Türkün böyüklüyünü dünyada bir daha duyuran insan
Jurnalist Tahir Aydınoğlu ilə müsahibə
Sual: 1998-ci ildə “Xalq” qəzetinin nümayəndəsi olaraq ilə ilk dəfə möhtərəm Fəthullah Gülənlə görüşüb müsahibə aldınız. Müsahibənizdə də qeyd etdiyiniz kimi, dünyanın müxtəlif ölkələrindən müsahibə təklifləri gəlsə də hər müsahibəyə müsbət cavab verməyən Gülən sizinlə görüşməyə necə razı oldu? Sizcə görüşün baş tutmasında hansı səbəblər rol oynadı? Bu haqda bir qədər məlumat verə biləsinizmi? Görüş necə baş tutdu?
Cavab: Fəthullah Gülənin kimliyi Azərbaycanda 20 Yanvar faciəsi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin respublikamızda fəaliyyəti ilə daha çox adama məlum olmuşdur. Çalışdığım “Xalq qəzeti” bu qurumun ölkəmizdə gördüyü işləri yaxından işıqlandırmaqla, Fəthullah Güləni qəlbən sevən, onun təşviqi ilə Türkiyədən Azərbaycana gəlib müasir təhsil ocaqları quran insanlarla da dostluq, əməkdaşlıq əlaqəsinə girmişdir. Xüsusən, “Zaman - Azərbaycan” qəzeti Fəthullah Güləni ölkəmizdə populyarlaşdırmışdır.
1998-ci ilin aprelində “AzTV”-nin “Səhər” proqramında qəzetlərin xülasəsini aparırdım. Bir səhər veriliş bitəndən sonra proqramın rəhbəri jurnalist dostum Qulu Məhərrəmli ilə efir qonağımız olan şair Məmməd Aslandan Türkiyə səfəri barədə danışmasını xahiş etdik. O, İstanbulda Fəthullah Gülənlə görüşündən məftunluqla söz açdı. Sonda dedi ki, bu Xoca türk dünyasını dünyaya yeni biçimdə təqdim etməyi hədəfə almış nəhəng bir fikir və əməl insandır. Hər ikimizdə bu maraqlı insanı görmək həvəsi sürətlə ciddi bir istəyə çevrildi.
Çox keçməmiş, “Çağ” Öyrətimin bir tədbirində Qulu ilə arzumuzu şirkətin o zamankı prezidenti Adəm Öcala bildirdik. Bir neçə gündən sonra şirkət prezidentinin müşaviri, dostumuz Ağarəsul Məmmədov zəng vurub dedi ki, istəyiniz Gülən Əfəndiyə çatdırılan kimi razılıq verib. Səfərə hazırlıq görün, dəqiq vaxtı deyəcəyik. Bu gözlənilməz xəbər Qulunu və məni hədsiz sevindirdi. Təkrar Məmməd Aslanla görüşüb Xocaya verəcəyimiz sulları dəqiqləşdirdik, gərəkli təlimat aldıq.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi günlərində “Zaman — Azərbaycan”ın o vaxtkı baş redaktoru Ərsin Dəmirçinin və “Saman yolu” televiziyasının o zamankı Azərbaycan təmsilçisi Tahir Qərənfilin müşayiəti ilə mayın son günlərində İstanbula uçduq. Orada bizi “Ufuqtur”un müdiri Məhəmməd Menekşə qarşıladı. Həmin gün Fəthullah Gülənin rəhbərlik etdiyi Türkiyə Qəzetçilər Qurumunun məsul işçisi Harun Tokakla görüşüb müsahibənin vaxtını və qaydalarını dəqiqləşdirdik.
Səhərisi gün nahardan sonra Gülən Əfəndinin yaşayıb-çalışdığı “Fırat” şirkətinin çoxmərtəbəli binasının şüşə tavanlı sonuncu mərtəbəsinə qalxıb, nəzərdə tutulmuş yerdə əyləşdik.
Xocanın köməkçiləri dedilər ki, möhkəm xəstə olsa da Azərbaycandan gəldiyinizi eşidib əhvalı yaxşılaşdı. Xahiş edirik, söhbəti 1 saata yekunlaşdırın. Elə bu vaxt yandakı otaqdan təsvirlərindən tanıdığımız Fəthullah Gülən içəri daxil olub, sanki, uça-uça bizə yan aldı. Varlığımıza bələnmiş bu insan hər ikimizi bağrına basdı, nəvazişlə hal-əhval tutdu. Dedi ki, bu vaxtadək çox jurnalistlə görüşmüşəm. Amma heç birində qəlbim bu qədər dolu olmayıb. Ürəyiniz nə istəyir soruşun. Mənim Azərbaycan həsrətim və sevgim o qədər hüdudsuzdur ki, bu barədə günlərlə danışsam qurtarmaz.
