Sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün bir-birimizi anlamağa məcburuq
Hörmətli oxucular. Bu sayımızda da əcnəbi alimlərin gözü ilə M.F.Güləni tanıtmağa davam edirik. Bu yazı professor Helen Rouz İbahın müsahibəsi əsasında hazırlanmışdır. Müsahibədə Qərb dünyasında “Gulen Movement” kimi tanınan Könüllülər Hərəkatı, onun dialoq fəaliyyətləri, Sevgi məktəbləri və bu müəssisələrin dünya sülhünə verdiyi töhfələrə toxunulmuşdur.
Professor Helen Rouz İbah (Helen Rose Ebauf)
ABŞ-ın Kolumbiya Universitetində doktorantura təhsilini tamamlayan Helen Rouz hal-hazırda Hyuston Universitetində sosiologiya üzrə professordur. 38 ildir elmi tədqiqatlarla məşğul olan Helen Rouz dinlərin sosiologiyası sahəsində apardığı araşdırmalara görə bir çox beynəlxalq mükafatlarla təltif edilmişdir Afrika ve Avstralyanın qəbilə dinlərindən müasir inanclara qədər bir çox sahədə araşdırma aparıb məqalə və kitablar yazan Helen Rouz insanlara öz dinlərini anlama yolunda kömək etdiyi üçün çok xoşbəxt olduğunu deyir.
11 Sentyabrda təyyarələr əkiz qüllələrə çırpılanda mən dərs deməklə məşğul idim. Hətta hadisə zamanı növbəti dərsə hazırlaşırdım. Hadisədən xəbər alanda dərsi yarımçıq qoydum. Daha doğrusu, tələbələrdən biri Nyu Yorkta baş verən hadisə haqqında fikrimi soruşanda sonra bundan xəbər tutdum. Dərsi dayandırdım və “Əgər verdiyiniz bu xəbər doğrudursa, dünya əvvəlki dünya olmayacaq. Onsuz da, nələr olacağını televiziya kanallarından izləyəcəyik. Sizi bir məsələdə xəbərdar etmək istəyirəm: yaxında bu hadisəyə görə bəzi islami qrupların adı hallandırılacaq, düzdür, ola bilsin ki, bu işə bəzi müsəlmanlar da qarışıb, amma izin verin, bir şey deyim: İslamiyyət bu danışılanlar deyil”. Daha sonra baş verən hadisələrdən də xəbəriniz var...
İnancsızla inanclı insan arasında müqayisə aparmaq həqiqətən çox çətin işdir. Amma bunu deməliyəm ki, din gözəl şeylərə də səbəb ola bilər, təxribatçıların əlində bir alətə də çevrilə bilər. Bu baxımdan dinə çox diqqətlə yanaşmaq lazımdır. Dini inancından çıxış edərək gözəl işlər görənlərlə yanaşı, dini təxribata alət edənlər də var. Yəni dinə ifrat optimist və qərəzli baxışlarla deyil, analitik gözü ilə baxmaq lazımdır. Mən dərslərimdə bu cür baxış bucağına üstünlük verirəm. Hansı şəraitdə din cəmiyyətə yararlı ola bilər və ya təxribat vasitəsi kimi istifadə oluna bilər, bunu öyrənməyə çalışıram.
