"Təcrid edilən, yad damğası vurulanların başında Xocaəfəndi dayanır"
İshaq Alaton biznes aləminin ən görkəmli simalarından biridir. Ahıl yaşına baxmayaraq həyatını həsr etdiyi demokratiya və azadlıqlar uğrunda mübarizəsini hələ də davam etdirir. Keçən il Mehmet Gündəmin qələmə aldığı “Lazımlı adam: İshaq Alaton (Lüzumlu Adam: İshak Alaton)" adlı kitabının davamı sayılan “Lazımsız adam: İshaq Alaton (Lüzumsuz Adam: İshak Alaton)” kitabı bu ilin noyabr ayında işıq üzü gördü və bir ayda beş dəfə nəşr olundu.
Kitabının bir bölümündə Fəthullah Gülən Xocaəfəndi və onun təşviqi ilə ərsəyə gələn təhsil və dialoq fəaliyyətləri haqqında fikrilərini bildirən Alaton Hərəkatın gördüyü işləri təqdir etdi.
Kitabın bir bölümündə Fəthullah Gülənə və Hizmətə dair fikirlərinizi bildirmisiniz. Müsbət rəy bildirənlər var. Necə münasibət gördünüz?
Mən bildiyimi danışmışam. Düzdür, müsbət qarşılayanlar var. Rəy bildirənlərin doxsan faizi müsbət fikirdədir. Niyə? Çünki ən ağlagəlməz adam ən ağlagəlməz fikirlər söylədi. İndi siz baxın, məni yad bilib təcird edəcəklər. Ankarada Çankaya iqamətgahına getdim. Altı yüz nəfərə birinci kitabdan bəhs etdim. Konfransdan, imza mərasimindən sonra məgər Xeyrünnisə Gül xanım da ayaq üstə gözləyənlər arsında imiş. Maraqlı gün idi. Xeyrünnisə xanıma: "Alqışlayırlar, amma mən bu cəmiyyətdə yadam", - dedim. Mənə: "Siz yanılırsınız, əsl yad olan mənəm. Mən bu İqamətgaha köçəndən sonra hicabıma görə iki il adam arasına çıxa bilmədim", ‒ dedi. Hər kəs yaddır. Yad olmayanlar qoy iki dəfə düşünsünlər: bu cəmiyyət niyə bu qədər bölünüb? Çünki məni təcrid etdiyin kimi, o qadını da həyat yoldaşı prezdent ola-ola qəbul etmədin. Hamımıza yad damğasını vurdun. Görəsən, "Düz iş görmədik” deyə düşünmürlərmi? Biz körpü üstündəyik. Hələ qarşı tərəfə keçə bilməmişik. Yəqin, bunun üçün hələ çox vaxt lazım olacaq. Yəqin, bir nəsil dəyişəcək. Bu gün hələ də bunun mübarizəsini aparırıq. Bu gün daha çox kürdlər yad sayılır... Türkiyənin ən böyük yad kütləsi yəhudilər, xristianlar deyil, hazırkı vəziyyətə baxanda kürdlərdir.
Kitabda Hizmət hərəkatının yeni insan tipi ortaya qoyduğunu deyirsiniz. Bu yeni insan “yadlaşdırma” mexanizminə çarə olacaqmı?
“Olacaqmı?” deyil, olacaq. Hizmət Hərəkatının məni ən çox ümidləndirən cəhəti xaricdə açdığı məktəblərdir. Təkcə Amerikada iki yüzə yaxın məktəb var, Cənub Afrikadakı məktəbləri gəzib görmüşəm. Moskvadakı məktəbin torpaq sahəsini biz təşkil etdik, bələdiyyədən pulsuz alıb verdik. Məktəb tikildi, hazırda fəaliyyətdədir. Dünyanın hər tərəfində açılan məktəblərdə bu gün yüz minlərlə şagird təhsil alır. Diplomatların uşaqları və s.... Bu məktəblər o ölkələrin ən yaxşı təhsil ocaqlarıdır. Təkcə Texasda otuz yeddi məktəb var. Bu məktəblərin ən əhəmiyyətli cəhəti dünyaya Türkiyənin müsbət yönlərini göstərməsidir. XVII və XVIII əsrdə Rusiyada və Polşada yəhudilərə işkəncə verirdilər. Bu insanlar Amerikaya köç etdilər. Kim idi bu insanlar? Əkinçilər, pinəçilər... yəni fəhlələrdi. ABŞ-a gedəndə neylədilər? Uşaqlarını yaxşı məktəblərə göndərdilər. Onlar da öz uşaqlarını daha yaxşı məktəblərə göndərdilər. 4-5 nəsildən sonra dünyanın ən elitar, ən məhsuldar və ən qabaqcıl, ən güclü milləti yəhudilər oldu. Bu gün Amerikanın yəhudi lobbisi Türkiyənin belə nəzərə aldığı, münasibətləri pozmaq istəmədiyi bir lobbidir. Bunu hər kəs bilir. Bunu mən də dərk edirəm və aramı yaxşı saxlamağa çalışıram. Yeddi milyardlıq dünyada yəhudilərin sayı on dörd milyondur. Buna baxmayaraq böyük təsir gücünə malikdirlər. İsrailə dəstək olan da Amerikadakı yəhudi lobbisidir. Nobel mükafatı laureatlarının 32 faizi yəhudidir. Bütün bunları yan-yana qoyanda bu hərəkatın təhsilə verdiyi əhəmiyyəti daha yaxşı anlayırsınız.
Yaxşı bəs yəhudilər Hərəkatın təhsil fəaliyyətlərinə necə baxır?
“Wall Street Journal”-da Hizmət əleyhinə axmaq bir yazı çıxmışdı. Amerika Yəhudi lobbisinin ən məşhur adamlarından Alon Ben Meyiri tapdım. Türkiyəyə gediş-gəlişi var, ondan xahiş etdim. Müəllifi yazısının yanlış olduğuna inandırdı. Həmin müxbir bir həftə sonra bir yazı yazıb səhvini etiraf etdi. Yəni Amerikadakı o problemi də yəhudi lobbisi həll etdi. Niyə? Çünki məqsəd eynidir. Məqsəd təhsildir. Dünyanın ən böyük təhlükəsi cəhalətdir, nadanlıqdır. Hərəkatın qayəsi də insanları yetişdirmək və onlara keyfiyyətli təhsil verməkdir. Biz də bu yoldayıq. Türk Dili Olimpiyadaları dünyaya təhsil xidməti verən insanların özünü isbat meydanıdır.
“Xocaəfəndini yanlış tanıdırlar” deyirsiniz...
Təcrid olunan, yad damğası vurulanların ən başında Xocaəfəndi dayanıb. Bəli, Xocaəfəndi cəmiyyətdən təcrid edildi, ona yad damğası vuruldu. Niyə? Bunu hər kəs bilir. Çünki Kamalizm qarşısında rəqib görmək istəmirdi. Onsuz da hər yerdə bir təhlükə görür... (İbrahim Türkmen, Ayşenur Parıldık)
- tarixində yaradılmışdır.