Gülən Fəaliyyətinə əhatəli baxış
Gülən Fəaliyyəti bütün dünyada sosioloq və politoloq üzrə araşdırma aparan tədqiqatçıların diqqətini çəkməkdə davam edir. “Könüllülər Fəaliyyəti” indiyə qədər bir çox dissertasiyanın mövzusu olmuşdur və hələlik son tədqiqat Hyuston Universiteti Sosiologiya Fakültəsinin əməkdaşı professor Yelena Rouz Ebaufa (Helen Rose Ebaugh) məxsusdur. Ebaufun bu ilin mart ayında Amerikada işıq üzü görən “The Gülen Movement: A Sociological Analysis of a Civic Movement Rooted in Moderate Islam” adlı araşdırması Ömər Baldıkın tərcüməsi ilə “Gülen Hareketi” (“Doğan Kitab” yayınları) adı altında Türk dilində nəşr edildi. Son illərdə xaricdə, xüsusilə də Amerikada Fəthullah Gülənin təşviqi ilə açılan məktəblərə, göstərilən fəaliyyətlərə maraq gündən-günə artır. Ebauf “İnanc əsaslı sivil bir sosial Fəaliyyətin sosioloji analizi” yarım başlıqlı tədqiqatında da “Könüllülər Fəaliyyəti”nin fikri və tarixi fonu ilə mənbələri və motivasiyasını sosioloji aspektdə izah etməyə çalışır.
“Gülen Hareketi” adlı tədqiqat işini bu mövzuda aparılan digər araşdırmalardan əsas fərqi müəllifin Fəaliyyətə başlanğıcda müəyyənləşdirdiyi çərçivədən kənara çıxmadan, hissi və subyektiv davranmadan, obyektiv və əhatəli aspektdə yanaşmasıdır. Ebauf üç il çəkən araşdırma zamanı İstanbul, Ankara, Antalya, İzmir, Bursa, Konya və Şanlı Urfada Gülənin təşviqi ilə açılan məktəbləri, xəstəxanaları, maliyyə qurumlarını gəzir, həkim, müəllim, idarəçi, iş adamları, işçilər, şagirdlər görüşüb söhbət edir. Jurnalistlər və Yazarlar Vəqfi, Samanyolu TV, Zaman qəzeti, “Kimsə Yoxmu” Dərnəyində idarə heyəti və işçilərlə görüşən Ebauf Fəaliyyətin 10 “işıq evi”nə də qonaq olur. Bu müddət ərzində diqqət yetirdiyi məqamları belə dilə gətirir: "Bu müəssisələrin və ya xidmət layihələrinin necə fəaliyyətə başlamasına, necə başa gəlməsinə, maliyyə qaynaqlarına, layihələrin maliyyə problemini necə həll etməsinə, hazırkı maddi və gəlir durumuna xüsusi diqqət yetirdim. Həmçinin digər əsas məqsədim də bu layihələrin həyata keçirilməsi üçün dövlətdən mütləq pul şəkilində deyil, digər formalarda, məsələn, ərazi, bina və ya vergi güzəştləri şəklində hər hansı bir dəstək alıb-almadığını ortaya çıxarmaq idi".
Dəyirmanın suyu haradan gəlir?
Ebauf Fəaliyyətə əsaslanaraq araşdırmasını iki nəzəriyyə ətrafında aparır: Qaynaq Səfərbərliyi nəzəriyyəsi və Təşkilati Adanmışlıq nəzəriyyəsi. Araşdırmasını bu iki nəzəriyyə əsasında üç sual ətrafında aparır:
- Sosioloji cəhətdən Gülən Fəaliyyətinin həm ölkə daxilində, həm də köç etdikləri ölkələrdə milyonlarla Türk insanının şövqünü və səyini hərəkətə gətirən təşkilati adanmışlıq mexanizmləri hansılardır?
- Xidmət layihələrə maddi qaynaq axtarılması ilə bağlı maliyyə mexanizmləri bu Fəaliyyəti dəstəkləyən insanlarda şövq, səy, bağlılıq və adanmışlıq hissini necə hərəkətə gətirir? Bu insanları hədiyyə verməyə və xeyirxahlıq etməyə sövq edən nədir?
- Fəaliyyətə bağlı müəssisələrin maliyyə sistemi necə işləyir və Fəaliyyətə mənsub insanların bu müəssisələrlə maliyyə münasibətləri necədir?
Türkiyədəki ifadə ilə desək “Dəyirmanın suyu haradan gəlir, hara gedir?” Ebauf dəyirmanın suyunun haradan gəldiyini, deyəsən, tapıb. Maraqlananlar kitabdan oxuya bilərlər. Müəllif kitabın sonunda verilən Xülasə bölümündə bu üç suala təməl nəzəriyyə çərçivəsində cavablandırır. Ebauf əsərin daha aydın və ətraflı olması üçün Türkiyədə din-dövlət əlaqələrinin mənzərəsini də vermişdir. Həmçinin tədqiqat planında olmasa da, araşdırma ərzində qarşılaşdığı tənqidlərə də biganə qalmamış, ciddi tənqidləri olan 25 nəfərdən müsahibə almışdır. Ebauf “İslam dövləti qurma iddiası”, “gizli ajanda (məqsəd)”, “ABŞ agentliyi”, “insanların beynini doldurma”, “gizli qurum olma” və s. kimi “ciddi” tənqidlərə araşdırmaları ilə cavab verir.
“Siyasi deyil, ictimai bir fəaliyyət”
Yelena Rouz Ebauf sözügedən kitabının Türk dilinə tərcüməsindən bir neçə ay əvvəl “Kitab Zamanı”nın aprel sayında nəşr olunan müsahibəsində fikirlərini belə dilə gətirmişdi: "Gülən və onu dəstəkləyənlər siyasi müzakirələrə girməkdən çəkinirlər. Bu səbəblə heç bir siyasi təşkilat qurmadıqları kimi, siyasi sistemi dəyişdirilməsi istiqamətində də təşəbbüs etmirlər. Gülən Fəaliyyəti siyasi bir fəaliyyət olmağı deyil, sosial bir fəaliyyət olmağı məqsəd seçmiş təşkilatlanmadır. İnsanları tolerantlıqda, xoşgörüdə və elmdə tərəqqiyə təşviq etməyə çalışır". (Ali Koca)
- tarixində yaradılmışdır.