Söhbətimiz 2 saatdan artıq çəkdi. Xocanın yumşaq, bəsirətli, ölçü-biçili, son dərəcə ağıllı söhbəti bizi əlçatmaz bir aləmin ağuşuna çəkmişdi. O qədər duyğulanmışdıq ki, sanki, cismimiz bir atəşə, işığa çevrilmişdi.
Nəhayət, vaxt çatdı, ayrılıq məqamı yetişdi. Birlikdə şəkil çəkdirdik. Xoca bizə hədiyyə olaraq qol saatı bağışladı. Ən böyük bəxşişi isə bir ömrə zinət olası misilsiz bir görüşün zəngin, unudulmaz təəssüratı oldu. Xocanın qonağı kimi 5 gün Türkiyədə qaldıq. Anadoluda türk ruhunun yuvası sayılan Bursaya getdik. Qayıdandan sonra Xocanın cavablarının bir hissəsini yığcam şəkildə hazırlayıb “Xalq qəzeti”nin 2 nömrəsində çap etdirdim. Bu müsahibə mənə böyük hörmət və diqqət qazandırdı. Ötən illərdə o görüş barədə çox söhbət düşüb, bu barədə çox danışmalı olmuşam. Mən Xocanı dünya çapında düşünən insan, Türkün böyüklüyünü dünyaya bir daha duyuran zəka sahibi kimi gördüm.
Sual: Qanlı faciə - 20 yanvar hadisəsinin üstündən çox vaxt ötdü. Buna baxmayaraq bu yara hələ də Azərbaycan xalqının sağalmaz yarasıdır. O dövrdə qardaş ölkədən yanıqlı bir fəryad, etiraz harayı yüksəldi, Türkiyədən. O vaxt “Ağlayan insan” ünvanı ilə də tanınan Fəthullah Gülən idi ki, bu faciənin harayını dünyaya hayqırırdı. O günləri və o səhnənin təəssüratını bizimlə bölüşə bilərdinizmi? Bu görüntüləri izləyəndə hansı hissləri keçirmişdiniz?
Cavab: 20 Yanvar faciəsi Azərbaycan xalqının yatmış yaddaşına dəyib onu oyatdı. Bu hadisə həm də xalqımıza dostlarını və düşmənlərini açıq şəkildə tanıtdı. Faciənin ağrısı qardaş Türkiyəni də eyni dərəcədə göynətdi. O zaman dəhşətli bir ağrı ilə hayqırıb bayılan Fətulla Gülən Türkiyənin Azərbaycan üçün nə olduğunu təkcə bizə deyil, bütün dünyaya anlatdı. Xalqımız bu ulu Xocanı tanıdı, sevdi, ona qəlbinin başında yer ayırdı. İsmi Gülən olub, o qanlı günlərdə “ağlayan” həmin insan böyük arxadaşlığı ilə milyonlarla gözlərin yaşını silmiş, yaralı qəlblərə məlhəm gətirmiş oldu. Sonralar həmin videogörüntülərə hər baxanda qürur duyuruq, düşmənə lənət oxuyub, dostlara alqış deyirik.
Sual: Bildiyiniz kimi, Fəthullah Gülənin ən çox təşviq etdiyi sahələrdən biri də mədəniyyətlər və dinlərarası dialoq fəaliyyətləridir. Gülənin daha çox “din mənsubları arasında dialoq” kimi xarakterizə etdiyi bu fəaliyyətləri bəşəriyyətə nə vəd edir? Bir tərəfdən “dinlərin qarşıdurması” tezini irəli sürüb bu fikri müdafiə edənlər, digər tərəfdən də mədəniyyətlər və dinlər arasında müştərək dəyərlər tapıb onlar ətrafında dünya sülhünün bərqərar olmasına çalışanlar... Sizcə müharibələrdən yorulan bu qoca dünyaya dialoq və barış fəaliyyətləri yeni bir bahar gətirə bilərmi?
Cavab: Fəthullah Gülənin dinlər arasında dialoq, xalqlar arasında barış çağırışı zamanın yetişmiş tələbindən qaynaqlanır. Allah bir olduğu kimi, onun fərq qoymadığı insnaların, toplumların, xalqların da yolu, yönü bir olmalıdır. İnsanları üz-üzə qoymaqla qazanca çatanlar bu çağırışdan əndişələnirlər. Xocanın dialoq, dostluq şüarı dünyanı böyük bir gələcəyə yönəldir. Mən Xocaəfəndinin böyük Allah və İnsan sevgisinə inanıram.
Sual: Elə bir ölkə yoxdur ki, orada Fəthullah Gülənin təşviqi ilə açılan və sevgini təmsil edən məktəblər, hətta gələcəyin “sülh adacıqları” deyə vəsf edilən təhsil müəssisələri olmasın. Kanadadan Argentinaya, İngiltərədən CAR-a, Rusiyadan Avstraliyaya qədər dünyaya təmənnasız sevgi bəxş etmək üçün həyatını fəda edən könül “memarları” var. Bu məktəblərdə din, dil, mədəniyyət ayrı-seçkiliyi qoyulmadan təlim-tədris aparılır. Sevgi məktəbləri haqqında fikirlərinizi ala bilərikmi?