İlk dəfə Gülən Hərəkatı haqqında 11 Sentyabr hadisəsindən on gün sonra eşitdim. Sentyabrın 21-də “Vaşinqton Post” qəzetində 11 Sentyabr hadisələrini qınayan bir səhifəlik yazı oxudum. Diqqətimi çəkdi, “11 Sentyabr hadisəsinə etirazını bildirən İslamın sülhsevər və mötədil yolu budur”, - dedim. Açığı, ABŞ-da belə şeyləri çox görməmişdik. Hətta media İslamiyyəti terrorizmlə bir tuturdu. Yazının müəllifinə baxdım, “din xadimi və mütəfəkkir M.Fəthullah Gülən” yazılmışdı. “Kimdir bu insan?” - dedim. Düz 2006-ci ilə qədər onun haqda başqa bir şey eşitmədim. Ta ki Qəzetçilər və Yazarlar Vəqfi tərəfindən bir dinlərarası dialoq konfransında açılış məruzəsini oxumağa dəvət edilənədək. Vəqf haqqında məlumatım yox idi. Konfransın adı –“Üçüncü Harran görüşü” marağıma səbəb oldu. Araştırdım və gördüm ki, yepiskop, xaxam, imam və vaizlərin iştirakı ilə həyata keçirilən yüksək səviyyəli dini toplantıdır. 3-4 gün çəkən konfrans boyu dinlərarası dialoqla bağlı mövzuları müzakirə etdik. Qəzetçilər və Yazarlar Vəqfi ilə tanışlığım hərəkatla ikinci təmasım oldu. Hərəkata mənsub və ya bu yola könül vermiş tələbələrim vardı. “Bu tələbələri daha diqqətlə müşahidə etməliyəm”, - deyə düşündüm. Çünki bu hərəkat çox fərqli idi. Dinlərarası dialoq sahəsindəı işləyən bir elm adamı olaraq istər hərəkatı araşdıran tələbələr vasitəsi ilə əldə etdiyim sistematik məlumatlar, istərsə də öz müşahidələrim olduqca maraqlı idi. Daha sonra dinlərarası dialoq heyəti ilə birlikdə Türkiyəyə getdim və orada hərəkatın ailə, məktəb və xəstəxanalarını gəzib görüdm. Bu son müşahidələrim mənə Gülən hərəkatının ictimai bir hərəkat kimi araşdırılmasının vacibliyini deyirdi.
Hərəkata mənsub insanların ürəkdən çalışması və fədakarlığı ilk gündən məni heyran etmişdi. Məsələn, bizim magistrantlar çox dərs oxuyurlar, çalışmağa məcburdurlar da. Buna baxmayaraq, hərəkatın fəaliyyətlərinə həftədə 25-30 saat həsr edirlər. Bu insanlar yuxusunu nə vaxt alırlar, inanın ki, bilmirəm. Müdhiş enerji və müdhiş bağlılıq... Məhz bu məqam məni düşünməyə vadar etdi. Bu insanları bu qədər fədakarlığa sövq edən nə idi? Bu, ictimai hərəkatların aradşırılmasında ilk sırada gələn suallardan biridir. İnsanları ictimai hərəkatlara qatılmağa sövq edən amillər nədir? Dinin insanların bu dünyanı anlaması və təcrübə etməsi üçün zəruri olduğuna inanıram. Jozef Kimballın dinə yanaşması çox xoşuma gəlir. Kimball deyir ki, insanın bu dünyada mənəvi gözəllikləri hiss etmək, yaşamaq üçün dinə ehtiyacı var. Məncə, bu, bütün dinlərə aiddir. İbadətlər, rəmzlər və qissələr dinlərdə mühüm əhəmiyyət kəsb edir, məsələn.
Mən sadəcə hərəkatı təsvir etməyə çalışıram. Əlbəttə, mümkün qədər obyektiv... Amerikada əksəriyyətin Gülən Hərəkatı haqqında məlumatı yoxdur. Bu prizmadan baxanda, əslində Hərəkat haqqında qələmə aldığım kitab onu Qərb dünyasına tanıtmaq üçün atılan bir addımdır. Hərəkatla məsafəli olmağa çalışdım ki, obyektivliyi əldən verməyim, nə müşahidə edirəmsə, onu yaza bilim. İki suala cavab axtardım: “Hərəkat necə maliyyələşir?” və “Bu fədakarlığın qaynağı nədir?”. Ümumiyyətlə, ictimai hərəkatları araşdırarkən bu sualları ön plana qoyuram.
