Hər gecəni Qədr bil!

Qurani-Kərimin 97-ci surəsi olan "Qədr" surəsində Cənabi-Haqq bu mübarək gecənin qiymət və fəzilətini belə bəyan edir:

"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)"

Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur:

"Kim Qədr gecəsini inanaraq, ixlasla ibadət edərək keçirsə, keçmiş günahları bağışlanar".

"Qədr gecəsi işa namazında camaatda hazır olan (səflərdə hazır dayanan) ondan nəsibini (öz payını) almışdır".

Həzrəti Aişə anamız (r.anha) nəql edir:

– Dedim ki, ya Rəsulullah, Qədr gecəsini(n hansı gecə olduğunu) bilsəm, necə dua edim? O, belə buyurdu:

– Allahummə innəkə afuvvun kərimin tuhibbul əfvə fa'fü anni (Allahım, Sən əfv edənsən, əfvi sevənsən, məni əfv elə).

Min aydan xeyirli gecə[1]

Belə anlaşılır ki, bu gecə (qədir gecəsində) qədərin bir mənada istinsaxı[2] gerçəkləşir. Yəni İmami-Mübindən Kitabi-Mübinə[3] istinsaxı. Baxışları oraya çatanlar qədərin bu növünə də müttəli ola bilərlər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Meracda eşitdiyi qələm səsləri də, gərək ki, elə bu idi...

Məsələnin digər cəhəti: Qədr gecəsi "qədr" kəlməsindən gəlir. Yəni bu gecə bir qədirşünaslığın (qədirbilənlik) ruh və mənası nümayan olur. Elə isə bu gecənin qədrini bilin ki, qədriniz bilinsin. Həmçinin bu gecə Allah (c.c.) xüsusi əta da edə bilər. Eynən ülufə[4] kimi...

Bu gecənin min aydan xeyirli olma məsələsinə gəlincə, bu ifadə məcazi mənadadır və hər kəs üçün keçərli deyil. Bəlkə, hər gecəni Qədr bilənlərə aiddir. Bəli, sanki, bəndə hər gecəni əhya etmiş, bu gecə də (qədir gecəsi) bardağı daşıran o son rəhmət damcısı damlamış... və beləcə bəndə həmin damla ilə dəryaya qovuşmuşdur... Gizli olmasının da bir ayrı sirri var. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onu (qədir gecəsinin vaxtını) əvvəl bilirdi, sonra unutduruldu ki, əyha edilsin. Təkcə bu gecəni əhya edənə də, bəlkə, pay düşər, ancaq hər gecəni Qədr bilib əhya edənin hissədar olacağına şübhə yoxdur.

Qədr gecəsi hər gecə axtarılmalı[5]

Mömin hər gecəni, hər gündüzü Allah Təalanın maiyyətinə (yaxınlığına) çatmış ehsan şüuru ilə çox yaxşı dəyərləndirməlidir. Əslində, mübarək gündüz və gecələrin məhz bu cür insanlar üçün bir anlamı var. Yoxsa tənbəl-tənbəl yatıb bir neçə gecəni dəyərləndirmək gərək ki, çox şey ifadə etməz. Çünki təkcə bir gecənin əhyasını nə Peyğəmbərimiz və səhabələr, nə İmam Əzəm çox əhəmiyyətli saymamışdır. Qədr gecəsinin bilinməməsinin hikməti də, məncə, bununla bağlıdır.

Səksən illik ömür savabına bərabər gecə[6]

Məlum olduğu kimi bəzi müqəddəs gün, ay və gecələrin müəyyən fəzilətləri var. Məsələn, Quranda da buyurulduğu kimi, Qədr gecəsini əhya edən  min ayın əhya savabını qazanır. Yenə Allah Rəsulunun (s.ə.s.) ifadəsi ilə vətəni qorumaq məqsədi ilə bir saat keşik çəkən bir il ibadət etmiş kimi savab qazanır, həmçinin bir saat təfəkkür edən bir illik ibadətin savabını alır.. Deməli, bu cür qısa zaman ərzində, həyati əhəmiyyətli bir məkanda bir insanın edəcəyi müəyyən xüsusi, cüzi, zilli (kölgəli) şeylər, cüzilikdən çıxıb küllilik kəsb edir, zildən (kölgədən) əslə, gerçəyə çevrilir və Cənabi-Haqqın dərgahında əsli əda edilmiş kimi qəbul edilir.

