Gülən Fəaliyyəti ictimai xarakterli bir fəaliyyətdir
“Gülən Fəaliyyəti” bütün dünyada siyasi və sosial sahələrdə çalışan alimlərin diqqətini cəlb etməkdə davam edir. Bu fəaliyyət haqqında son araşdırma Hyuston Universitetinin sosiologiya kafedrasının professoru Helen Rose Ebauha məxsusdur. Ebauhun keçən ay nəşr olunan “The Gülen Movement” adlı kitabı haqqında danışmışdıq.
Xaricdə, xüsusilə, ABŞ universitetlərində M. Fəthullah Gülən və onun təşviqi ilə açılan məktəblərə, həyata keçirilən layihələrə maraq gündən-günə artır. Siyasi və sosial sahələrdə işləyən alimlər artıq qloballaşan “Gülən Fəaliyyəti”nin elmi və tarixi qaynaqlarını, motivlərini, motivasiyalarını anlamağa çalışırlar. Bir çox yüksək elmi araşdırmaların mövzusu olan “Gülən Fəaliyyəti” haqqında yeni araşdırmanı isə Hyuston Universitetinin sosiologiya kafedrasının müəllimi Helen Rose Ebauh yazdı. “The Gülen Movement: A Sociological Analysis of a Civic Movement Rooted en Moderate Islam (Gülən fəaliyyəti: kökləri mülayim (mötədil) İslama bağlı sivil fəaliyyətin sosioloji analizi) adı ilə nəşr olunan kitab “Gülən Fəaliyyəti”nin sosioloji analizinə həsr olunmuşdur. Dini sosiologiya sahəsində daha əvvəllər bir çox əsərə imza atan Ebauhdan sözügedən kitabı haqqında müsahibə aldıq:
Sual: “Din sosiologiyası və diaspor təşkilatlarının dini fəaliyyətləri” mövzusunda apardığınız araşdırmalar haqqında məlumatımız var. Bəs sizin “Gülən Fəaliyyəti”nə marağınız nə vaxt və necə başladı?
– 11 Sentyabr hadisələri zamanı Hyuston Universiteti sosiologiya kafedarasında “Dünya Dinləri Sosiologiyası” fənnindən dərs deyirdim. O ərəfədə Amerikada Müsəlmanlara qarşı mənfi münasibət formalaşmaqda idi. Getdikcə yayılan və Müsəlmanları zorakılıqla eyniləşdirən bu mənfi münasibətə qarşı İslam dünyasında mövcud olan tolerant və mötədil fəaliyyətləri araşdırmaq qərarına gəldim. Bu əsnada hörmətli Gülənin “New York Times” qəzetində dərc olunan şərhini də oxudum. O, məqaləsində 11 Sentyabr hadisələrini qınaqla qarşılayırdı. Bir neçə il sonra doktorluq oxuyan iki türk Hyuston Universitetinin sosiologiya fakültəsinə daxil oldu. Həmin tələbələr mənim dərslərimi götürdülər və doktorluq işlərini “Gülən Fəaliyyəti” haqqında yazmaq qərarına gəldilər. Bu əsnada dinlərarası dialoq üzrə araşdırmalarıma görə məni İsveçin Höteburq şəhərində keçirilən III Harran konfransına məruzəçi kimi dəvət etmişdilər. Bu konfransın sponsorlarından biri “Jurnalistlər və Yazarlar Vakfı” idi. Bunun sayəsində “Gülən Fəaliyyəti”ni yaxından tanımağa başladım. “Gülən Fəaliyyəti”nin dinlərarası dialoq, tolerantlıq, təhsil, müasirləşmə və birgəyaşayış məsələlərinə verdiyi töhfələrdən xəbər tutdum.
Sual: Hansı səbəbdən “Gülən Fəaliyyəti” haqqında geniş elmi araşdırma yazmağa ehtiyac hiss etdiniz?