Məktəblərə gəlincə, məncə, bu təhsil ocaqları hərəkatın ürəyidir. Möhtərəm Gülən lap əvvəldən gənc nəslin təhsilinə çox əhəmiyyət verir. İnsana bir bütöv kimi yanaşaraq ona təhsil vermək mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məktəblər hərəkatın “vitrin”idir. Yüksək keyfiyyətli təhsilinə görə məktəblərin gələcəyindən çox ümidliyəm. Qənaətimcə, həm kamil insan yetişdirmək, həm də zorakılıq və terrorizmin qarşısını almaq üçün gənc nəsli savadlandırmaq lazımdır. Bu kimi problemlərin həllində təhsilin roluna ən çox inananlardan biri də mənəm. Çünki terrorizmin kökünü bombalar və güllərərlə deyil, ilk növbədə zehinlərdə kəsmək lazımdır. O cümlədən gənc nəslə ümumbəşəri insani dəyərləri mənimsətməliyik. Bu baxımdan onları ürəkdən dəstəkləyirəm. Çox mühüm işlər gördüklərini və dünya inanılmaz töhfələr verdiklərini düşünürəm. Səmimi, istiqanlı və qonaqpərvər insanlardır, onları təqdir edirəm. Hərəkat həmçinin Türkiyəyə qarşı marağı, təqdiri də artırır. Məsələn, ABŞ-da hərəkat sayəsində bir çox insan Türkiyəyə səfər edir, Türk insanını tanıyır. Hər halda bu, Türkiyə üçün çox gözəl bir hadisədir.
Hazırda hərəkatın xaricdə, Türkiyədən kənarda həyata keçirdiyi fəaliyyətləri araşdırmaqla məşğulam. Şübhəsiz, hərəkat tədricən beynəlxalq hərəkəta çevrilir. İctimai hərəkat üzrə tədqiqatçı olaraq, mənim üçün çox maraqlı və həyəcanlı araşdırma olacaq. Çünki hərəkatın qloballaşma prosesində həm yoluna sadiq qalıb-qalmadığını, həm də ölkələrin reallıqlarına adaptasiyasını müşahidə edəcəyik. Məsələn, bu yaxınlarda Avstraliyaya səfərim oldu, gördüm ki, oxşar xüsusiyyətlər nə qədər çox olsa da, fərqlər də az deyil. Yəni bir ictimai hərəkatlar üzrə nəzəriyyəçi olaraq çox maraqlı araşdırma olacaq.
Gülən Hərəkatının dünya miqyasında əhatə dairəsi sürətli böyüyür və artıq öz təsirini göstərməyə başladı. Xüsusən də, dinlərarası dialoq sahəsində. İlk illərdə təhsilə üstünlük verildi. İndi isə inanc və mədəniyyətlər arası dialoq fəaliyyətlərinin də gündən-günə əhəmiyyəti artır. Bu hərəkatın mənsubları bir diyara gedəndə ilk işləri dialoqa zəmin hazırlamaq olur. Məsələn, keçən ilin dekabr ayında Melburnda keçirilən Dünya dinləri parlamentində iki yüzə yaxın müsəlmanın içində hərəkat mənsubları da vardı. Orada ölkə rəsmiləri ilə qurduqları dialoqun təqdimatında və bu haqda qələmə alınan məqalələrdə gördüm ki, getdikcə dünyada daha da nüfuz qazanmağa başlayırlar. Səhhətinə görə iştirak etməsə də, parlamentin açılış nitqini söyləmək üçün Dalay Lama ilə birlikdə hörmətli Gülən də dəvət edilmişdi. Bu da öz-özlüyündə hərəkatın artıq kifayət qədər tanındığını və ümumbəşəri sülhün bərqərar olmasında mühüm faktora çevrildiyini göstərir.
Əvvəllər cəmiyyətdən uzaqlaşıb inzivaya çəkilə bilirdik, amma indi bu, mümkün deyil. İnkişaf etmiş texnologiyaya və nəqliyyat vasitələrinə malik qlobal bir dünyada yaşayırıq. Həqiqətən dünya kiçilir. Məsələn, yaşadığım yerdə, Hyustonda hindli, müsəlman və ya budistlərlə qonşu olmaq adi bir hala çevrilib. Məhz buna görə bir-birimizin mədəniyyətini və dinini tanımağa məcburuq ki, sülh və əmin-amanlıq içində yaşayaq.
- tarixində yaradılmışdır.