İmam Rabbani Həzrətlərinin Ramazanla əlaqəli sözlərinə gəlincə; əvvəla bu sətirlərdə Ramazanın əhyasına təşviq vardır. Yəni insan Ramazani-şərifin gecələrini qiyamla, gündüzlərini də orucla keçirərsə, Qədr gecəsində vəd edilən ilahi lütflərə nail ola bilər. Başqa sözlə, belə bir insan bütün ili ibadətlə keçirmiş olar, xəta və səhvlərini də minimum səviyyəyə endirər. Bu da, həmin insan üçün saleh dairənin təşəkkülüdür: burada hər xeyirdən xeyir doğar və onun ətafında "xeyirlər" dairəsi təşəkkül tapar.

Bəli, insan Ramazani-şərifi gecə-gündüzü ilə əhya etməklə bütün il boyu qəlbən xeyrə açıq ola bilər və daim xeyir yollarında gəzə bilər. Təbii ki, bu potensial İlahi lütf hər kəsə aiddir. Allah Rəsulu (s.ə.s.) Ramazani-şərifi hər yönü ilə əhya edən bir insan haqqında: "İnanaraq və eyni zamanda savabını da Allahdan umaraq tutarsa, Allah (c.c.) da bütün günahlarını bağışlayar," –deyə buyurur. Deməli, bu cür mübarək ibadətlərdə insanın niyyət, səmimiyyət və yəqini (iman dərinliyi) çox əhəmiyyətlidir ki, bunların dərinliyi nisbətində Allah (c.c.) bəzən birə-on, bəzən yüz və bəzən də milyon verir. Əlbəttə ki, savabın bu cür qat-qat verilməsi insan ömrünün illərini aşıb keçər.

Bunu kiçik bir misalla izah edəsi olsaq, deyək ki, Ramazani-şərifdə Qədr gecəsini "haqlayıb" layiqincə əhya etdiniz. Bunu min aya görə hesab etsək, səksən il edər. Beləcə, insan səksən illik savab qazanar; başqa sözlə, min ay namaz qılmış, min ay oruc tutmuş olar. Bu isə, bir ömür hüdudunu aşır, çünki ümməti-Məhəmmədin ən uzun ömürlüləri səksən ildən bir az çox yaşamışdır, yaşayırlar. Yenə də bu min ay və bu səksən ilin içində riya, riyakarlıq yox.. məsələn, siz namaz qılar, rükuya əyiləndə içinizdən: "Ətrafdakı insanlar da gördü ki, gözəl rüku etdim" –deyə keçirərsəniz; yenə də səcdəyə gedər, Allah Təalanın Rəsulullahın səcdəsini təsvir edərkən "Səcdə edənlər arasında qıvrım-qıvrım halını Allah görür" ("Şuəra" surəsi, 26/19) buyurduğu kimi, qıvrım-qıvrım bir səcdə etsəniz, lakin ağlınızın bir küncündən: "Qoy insanlar səcdənin necə edildiyini bir görsün," – deyə keçirsəniz, sizin bu düşüncəniz o səcdəni də, rükunu da və bunlarla bağlı hər şeyi silib-süpürər. Sizə qalan da sadəcə əyilib-qalxma və yorğunluq olar. Lakin Qədr gecəsinin elə bir bəhrəsi var ki, gecənin ortasında, heç kimin olmadığı bir məkanda etdiyiniz ibadəti riya, riyakarlıq fırtınaları götürüb aparmaz. Bu ibadətin içində başqa günahlar da yoxdur; məsələn, harama nəzər yetirməmiş, yalan söyləməmiş, dinin əsaslarına zidd hərəkət etməmişsiniz.

Bir əhli-təhqiqdən (həqiqəti dəlilləri ilə bilən alimdən) bu gecə haqqında bir dəyərləndirmə eşitmişdim; Bu zat deyirdi ki, məsələn kiminsə malını haqsız yerə yemisiniz, birini söymüşsünüz, ya da birinin qeybətini etmişsiniz. Axirətdə sizin savablarınızdan götürüb onlara verirlər. Ancaq bu verilənlər sizin əməllərinizdir, yəni Allahın (c.c.) sizə fəzlindən bəxş etdiyindən verilmir. Elə isə əgər Cənabi-Haqq bir gecədə sizə səksən illik bir əcr (savab) veribsə, səksən min adama borcunuz da olsa və sizin yalnız bu gecəniz varsa, həmin gecənizdən onlara paylanılır, lakin Allahın fəzlindən verdiyi səksən ilə bərabər bütöv hissə sizə qalar...