– “Gülən Fəaliyyəti” Türkiyədə və dünyada getdikcə vüsət alan bir sivil toplum fəaliyyətidir. Bu fəaliyyətlə bağlı apardığım araşdırmalar zamanı Fəthullah Gülənin təşviqi ilə qurulan bəzi müəssisələri ziyarət etdim. Düzünü deyim ki, bu müəssisələrin keyfiyyəti və xüsusilə, məktəblərdə valideyn və şagirdlərin həyəcanı mənə böyük təsir etdi. Bir dinlərarası dialoq gəzintisi əsnasında Türkiyədə “Gülən Fəaliyyəti” ilə bağlı olan və bu fəaliyyəti dəstəkləyən insanlarla tanış oldum. Mənim sosiologiyada ixtisas istiqamətim din sosiologiyası və ictimai fəaliyyətlərdir. Araşdırmalarımda ictimai fəaliyyətlərlə, xüsusilə, onun üzvlərinin məsləklərinə sədaqəti və bağlılığını təmin edən səbəblərlə daha çox maraqlanırdım. “Gülən Fəaliyyəti”ndə, xüsusən, üzvlərinin motivasiyası məni heyrətə gətirdi. Bu bağlılığın, həyəcanın və motivasiyanın səbəblərini araşdırmağa başladım. Dünyada get-gedə yayılan dini fəaliyyətlərlə məşğul olan bir insan kimi sürətlə qloballaşan və hər gün genişlənən “Gülən Fəaliyyəti”ni dərk etməyin əhəmiyyətli olacağını düşündüm.
Sual: “Fəaliyyət” haqqında tez-tez gündəmə gətirilən bir mövzudan da bəhs etmişdiniz: Gülən fəaliyyətiniin iqtisadi ölçüsü. Kitabda da qeyd etdiyiniz kimi "dəyirmanın suyu" təbiri fəaliyyətə mənfi münasibət bəsləyən qrupların ortaq anlayışına çevrilib. Üç il davam edən araşdırmalarınızdan sonra sizə belə bir sual vermək istərdik: Haradan gəlir "dəyirmanın suyu" “anlayışı”?
– Araşdırma zamanı bu mövzunu cəmiyyətin fərqli təbəqələrindən Türkiyə və ABŞ-da yaşayan və bu fəaliyyətə dəstək verən 100-dən çox insanla müzakirə etdim. Bu dialoqlardan sonra belə bir nəticəyə gəldim: Gülən fəaliyyətinə maliyyə dəstəyi vermək mənsublar üçün olduqca əhəmiyyətlidir. Varlı iş adamlarından fabrik işçilərinə qədər tanıdığım və söhbət etdiyim hər kəs bu fəaliyyətə maddi dəstək göstərməyə böyük əhəmiyyət verir və buna görə özünü xoşbəxt hiss edir. Bəzi varlı iş adamları gəlirlərinin, demək olar ki, üçdə birini bu işlərə bağışlasalar da, (bu miqdar bəzən milyonlarla dollara çatır) ümumiyyətlə, göstərilən yardımlar orta hesabla əksər insanların gəlirinin on faizini təşkil edir. Məsələn, yüksək gəlirli bir sahibkar hər hansı bir bölgədə ehtiyacı olan bütün şagirdlərin təqaüdünü, bəzən də məktəb binası tikmək üçün torpağın xərcini öhdəsinə götürür. Bununla yanaşı, az gəlirli insanlar da heç olmasa, bir şagirdə təqaüd verirlər. Fəaliyyətə dəstək verənlər (iqtisadi vəziyyətləri necə olursa-olsun) üçün ən əhəmiyyətli amillərdən biri möhtac insalarla paylaşmaqdır, onların dadına çatmaqdır. Türkiyədə olduğum müddətdə, xüsusilə, qonşular arasında qarşılqlı kömək, paylaşmaq kimi anlayışların türk-İslam mədəniyyətinin əhəmiyyətli bir parçası olduğunu gördüm. Bu səbəblə kitabın beşinci hissəsini türk-İslam mədəniyyətində paylaşmanın (yardımlaşmanın) əhəmiyyətinə ayırdım.
Sual: Deyirsiniz ki, “Fəaliyyət”in maddi qaynağını cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar təmin edir və onların arasında sənayeçilərlə yanaşı, fabrik işçiləri, hətta doktorluq oxuyanlar da var. Müxtəlif təbəqələrdən olan insanları bu fəaliyyət ətrafında nə birləşdirir?
