“Hizmət hərəkatı” rəqabət fəlsəfəsinə meydan oxuyur
İngilis Millətlər Birliyinin keçirdiyi və əlli dörd ölkənin təhsil nazirinin iştirak etdiyi “Təhsil mübadiləsi” mövzulu sammitdə Cənubi Afrika professoru Mişel Samuel (Michael Samuel) “Hizmət” haqda hazırladığı mühazirəni oxudu. Çıxışında o, dünya siyasətinin “önə keçmə”, Hizmət hərəkatının isə “həmrəylik” fəlsəfəsi əsasına söykəndiyini, "Hizmətin təhsildə şagird-müəllim-valideyn əlaqələrinə yenilik gətirdi"ni açıqladı.
Cənubi Afrika alimi professor Mişel Samuel Cənubi Afrika, Hindistan, Mavriki kimi ölkələrin təhsil fəaliyyətlərində iştirak etmiş, dil, mədəniyyət, pedaqoqika, tarix kimi sahələrdə doktor və magistratura proqramları üzrə təhsil vermişdir. Bir çox nüfuzlu qurumlarda müşavirlik etmişdir. Yaxın vaxta qədər Durban şəhərində yerləşən Kvazulu-Natal Universitetinin Pedaqoqika fakültəsində dekanlıq vəzifəsini icra etmişdir. 2011-ci ildə Turkois Harmoni (Turquoise Harmony) İnstitutunun Ubuntu təhsil mükafatına layiq görülən M.Samuelin bu il Mavrikidə keçirilən və İngiltərə, Kanada və Hindistan olmaqla əlli dörd ölkənin təhsil nazirinin iştirak etdiyi “Təhsil mübadiləsi” mövzulu sammitdə “Türk məktəbləri”ni təbliğ etmişdir. Professor M.Samuelin oxuduğu məruzə zirvədə geniş müzakirə edilmiş, maraqla qarşılanmışdır.
T. Terzi: Təhsilə maraq sizdə nə vaxt və necə oyandı?
M. Samuel: Beş nəsil təhsillə məşğul olan bir ailənin övladıyam. Pedaqoqika mənim qanımda var. Məktəb illərim maraqlı hadisələrlə doludur. Dünyanın ən radikal irqçi rejiminin hakim olduğu bir ölkədə dünyaya gəlmişəm. Mənim irqimə mənsub insanların təhsil aldığı məktəbə getməyə məcbur olmuşam. Ailəm müxtəlif irqlərə mənsub insanlardan ibarətdi, amma atam Hind irqindən olduğu üçün hindli sayılırdıq. Təhsilimi təkcə hindlilərin oxuduğu məktəbdə almışam. Buna görə ailə və məktəb həyatım bir-birindən çox fərqlənirdi.
T.Terzi: Fəthullah Gülən Xocaəfəndinin adı ilə birlikdə hallanan Hizmət hərəkatı ilə necə tanış oldunuz?
M.Samuel: Fəthullah Gülən Xocaəfəndinin fikirləri ilə katolik bir kilsənin rahibi Gart Mayklsın (Garth Michelson) vasitəsilə tanış oldum. Gart Mayklsın məni Turkuaz Harmoni İnstitutunun Durban şəhərində keçirdiyi iftar yeməyinə dəvət etmişdi. Durbandaki “Yıldız” kolleci sayəsində Fəthullah Gülən hərəkatı haqqında daha ətraflı məlumat topladım. Gülənin cavan nəslin rəğbət göstərdiyi ve getdikcə böyüyən hərəkatına heyran qaldım. Hərəkatın mükəmməl təhsil sistemi, bir alim olaraq, çox diqqətimi çəkdi. Türkiyəyə səfərimin əsas məqsədi də bu idi.
T.Terzi: Könüllülərlə əlaqələrinizi necə qiymətləndirirsiniz?
M.Samuel: Bu insanların ən bariz xüsusiyyəti səxavətlilik, comərdlikdir. Məni heyran edən Cənubi Afrika təhsilində göstərdikləri qətiyyət və fədakarlıqdı. Hər düşüncəyə tolerant yanaşırlar. Sizi diqqətlə dinləyirlər. Həyatını təhsilə həsr etmiş bu insanlar və təhsil sistemləri haqqında daha geniş məlumat əldə etmək istədim. “Yıldız” kollecindəki müəllimlərindən müsahibə götürdüm. Hizməti tanıdıqca başa düşdüm ki, bu hərəkat təhsil fəlsəfəsinə yenilik gətirir. Daha sonra elmi ictimaiyyətdə Hizmətin təhsil sistemini təbliğ etməyə başladım.