Məhz Ramazan ayı belə xeyir və həsənata (gözəl və yaxşı əməllərə) açıq, eyni zamanda mühüm xeyirlər doğuran bir aydır. Lakin xüsusilə, Quran xadimlərinin Ramazanı da, digər günləri də müstəsna əhəmiyyət kəsb edir. Çünki Haqq Təala  indiki dövrdə heç kimin görə bilmədiyi hər mövsümün işini bu insanlara gördürür. Beləcə, onlar təkcə Ramazan ayını deyil, bütün ömürlərini mücahidə ruhu ilə bir naxış kimi hörürlər. Məhz bu hal İmam Rabbani Həzrətlərinin dediyi "sadəcə bir Ramazanı əhya, onu dəyərləndirmə və Ramazanın dəyərləndirilməsi ilə çox əngin və geniş xeyirlərə açılma" işini ötüb keçər. Çünki bu insanlar göz oxşayan və çox ehtişamlı işlər görür və hal-hazırda həqiqi dəyərini verə bilmədiyimiz bir tarix  yazırlar.  Bu baxımdan da, əgər bir Ramazan ayı bir ixlaslı insana səksən illik ömür qazandırırsa, hər halda onların savabını hesablamaq mümkün olmayacaq.

Mələklərin bayram etdiyi gecə[7]

Qədr gecəsi səmavi çələnglərin süslədiyi, sultanların gəlib keçdiyi və mələklərin alqışladığı gecədir. Bu gecədə mələklər (yer üzünə) dəstə-dəstə enirlər. "Qədr" surəsində bu eniş hadisəsi təsvir edilərkən çətinlik bildirən təsriflənən fel forması işlədilir: "Tənəzzəlü", yəni o qədər çox mələk, o qədər böyük arzu ilə enir ki, hamı birdən bir qapıdan keçirmiş kimi sıxlıq və çətinlik yaranır. Və bu mələklərin təşrifi şəfəq doğana qədər davam edir.

Həmçinin Qədr dəyər, qiymət və ölçü mənalarına da gəlir. Bu sözün qüdrətlə də əlaqəsi var. Necə ki Allah axirətdə hikmətdən daha çox qüdrəti ilə rəftar edir, eləcə də bu gecəyə (Qədr gecəsində) hikmətdən çox qüdrət hakimdir. Bu gecənin qədrini bilənlərə İlahi varidat leysan kimi gəlir, üstəlik də möminlərə axirətdə mükafat kimi gəlir. Bunları əldə etmək, Qədrin qiymətini bilmək, səmavi "verici"lərdən yağan varidatı qəbul edə bilmək üçün Qədr gecəsindən bir "alıcı" kimi istifadə etmək lazımdır. İnsan bu gecə mələki yönünün inkişafı ilə mələklərlə bu və ya digər şəkildə təmas da qura bilər.

Gizli xəzinələrin mənbəyi Qədir[8]

Ucuzçuların bir şey əldə edəcəyinə heç vaxt inanmadım, inanmıram. Məsələn, ucuzçuların Qədr gecəsindən tam istifadə edəcəyinə inanmıram. İl boyu gözləsin, gəlib təkcə Ramazani-Şərifin iyirmi yeddinci gecəsini əhya etsin, sonra bununla Cənabi-Haqqın Qədr gecəsini layiqincə dəyərləndirənlərə bəxş etdiyi İlahi lütflərə nail olsun... Belə şey mümkün deyil. Buna görə Əbu Hənifə, – acizanə qənaətimcə, Həqiqəti-Əhmədiyəni[9] ən yaxşı təmsil edən insan odur  – deyir ki, "Qədr gecəsini yalnız müəyyən gecələrdə deyil, ilin üç yüz altmış beş gününün hər gecəsində axtarmaq lazımdır. Siz üç yüz altmış beş gecəni böyük etina ilə əhya etsəniz, Allah-Təala da o səmimi qəlbinizə lütflər bəxş edər".