– Əslində, burada bunu söyləmək lazımdır; əvvəlki sualınızın davamını gətirməli olsam, ABŞ-da xalqın kilsələrə etdiyi yardım bütün yardımların təxminən 63 %-ni təşkil edir. (Virginia Hodgkinson and Murray Weitzman, Giving and Volunteering en the United States, 1992). Bu rəqəm təxminən 50 milyard dollar civarındadır ki, onun da 80%-i fərdi yardımlardan ibarətdir. Bir çox dini təşkilat və qeyri-hökumət təşkilatları da üzvlərinin və tərəfdarlarının yardımı ilə maliyyələşir. Bu, Dünyanın hər yerində belədir. Müxtəlif bölgə və toplumlarda pul toplama üsulu fərqli ola bilər, amma bu, işin mahiyyətini dəyişdirmir. Yaxşı, hansı səbəbdən bəzi insanlar “Gülən Fəaliyyəti”nə verilən yardım və hədiyyələrə bu qədər maraq və şübhə ilə yanaşır? Mənə görə yardımlar və müxtəlif təbəqlərdən qatqılar son dərəcə təbiidir və bu nöqtədə ”Gülən Fəaliyyəti” dünyada mövcud olan digər xeyirxah müəssisələrdən çox fərqlənmir.
Sual: Türkiyədə və Türk diasporunda apardığınız araşdırmalar zamanı bir çox müəssisəni yaxından tanımaq imkanınız oldu. Bunlardan kitabınızda geniş bəhs etmişsiniz. Sizə görə bu müəssisələrin ortaq xüsusiyyətləri nədir? Müvəffəqiyyət qazanmalarının əsas səbəb nədir?
– Birincisi, bu müəssisələrin bir çoxu Gülənin təşviqedici və cəsarətverici fikirlərini mənimsəmişlər. Bunların arasında ilk ağıla gələnlər; gənclərin təhsilinin ictimai rifah və əmin-amanlığa fayda verəcəyi düşüncəsi, müsbət elmlərlə yanaşı, dini təhsilin də verilməsi, dinlər və mədəniyyətlərarası dialoq fəaliyyətlərinə əhəmiyyət verilməsi, qonaqpərvərlik və insanlara xidmət etmə düşüncəsidir. İkincisi, müəssisələrdə çalışan insanların vəzifələrinə məsuliyyətlə yanaşması və müəssisənin amaclarına inanması və ona bağlılığı. Üçüncüsü, mərkəzi olmayan yerli təşkilatlanmalar diqqət çəkir. Məsələn, bir bölgədə yaşayan insanlar həmin bölgənin ehtiyacları və prioritetlərinə görə görüləcək işlər barədə qərar verə bilirlər. O bölgədə məktəbə ehtiyac varsa, məktəb, xəstəxanaya ehtiyac varsa, xəstəxana, tələbə yataqxanasına ehtiyac varsa, yataqxana binası tikilir. Yardım edən insanlar bu işlərin bir parçasına çevrilirlər. Bundan başqa, Gülənin təşviqi ilə açılan bu müəssisələr Türkiyə miqyasında keyfiyyəti ilə də önə çıxır. Məktəb, xəstəxana və təhsil ocaqlarında bunu görə bilirik. Bu keyfiyyət düşüncəsi motivasiyanı da artırır.
Sual: Kitabda “Gülən Fəaliyyəti”nə qarşı mənfi düşüncələr haqqında da danışmısınız. Sizcə, “Gülən Fəaliyyəti” haqqında mənfi düşüncələrin və ya “qorxu”ların mənbəyi nədir? Araşdırmanızda bu qorxulara və narahatlıqlara əsas verən hallara rast gəldinizmi?
– “Gülən Fəaliyyəti”nə tənqidi yanaşanların bir çoxu Fəthullah Gülənin əsl məqsədinin dünyəvilik düşüncəsini ortadan qaldırmaq olduğunu sanır. Gülənin yazdığı yüzlərlə səhifə kitabı oxuduqdan və yüzdən çox adamla danışdıqdan sonra bunu deyə bilərəm: Gülənin dövlətin rejimini dəyişdirmək kimi bir məqsədinin olmasına dair bircə ipucu ilə də qarşılaşmadım. Əksinə Gülən və onu dəstəkləyənlər çox vaxt siyasi mübahisədən uzaq olmağa çalışırlar. Bu səbəbdən heç bir siyasi müəssiə qurmadıqları kimi, siyasi strukturları dəyişdirmə yönümlü fəaliyyətlər də göstərmirlər. “Gülən Fəaliyyəti” siyasi fəaliyyət yolunu deyil, ictimai xarakterli fəaliyyət yolunu turmuşdur. İnsanları xoşgörüyə, dözümlülüyə və elmi inkişafa təşviq etməyə çalışır.