T.Terzi: Hizmət hərəkatı hazırkı cəmiyyətin problemlərinin həlli üçün hansı yeniliklər təklif edir?
M.Samuel: Hizmət hərəkatı dünyada çox müsbət işlər görür. Qlobal siyasətin əsasında “get ahead-önə keçmə" fikri dayanmışdır. Bu mübarizədə hər kəs bir-biri ilə rəqabət aparır və bir-birini sıradan çıxarmağa çalışır. Hizmət isə başqa şey deyir: "Gəlin birlikdə inkişaf edək. Hamımızın potensialı var, qaynaqları var. Birlikdə dünyanı daha da gözəlləşdirə bilərik". Təhsil sistemimizi rəqabət və uğur anlayışı ilə davam etdirsək, gələcəkdə hazırkı problemlərlə üzləşməyimiz qaçılmazdır. Şəxsi münasibətlərdə belə bütün gücümüzü üstün olmaq üçün sərf etsək, avtomatik avtoritar təhsil sistemi qurmuş olarıq. Fərdlərdə, dini qruplarda, ailələrdə və millətlərdə avtoritar xarakter formalaşdırmış olarıq. Hizmət hərəkatı bizi yardımlaşmağa və həmrəyliyə səsləyir. Bütün problemlərin mənbəyi sayılan rəqabət fəlsəfəsinə meydan oxuyur.
T. Terzi: Könüllülər Cənubi Afrikada və dünyanın müxtəlif bölgələrində bir çox məktəb açmış, böyük uğurlar əldə etmişdir. Sizcə bunun sirri nədədir?
M. Samuel: Şəhərimizdəki Türk məktəbi yerli məktəblərdən fərqli olaraq dəqiq elmlər sahəsində böyük uğurlar əldə etdiyinə görə marağa səbəb olmuşdur. Təhsil Nazirliyi və rəsmilər "Niyə o biri məktəblər “Yıldız” kolleci kimi deyil?" deyə araşdırmağa başladılar. Hizmət hərəkatı nəinki dəqiq fənlərdə uğur əldə etmiş, təhsildə şagird-müəllim-valideyn münasibətlərinə yenilik gətirmişdir. Bu uğurların əsasında şagirdə dəyər və müsbət münasibətlər var.
T.Terzi: “Təhsil mübadiləsi” mövzusunda keçirilən sammitdə məktəblərdən bəhs edən bir məruzə oxudunuz. Niyə?
M.Samuel: Sammitdə təhsildə yeni anlayış ortaya qoyan məqalələr seçilirdi. Daha əvvəl Nigeriyada təqdim etdiyim "Başqası və mən" adlı məruzə də bu məqalələrə daxil edilmişdi. Hizmətin təhsil fəlsəfəsindən bəhs edən məqalə “təhsildə əxlaqi məsuliyyət” kateqorisi üzrə nümunəvi məqalə seçildi və bütün ölkələrin təhsil nazirlərinə paylandı.
T. Terzi: Yaxınlarda Türkiyəyə səfəriniz oldu. Dediyiniz kimi, ölkənizdə təhsil sahəsində böyük uğurlar əldə edən Hizmət hərəkatını Türkiyədə necə gördünüz?
M.Samuel: Hizmətin təhsil fəaliyyətləri və müəllimləri ilə tanış idim. Türkiyəyə səfərimdə könüllü iş adamları ilə də tanış oldum. Hizmətin iş adamları ilə dialoq quraraq onlara cəmiyyətə qarşı əxlaqi, fəlsəfi və mənəvi məsuliyyətləri xatırlatmasını, qazanclarını kamil bir cəmiyyət üçün sərf etməyə təşviq etməsini, bunu praktiki olaraq həyata keçirməsini çox müsbət qiymətləndirirəm. Hizmət hərəkatı Türkiyədə ilham mənbəyinə çevrilmiş bənzərsiz qurumları ilə "cəmiyyətə hüdudsuz xidmət" idealını həyata keçirir.
- tarixində yaradılmışdır.