Quranın ənginliyinə dəvət
Fəthullah Gülən Xocaəfəndinin 1970-ci illərdə məscid kürsülərindən verdiyi vəzlərin toplusu olan "Kuranın Altın İkliminde" adlı kitabı çağdaş insanların Qurani-Kərimi dərk etməsi və yaşaması üçün dəyərli mənbədir.
"Bəli, o başgicəlləndirici nizam və ahəngi ilə Allahı anlatan bu "kitabi-kəbiri-kainat (böyük kainat kitabı)" bir səsdirsə - belə demək mümkünsə - bu səsi fonoqraf kimi valda səsləndirən də Qurani-Kərimdir. Bəşəriyyət Qurana qulaq verib Onu dinlədiyi zaman kainatda cərəyan edən hadisələri, onların ruh və mənasını, bu mənanın könüllərdə hasil etdiyi həyəcanı rahatlıqla duya bilər. Demək, insanın fikrən dərinləşməsi, kamilliyə namizəd olması onun varlıq və hadisələrin ruhuna vaqif olmasından, qəlbi və ruhi kamilliyi isə Qurani-Möcüzül-Bəyanın ayələrinə və kamil rəhbər Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) nurəfşan bəyanlarına mütləq mənada itaətdən asılıdır". Fəthullah Gülən Xocaəfəndi insanın Quranla irtibatını məhz bu ifadələrlə dilə gətirir yeni çapdan çıxan "Kuranın Altın İkliminde" (Nil yayınları) adlı kitabında. Xocaəfəndinin 1970-ci illərdə məscid camaatına verdiyi bəzi vəzlərin toplusundan ibarət olan bu kitab oxucunu Quranın ənginliyinə səsləyir.
Fəthullah Gülən Xocaəfəndi xarakterinin ayrılmaz bir parçası olan təvazökarlığı ilə öz qələm və mürəkkəbinə yaxınlığı baxımından "əvraki-pərişan" (dağınıq səhifələr) kimi xarakterizə etdiyi əsərdə "qəlbinin və ruhunun hiss etdiyi və yenə də Quranın özündən aldığı mənaları müəyyən ölçüdə qələmə almaq istədiyini" söyləyir. Sözü yenə İlahi kəlamın Sahibinə həvalə edib "Kainat kainatullah, insan abdullah; və bunların "anatomiyasını" (mahiyyətini) təhlil edən Quran da kəlamullahdır. Dolayısilə bunlar arasındakı əlaqəni ən yaxşı bilən, bu irtibatı quran Allahdır (c.c.). Bu mövzularda söz söyləmək də ancaq Onun haqqıdır," - deyir.
Gülən bəzi dairələrin göstərmək istədiyi kimi deyil, tamam əksinə mənfəətdən, dünyəvi ehtiraslardan olduqca uzaq insandır. O mənfəətdən ki, nəinki kamil bir mömin, hətta imanı hələ kök bağlamamış bir insan belə ona yaxın getməməlidir. Xocaəfəndinin ifadələrindən ilhamla desək; Allahın kainatında Ona qul olmağa, Allah kəlamını anlamağa və yaşamağa çalışan səmimi bir mömin, ömrünü anladıqlarından ətrafdakıların da istifadə etməsinə həsr etmiş bir alim və arifdir. Ancaq Yunusun "Dünya axirət bir addım eşq ərinin yolunda" dediyi kimi, məsələlərə dünya və axirəti ehtiva edən bütöv aspektdən nəzər edir. Quran ayələrini də bu baxışlarla təfsir edir. "Quran kainata bir bütöv kimi götürərək dəyərləndirir. Var olan heç bir şey onun maraq dairəsinin kənarda qalmır. Bəli, Quran zərrədən kürəyə bütün varlığı süzgəcdən keçirir. Zahiri və batini, daxili və xarici, özül və qabıq - hər şey bütün yönləri ilə və dərəcəsinə görə onda əksini tapır," - deyir.
594 səhifəlik kitab "Quranın üstün bəyanı", "Üslubundakı möcüzəvilik", "Özünəxas dil və xarakter təsviri", "Bənzərsiz üslubu", "Quranı anlama", "Quranda qeybi xəbərlər", "Quran işığında elmi tərəqqi" və "Quranda tərbiyə" adlı bölmələrdən ibarətdir. Hər bölmənin mövzuları dərin bilik və axıcı üslubun müşayiəti ilə oxucuya təqdim edilir. Fəthullah Gülən Xocaəfəndi kitabda insan mehvərli təfsir anlayışına diqqət çəkir. "İnsanın daxili və xarici aləmi ilə bağlı hər şey Quranda mövcuddur. Bəli, onun bütün ruhi haləti, psixoloji durumları Quranda şifrəli şəkildə mövcuddur" deyən Xocaəfəndi Qurani-Kərimdəki xarakter təsvirini izah edərkən qədim qövmlərlə yanaşı bizim aramızda gəzib-dolaşan insan tipləri, hətta ruhumuzun dərinliklərində olan gizli hislər təcəssüm edib gözümüzün önündə canlanır.
Müsəlman olmaqla Quran oxumaq arasında çox ciddi bağlılıq olduğunu deyən Gülənə görə, Quran oxumaq bəzi insanların başa düşdüyü kimi yalnız tilavət deyil, onu yaşayıb onunla bütünləşmək, mücəssəm bir Qurana çevrilmək deməkdir. "Kuranın Altın İkliminde" Allah kəlamını müasir insanının idrakına yaxınlaşdıran rəhbər kitabdır. Ramazanda Quranla irtibatını möhkəmləndirmək istəyən oxucu bu etibarlı rəhbərin izində əmin addımlarla yol ala bilər. (İsmail Karaca)
- tarixində yaradılmışdır.