Fəxri-Kainat Peyğəmbərimiz Qədr gecəsinin vaxtını bilirdi. Lakin bir gün: "Qədr gecəsinin hansı günə düşdüyünü söyləyəcəkdim; çölə çıxdım, gördüm ki, iki nəfər bir-biri ilə mübahisə edir. Onlarla məşğul olarkən Qədr gecəsi mənə unutduruldu" buyurmuş və bununla həm möminlər arasında ən kiçik ixtilaf və mübahisənin Onu necə dərindən yaraladığına, həm də Qədr gecəsinin gizli qalmasının İlahi hikmət olduğuna işarə etmişdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dövründə Qədr gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsinə rast gəlmişdi və ondan sonra da Rəsuli-Əkrəm əleyhissalam onu Ramazani-Şərifin son on günündə tək gecələrdə axtarmağı tövsiyə etmişdir.

"Hər gecəni Qədr, hər insanı Xıdır bil" sözü də qısa, amma çox şümullü bir sözdür. Bəli, Xıdır (ə.s.) da insanlar arasında gizlidir. O, Yasirdirmi, Mustafadırmı, Əbdürrəhimdirmi, Gültəkindirmi bilə bilməzsiniz. Ancaq siz hər kəsə hörmət edər, hər möhtaca kömək edər, hər kəsə əl uzadar, bütün insanlara köksünüzü açarsanız, bir gün əhli-imandan bir Xıdıra rast gələrsiniz və sizin də könül bağınız yaşıllaşar.

Allah-Təala hər gecənin Qədr, hər insanın Xıdır ola biləcəyinə inanmaq, bu mövzuda daim diqqətli, ruhən, mənən hazır olmaq üçün bu iki şeyi gizli saxladığı kimi, İsmi-Əzəmi də əsmayi-İlahiyyə arasında gizlədərək bizi bu istiqamətdə də xüşyar və ayıq-sayıq olmağa yönəldir. Beləcə, diqqətimizi öz qəlbimizə yönəltmiş, – istər Cövşən, istər Cəlcəlutiyə oxuyaq, istərsə də İmami-Qəzalinin İsmi-Əzəm kimi rəvayət etdiyi "Fərdun, Hayyun, Qayyumun, Hakimun, Adlun, Quddus" isimlərini zikr edək.. – yəni Ona əl açarkən hansı isimlərini şəfaətçi etsək də, səmimi, sadiq və sədaqətli olmağımız gərəkdiyinə işarə etmişdir.

Bəli, Allaha (c.c.) qəlbən bağlı deyilsinizsə, çətin taparsınız Qədri, Xıdırı və İsmi-Əzəmi. Bunlar sirr pərdələrini ancaq qəlbən doğru və sədaqətli olduğunuz zaman, arxasınca düşdüyünüz şeyi əvvəla öz qəlbinizdə axtarıb tapdığınız zaman açar sizlərə. İçinizdə hazıra nazirlik düşüncəsi varsa, "dərhal tapım, dərhal deyim, dərhal əldə edim" hissinə qapılmısınızsa, daha çox gözləməli olacaqsınız.

Bu mövzunu da hələlik, bizim də meyar qəbul etdiyimiz cümləni bir daha təkrar edərək bitirim: "Siz, Allahın isimləri arasında İsmi-Əsğəri (Ən kiçik isim) göstərin, mən də sizə İsmi-Əzəmi (ən böyük isim) göstərim".


[1] Fasıldan Fasıla, 1. http //tr.fgulen.com/content/view/11090/77/

[2] Bir yazını başqa bir səhifəyə köçürmək

[3] Kitabi-Mübin – Allahın qüdrət və iradəsinin ümumi düsturlarının və təməl prinsiplərinin yazıldığı kitab(Elmi İlahinin bir ünvanı).

İmami-Mübin – Lövhi-Məhfuzun bir başqa adı, qədər kitabı(Elmi İlahinin bir ünvanı).

[4] Osmanlıda yeniçərilərə və sipahilərə (süvari əsgərlərə) verilən maaş.

[5] Fikir Atlası(Fasıldan-Fasıla 5), http://tr.fgulen.com/content/view/13561/3/

[6] Kendi İklimimiz(Prizma-5), http://tr.fgulen.com/content/view/11875/3/

[7] Fasıldan-Fasıla-3, http://tr.fgulen.com/content/view/11395/3/

[8] Kırık Testi-1, http://tr.fgulen.com/content/view/12184/3/

[9] http://tr.fgulen.com/content/view/13566/3/

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.