Sual: Yaxşı, Gülənin təşviqi ilə açılan müəssisələrin onlara ev sahibliyi edən cəmiyyətlərə hansı faydaları var? Məsələn, kitabınızda Gülən Fəaliyyətinə yaxın insanların Amerikada göstərdiyi fəaliyyətlərdən danışmısınız...
– İcazə versəniz, yaxından tanıdığım iki qrupdan bəhs etmək istəyirəm. Bunların biri Hyustonda, digəri Avstraliyanın Melborn şəhərində. Hyustondakı Dinlərərəsi Dialoq İnstitutu qısa zamanda şəhərin ən uğurlu dialoq müəssisələrindən birinə çevrildi. Bu müəssisə təşkil etdiyi simpoziumlar, ziyafətlər və mədəniyyət proqramları ilə müxtəlif din və inanclara malik insanları və düşüncələri bir araya gətirir. Məsələn, hər il ramazan ayında müxtəlif din və inanca malik təxminən 300 adamdan ibarət iftar yeməyi təşkil edir. Bununla yanaşı, hər il müxtəlif dinlərin mənsublarının qatıldığı bir yemək ziyafəti təşkil edir və orada fərqli bir mövzu müzakirə olunur. Bu institutun üzvləri eyni zamanda şəhərdə yaşayan müxtəlif təbəqələrlə fərdi şəkildə əlaqələr də qururlar. Bu dostluqlar evlərdə təşkil edilən şam yeməkləri ilə daha da səmimiləşir. İke Qasırğası zamanı Gülən qrupu elektriki kəsilən şəhər sakinlərini öz mərkəzlərində qalmağa dəvət etmişdi. Qasırğada zərər çəkmiş insanlar günlərlə bu müəssisənin mərkəzində qonaq edildi. Şəhər sakinlərinin Müsəlmanları üzbəüz və şəxsən tanımağa başlaması, bəlkə də, “Gülən Fəaliyyəti”nin ən böyük qatqısı idi Hyuston şəhərinə. Keçən ilin dekabr ayında Melborna gəzintiyə getdim və orada bir neçə müəssisəni müşahidə edə bildim. Xüsusilə, Viktoriya bölgəsinin qubernatoru bu müəssisələrdən məmnun olduğunu bildirdi, onların işini təqdir etdi. Qubernator Gülənin təşviqi ilə açılan müəssisələrin təkcə təhsil sahəsində fəaliyyət göstərmədiyini, bölgədə sülh və əmin-amanlıq üçün faydalı olan işlər də gördüyünü bildirdi. Xüsusilə, onların kiçik yaşda cinayət hallarının qarşısını almaq məqsədilə yerli polislə birlikdə çalışması qubernatora böyük təsir etmişdi.
Sual: Bütün bunların işığında, sizcə, digər sivil müəssisələr “Gülən Fəaliyyəti”ndən nə öyrənə bilər?
– Rosabez Kanterin 1970-ci illərdə qələmə aldığı və ictimai elmlərdə cığır açan əsərlərdən biri sayılan araşdırmasından bəri sosiologiya alimləri davamlı olaraq bir “Fəaliyyət”ə daxil olan qrup mənsublarının qrupun məqsədləri istiqamətində göstərdiyi fədakarlıq və səylərinin bu üzvlərin qrupa bağlılığına və sədaqətina necə dərindən təsir etdiyini göstərir. Cəmiyyətə xidmət edən bir qrupa mənsubluq fərdlərin həyatını mənalandırmaqla qalmır, eyni zamanda onların şəxsiyyətini, kimliyini formalaşdırır. Bu tip oluşumlar mənsublarının qrupa daha möhkəm bağlanmasını təmin edir. Üzvlər özlərini böyük bir oluşumun, fəaliyyətin parçası hiss etdikcə bu bağlılıq daha da artır. Sivil toplum təşkilatları üzvlərinin qrupun fəaliyyətlərində aktiv olması və fədakarlıq göstərməsi üçün onları motivasiya etməlidir. “Gülən Fəaliyyəti” yalnız vəz və nəsihət verməklə kifaytələnməyən, insanlara necə fəaliyyət göstərməyi və keyfiyyətli müsəssiəsləri necə qurmağı göstərən bir fəaliyyətdir. Xüsusilə, yerli qrupların bu layihələri dəstəkləməsi və onlara sahib çıxması böyük müvəffəqiyyət sayılmalıdır. “Gülən Fəaliyyəti”nin könüllüləri getdikləri hər bölgədə o bölgənin ehtiyacları və xüsusiyyətlərinə uyğun layihələr həyata keçirirlər. Bu da, məncə, Fəaliyyətin yüz ölkəyə və beş qitəyə necə yayıldığını göstərir.