Cavab: Gülən dialoqun birliyə aparmasının yolunu yeni düşüncəli, imanlı və elmli insanların çoxalmasında, yeni insanlar yetişdirilməsində görür. Bu işə yön və sürət verilməsi üçün sivil məktəbləri təşviq edir. Gülənin ardıcıllarının yaratdıqları məktəblər milli, eyni zamanda, bəşəri insanları, dünya insanını, gələcəyin adamını yetişdirir. Bu məktəblərin məzunları hər yerdə xeyir əməllərə çıraq yandırır, barışa qoşulurlar.
Sual: Sevgi məktəbləri deyə adlandırdığımız bu təhsil müəssisələri iki qardaş ölkənin birliyi naminə sizcə hansı rolu oynayır? Həm türk dövlətləri ilə qardaşlıq körpüləri, həm də dünya sülhünə bu məktəblərdə yetişən yeni insan modeli nə gətirə bilər?
Cavab: Azərbaycandakı sevgi məktəbləri - “Çağ” liseyləri, “Araz” kursları, “Qafqaz” Universiteti birgə əməlin - Türkiyə - Azərbaycan qardaşalığının şirin barıdır. Bu məktəblərin məzunları ortaq türklüyün sütunlarını ucaldır, damını genişləndirirlər. Onları bir də heç nə ayıra bilməyəcək. Onlar dünyanı türkə dost etməkdədirlər. Onlar Gülənin qəlbinin atəşini dünyaya yayırlar.
Sual: Reportajınızda möhtərəm Fəthullah Gülən haqqında: “təkcə Türkiyənin, türk dünyasının deyil, bütün bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin dərdi ilə yaşayan insan”, - deyirsiniz. Sizcə onun ideaları ümumbəşəri sülhün bərqərarında hansı rol oynaya bilər? Onun çiynindəki ağır dərd yükünü duyan insan olaraq, hazırkı fəaliyyətlərə də baxanda ona siz də haqq qazandırırsınızmı?
Cavab: Gülən keçmişə qapını bağlayıb, gələcəyə darvaza açmışdır. Bu geniş qapıdan keçib xeyirə yol alanlar sürətlə çoxalır. Fəthullah Xocanı anlamayan, duymayanlar insanlığa qarşı olanlardır. Barış ideyası türkün dünya düzənində yerini möhkəmləndirir, Şərqi Qərblə, Şimalı Cənubla yaxınlaşdırır, insanları Allaha qovuşdurur.
Sual: Müsahibənizdə müsahibiniz: “Azərbaycan türk ailəsinin bir-birinə qaynayıb-qarışması üçün bir körpü oldu”, - deyir. Sizin bu məsələyə münasibətiniz necədir? Həqiqətən bu məktəblər türk dünyasının dirçəlməsi üçün ümid işığı ola bilərmi?
Cavab: Azərbaycandakı və Türküstandakı türk liseyləri artıq türk bayrağına sahib çıxan insanların ilk dəstəsini yetişdirmişdir. Azərbaycan coğrafi mənada türk dünyasına körpü olduğu kimi, ölkəmizdəki türk liseyləri də dünyadakı sevgi məktəbləri arasında körpü rolunu oynaya bilər. Səylər buna yönəldilməlidir. Azərbaycanda tarixən türkün bütün qolları, boyları, soyları yer alıb. Bu köklər üzərində mötəbər bir körpü ucala bilər.
Sual: Yazınızda Fəthullah Gülənin 1998-ci ildə papa ilə görüşü barədə də yer vermisiniz? Sizcə Fəthullah Gülən bu məsələyə niyə bu qədər əhəmiyyət verirdi? Və əksinə desək, bu görüşə qarşı çıxanlar niyə bu qədər səs-küyə səbəb olurdular?
Cavab: Qərb - Şərq, aypara - xaç qarşıdurması tarixdə qara izlər qoyub, insanlıq adına ləkə gətirib. Gülən bu tarixdən, bu irsdən dərs almağa, geriyə yox, irəliyə baxmağa çağırır. Əslində, başqa bir istiqamət də yoxdur.
Sual: O dövrdə olduğu kimi, indi də onun fikirləri və fəaliyyətlərinin əleyhinə olanlar və ya anlamayıb onu ittiham edənlər var. O gündən bu günə nə dəyişdi? Ona atılan böhtanlar haqqında nə düşünürsünüz?
Cavab: Artıq Güləni təqdir edənlər çoxalır. Təbii fəlakətlər, maliyyə böhranları, qlobal bəlalar insanları birlikdə çarə axtarmağa yönləndirir. Bu, Fəthullah Xocanın nə qədər haqlı olduğunu sərgiləyir. Güləni anlayanlar çoxaldıqca, ona əks olanların da mövqeyi zəifləyir. