparan və qlobal toplumla üz-üzə gətirən yolları göstərmək lazımdır.
- Bu toplantılarda, demək olar, bütün dinləri bir araya gətirirsiniz. Bütün dinlərin birləşməsini istəyirsiniz?
Xeyr. Bizim əsas prinsiplərimizdən biri inteqrasiyadır, birləşmə deyil. Yəni hər bir dinin fərdiliyinə və bənzərsizliyinə hörmət edirik. Biz Müsəlmanlara bu dəyirmi masaya Müsəlman kimi gəlməsini rica edirik. Yəni tamamən Müsəlman olaraq. Yəhudilərin isə Yəhudi kimi. Humanistlərə isə humanist olduqlarına görə. Ancaq bütün dinləri birləşdirmək kimi bir məqsədimiz yoxdur. Onsuz da bu mümkün deyildir. Üstəlik bu, dünyaya gələcəkdə veriləcək töhfələrin də etibarını azaldar. Bilirəm, bəzən hədəfimizi bu şəkildə qələmə verirlər. Ancaq bu, həqiqətdən çox uzaqdır.
- Dinlər və toplumlar arasında anlayış, hörmət və inteqrasiyadan bəhs edirsiniz. Çıxışlarınızda dinlərarası dialoq və toplumlar arası inteqrasiyanın əhəmiyyətini dilə gətirirsiniz. Bu mövzular sözügedən toplantılarda nə qədər əhəmiyyət kəsb edir?
Mən dünyada mövcud bir çox problemin insanlar arası münasibətlərin zəifliyindən irəli gəldiyini düşünürəm. Bunların bəzisi insanların bir-birini tanımamasına görə ortaya çıxır. Yəni mən səni tanımıram, səndən xəbərim yoxdu. Bəziləri isə yanlış anlaşılma ucbatından. Sənin haqqında yanlış fikirlərim var. Bəzən də ünsiyyət qurmaq üçün yol tapa bilmirik. Yəni dialoq bunların hamısını həll edə bilər. Bəzi insanlar "dialoq" deyəndə bir uzlaşmanın zəruri olduğunu düşünürlər. "Bir razılığa gəlmək vacibdir" deyirlər... Ancaq dialoq qarşılıqlı anlayışla bağlı bir məsələdir. Bir-birimizi başa düşmək əhəmiyyətlidir. Uzlaşsaq da, uzlaşmasaq da. Bundan başqa inteqrasiya eyni cəmiyyətdə yaşayan fərqli toplumlar arasındakı mübarizə ilə də bağlıdır. Yəni hər iki tərəfdə tarazlığı necə saxlamaq olar. Biz səndən Türk və Müsəlman kimliyini bir kənara qoymağı istəmirik. Digər tərəfdən daha zəngin cəmiyyətdə yaşayırsan. Bu sosial inteqrasiya mübarizəsidir. Avropada da ən mühüm məsələnin bu olduğunu düşünürük.
- Avropanın spesifik məsələlərinə bir azdan toxunmaq istəyirəm. Ancaq sizin dialoq haqqında şəxsi fikriniz də mənim üçün maraqlıdır.
Çox mühüm olduğunu düşünürəm. Bir seçim deyil. Fərdlər üçün dinlərarası dialoq bir paradoksdur. Bəzi insanlar öz kimliyinə həssas yanaşdığına və dialoqun fərdi inancı zəiflədəcəyini düşündüyü üçün qorxur. Amma təcrübəmdən bilirəm ki, bu yöndə addım atan insanlar həm dünyagörüşünü, üfüqünü genişləndirir, həm də dini xarakterini dərinləşdirir. Bunu Belçikanın Baş yepiskopu Leonardo da söyləmişdi. Digər tərəfdən mədəniyyətlərə və ya qlobal toplumlara baxanda sülh şəraitində yaşama qabiliyyətimiz hələ də sual altındadır. Məsələn, insanların İslamiyyət haqqında təəssüratları həqiqətdən çox uzaqdır. Bundan da yanlış istifadə çox təhlükəlidir. Bunun içində bir yol tapmaq üçün dialoqa baş vurmaq lazımdır.
- Sizcə, bütün bu fəaliyyətlərdə "etimad" necə rol oynayır?
Həmişə demişəm. Mənim üçün etimad uzlaşmadan daha vacibdir. Bəzi insanlar var, onlarla bir çox mövzuda uzlaşa bilərəm, amma etimad etmirəm. Amma heç uzlaşa bilmədiyim insanlar var, ancaq həyatımı əmanət edə bilərəm. Bizim də ilk işimiz etimadı formalaşdırmaqdır. Sonra da müştərək cəhətləri tapıb birgə işləməyə uyğun olan sahələri seçirik. Fərqli xüsusiyyətlərimiz ətrafında müzakirə aparırıq. Etimad dünyada ən vacib şeydir.
- Digər tərəfdən vəzifəniz bir çox din mənsubları ilə təmasda olmağı tələb edir. Müsəlmanların parlamentə baxışını qısaca dəyərləndirə bilərsinizmi?
Müsəlmanların buna münasibəti digər toplumlar kimidir. Bütün dini toplumlarda yalnız öz dinlərinin həqiqət olduğunu düşünən insanlar var. Bu insanlara görə başqaları ilə dialoq qurmağa bir səbəb yoxdur. Yəni əldə olunası heç bir şey yoxdur. Buna görə Parlamentə qatılmırlar. Digər insanlar isə inanclararası dialoqa müsbət yanaşır və onu dini kimliyin bir parçası hesab edirlər. Buna görə də Parlament onlar üçün dünyada insanlarla münasibət qurmaq üçün bir vasitədir. Müsəlmanların bəzi sahələrdə yanlış anlaşıldığını düşündüyünü düşünürəm. Parlament onlara özlərini tanıtmaq üçün bir fürsətdir. Əlbəttə, Parlamentin İslamı daha çox müdafiə etməli olduğunu düşünənlər də var. Amma biz onlara özlərini tanıtmaq və müdafiə etmələri üçün əlverişli zəmin hazırlayırıq.
- Yanlış anlaşılmadan bəhs etdiniz. Bu çərçivədə dünya miqyasında artan İslamofobiya haqqında nə düşünürsünüz?
Bu, Parlamentin Melbornda keçirilən toplantısının əsas mövzusu idi. Qırxa yaxın tədbirimiz vardı İslamiyyət və Qərb haqqında. Burada, Avropada bu (islamafobiya) açıq və şiddətlidir. Çox yanlış anlaşılma və qorxu hökm sürür. Mən bunun yanlış anlaşılmadan irəli gəldiyini düşünürəm. Çox faciəvi. Bu vəziyyətə dərhal müdaxilə edilməlidir. Bu qorxunu və Avropadakı Müsəlman icmasının təcrübələrini səmimi şəkildə təsbit etməliyik. Sonra isə "bunu müsbət yönə necə yönəltmək olar?", bunu düşünməliyik. Bunu dinlərarası dialoqun zəruriliyini göstərmək üçün bir səbəb kimi necə təqdim edə bilərik? Avropa və dünya Müsəlmanlarının problemlərini əsla əhəmiyyətsiz hesab etmirəm. Bunu insanlıq tarixi naminə həll etməliyik.
- Avropada olan sıxıntılara daha çox toxunursunuz. Bunu daha geniş izah edə bilərsinizmi?
Avropa ötən qırx il ərzində miqrasiya məsələsi ilə bağlı təcrübəlidir. İmmiqrantların çoxu Müsəlmanlardan ibarət idi. Berlin ətrafında çox sayda Türk Müsəlman yaşayır. İlk olaraq müvəqqəti işçi kimi gəliblər, amma Almanların onların orada məskunlaşmasına heyrət etdiyini düşünürəm. Mənə Almaniyada çox məşhur olan bir fikir söylədilər: "Biz müvəqqəti işçi dəvət etdik, ancaq insan aldıq". Yəni Avropanın xarakteri dəyişir. Ənənəvi ağ dərili Avropa əhalisinin sayı azalır, yəni daha az deyil, daha çox immiqranta ehtiyac olacaq. İmmiqrantlar üçün vətəndaşlıq olduqca çətindir. Buna görə də insanları assimilyasiya etmək deyil, inteqrasiya etmək üçün yollar axtarılmalıdır. Bu məsələyə bir də qlobal böhran, immiqrantlar arasında yüksək işsizlik səviyyəsi... ölkələrin sosial xidmət büdcəsi problemlərlə üzləşməsi aspektindən baxanda. Bu sosial böhrana gətirib çıxarır. Sonra da islamofobiya meydana gəlir. Yəni bu, çıxılmaz vəziyyətdir.
- Yaxşı bəs, İslam 2014-cü ilin Dünya Dinləri Parlamentində hansı rol oynamalıdır?
Ev sahibliyini Avropa eləsə, Avropadakı durumdan dünyada mövcud olan islamofobiyanın həllində istifadə edərik. Terror, işsizlik, qloballaşma və bunların dünya Müsəlmanlarına təsiri mövzuları var. Sonra müstəmləkə altında olan Müsəlman ölkələrində sağalmamış yaralar var. Dünya elə bil kor olub bunu görmür, ancaq bu günün danılmaz gerçəyidir. Buna daha çox diqqət göstərməliyik.
- İslamiyyətin Parlamentdəki əhəmiyyətinə diqqət çəkdiniz. 1999-cu ildə Keyp Taunda (Cape Town) təşkil edilən toplantıya böyük İslam liderlərindən olan Fəthullah Gülən Xocaəfəndi də dinlərarası dialoqun əhəmiyyəti haqda bir bildiriş göndərmişdi.
Hörmətli Fəthullah Güləni tanıyıram və ona dərin ehtiramım var. Bir-neçə kitabını oxumuşam. Ondan ilham alan Fəaliyyəti də gördüm. Bu şirin dilli, nəzakətli insan Türk Müsəlmanlarına və dünyaya İslamiyyətin yüksək dəyərlərini və ərməğanlarını şəkilləndirmə istiqamətində açıq və fədakar bir təcrübə ilə ilham mənbəyi oldu. Mən hər bir dinin bir Fəthullah Gülənə ehtiyacı olduğunu düşünürəm. Ona heyranlığımın səbəbi onun və Müsəlmanlara çağırışının heç bir Qərb universal tərəqqi kateqoriyasında təsnif edilmiş olmamasıdır. O, İslamiyyətin əqli yönündən aktiv şəkildə istifadə edərək dinlərarası dialoqa dəstək verməyə çağırdı. O, Müsəlmanlara "hər kəsə Müsəlman qonşun və ya qardaşın kimi rəftar et" dedi. Məncə, bunu hər bir din etməlidir. Öz əqli dəyərlərinə baxmalıdır. Buna görə o, Müsəlman toplumuna verdiyi töhfələrə görə nəinki mənim qəhrəmanımdır, həm də digər dinlər üçün bir nümunədir.
- Gülən Fəaliyyətini gördüyünüzü dediniz. Dinlərarası dialoq, ictimai inteqrasiya və toplumlar arası sülh, təhsil kimi sahələrdə bir çox fəaliyyətlər həyata keçirirlər. Parlamentin fəaliyyətləri ilə müqayisə edəndə hansı mənzərə ilə qarşılaşırsınız?
Biz də insanları Parlamentdə iştirak edib öz dinlərini gözdən keçirməyə çağırırıq. Digər tərəfdən Gülən Fəaliyyəti "səpələnmiş" bir fəaliyyətdir. Yəni bir neçə mərkəzdən idarə olunmur. Həqiqətən (Fəaliyyətə mənsub insanların) qəlbi və şüuru Qurani-Kərim və Fəthullah Gülən anlayışı üzərində bina edilmişdir. Biz də "səpələnmiş" bir model istəyirik. Biz dinlərarası fəaliyyəti idarə etmək istəmirik. Çikaqo və ABŞ insanlara həyat tərzini əmr edə bilməz. Yəni insanlararası bir hərəkata güvənməliyik. Bunu da sadələşdirilmiş formada Gülən Fəaliyyətində görürəm. Müəssisələrin dini və biliyi yayma baxımından zəruri olduğunu düşünürəm, ancaq insanlar daha böyük bir şeyə xidmət etməlidirlər. Hansı şəhərə getsəm, Fəthullah Gülən müəssisəsi ilə rastlaşıram Çikaqoda "Niaqara", burada isə "IDP". Metodları arasında oxşarlıq var, amma yenə də yerli xarakter daşıyır. (Yəni yerli şəraiti nəzərə alırlar). Əks halda qəribə bir bürokratiya və qaynaqla yanaşı, böyük enerjiyə ehtiyac olardı. Bu çərçivədə Gülən Fəaliyyəti eyni zamanda Parlament üçün də bir nümunədir.
- Son olaraq Belçikada Brüsselin namizədliyi ilə bağlı apardığınız araşdırmalar haqda bir sual vermək istəyirəm. Bir çox Müsəlmanlarla görüşdünüz. Onlar arasında "IDP" və "Fedactio" kimi qurumlar da var. Bu görüşlərlə bağlı təəssüratlarınızı öyrənə bilərikmi?
Türk insanında gördüyüm və digər toplumlarda görə bilmədiyiniz çox isti və dərin bir iftixar hissim var. Türk insanının təşəbbüskarlıq ruhuna heyranam. Bu yalnız iş sahəsində deyil, sosial xidmət və təhsil sahəsində də belədir. Bunu "Fedactio"da daha çox hiss etdim. Bütün dinlərdə olduğu kimi, Müsəlmanlarda da dini və mədəni olanlar var. Ancaq Türk toplumunda - hansı olur-olsun Müsəlmanlarda İslamiyyətdən qaynaqlanan fəxarət və qardaşlıq hissi var. Bu, açıq-aydın görünür.
- Bir həftə boyu müxtəlif dini, mədəni və siyasi liderlər görüşdünüz. Şəhəri gəzdiniz. Sizcə, Brüsselin Dünya Dinləri Parlamentinə ev sahibliyi etmə şansı neçə faizdir?
İki namizəd də var, yəni ən azı 33 faiz. Ancaq çox güclü təklifləri var. Namizədlərdən birini seçmək üçün altı kriteriya tələb edirik. Və görünür ki, Brüssel hamısına birdən uyğun gələcək. Bu, yaxşı cəhətdir. Ancaq digər şəhərləridən biri bu kriteriyaların hamısına uyğun gəlsə, bu zaman əlavə müsbət cəhətlərə baxılacaq. Ancaq hal-hazırda fikrimcə, Brüsselin namizədlik üçün bundan artıq edə biləcəyi bir şey yoxdur. Ancaq miqrasiya və ictimai inteqrasiya məsələləri Brüsselə xas mövzulardır. Digər şəhərlərin də özünəxas cəhətləri var.
- Bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Əlavə etmək istədiyiniz bir şey varmı?
Yox, ən vacib mövzulara toxunduq. Mən təşəkkür edirəm. (Hatice Avcı)
- tarixində yaradılmışdır.