Sual: Bu sual bir az elmi olacaq. Araşdırmanızda ictimai fəaliyyətlər ədəbiyyatında çox istifadə edilən "resource mobilization" (qaynaq səfərbərliyi) nəzəriyyəsindən istifadə etmisiniz. Sizcə, “Gülən Fəaliyyəti”ni anlaya bilmək üçün başqa hansı nəzəriyyələrdən faydalanmaq olar?
– Mən “Gülən Fəaliyyəti”ni dünyada mövcud olan ictimai fəaliyyətlərin əhəmiyyətli və yaxşı bir nümunəsi kimi nəzərdən keçirirəm. Hazırki dövrdə, xüsusilə, immiqrant birliklər tərəfindən təşkil edilən və dini fəaliyyətlərin yayılması məqsədini güdən mühüm ictimai fəaliyyətlər var. “Gülən Fəaliyyəti”, məncə, qlobal, ümumbəşəri bir fəaliyyətə çevrilmişdir və bu kimi digər qlobal fəaliyyətlərin mahiyyətinin qavranılması üçün mühüm imkanlar təqdim edir. Məsələn, “Gülən Fəaliyyəti” ilə bağlı araşdırma aparmaqla bu qlobal fəaliyyətlərin fərqli yerli, ictimai, iqtisadi və siyasi mühitlərə necə uyğunlaşdığını, qlobal fəaliyyətlərin iqtisadi baxımdan öz-özünü necə təmin etdiyini və ya bu səviyyəyə necə çatdığını və fərqli bölgə sakinlərinin bu fəaliyyətlərə münasibətini daha yaxşı anlamaq olar. “Gülən Fəaliyyəti” digər ictimai fəaliyyətləri anlamaq üçün yeni imkan və açılım təqdim edə bilər.
Sual: Son olaraq Gülən Fəaliyyətinin gələcəyi haqqında nə düşünürsünüz?
– Məncə, bu hərəkət qlobal mənada inkişafa və güclənməkdə davam edəcək. Belə düşünməyimin bir neçə səbəbi var:
1. Nə qədər ki Türklər xaricdə yaşayırlar, Türkiyədə bu “Fəaliyyət”lə tanış olmuş insanlar fəaliyyəti və layihələri diaspora da daşıyacaqlar.
2. Dünya qloballaşdıqca müxtəlif dini və etnik qruplar bir yerdə yaşamağı öyrənməyə və dialoq və ünsiyyətdə olmağa daha çox əhəmiyyət verəcəklər. “Gülən Fəaliyyəti” bu nöqtədə barış və əmin-amanlıq dünyası istəyənlər üçün əhəmiyyətli faktordur. Dünyanın müxtəlif bölgələrindən olub Gülən məktəblərində təhsil alan bir çox gənclər bu gün kariyeralarının ilk mərhələsindədir. Bu qrup böyüdükcə, genişləndikcə onun mənsubları getdikləri yerlərdə bu keyfiyyətli müəssisələri açmaq və Gülənin sülhsevər fikirlərini yaymaq istəyəcəklər.
3. Gülənin təşviqi ilə açılan məktəblər eyni zamanda dünya səviyyəsində keyfiyyətli təhsilin əhəmiyyətli olması ilə bağlı insanlara ilham verməkdə davam edir. Gün keçdikcə bu məktəblərin də yayılacağını proqnozlaşdırmaq olar.
4. Gələcəkdə “Gülən Fəaliyyəti” Türkiyədə siyasi təzyiq və ya məhdudiyyətlərlə üzləşsə də, o, ümumbəşəri, qlobal mahiyyətli bir fəaliyyət olduğuna görə bu tip maneələr onun böyüməsini dayandıra bilməyəcək və fəaliyyət Türkiyə sərhədləri xaricində də güclənməkdə davam edəcək. (Taha Asım Yılmaz)
- tarixində yaradılmışdır.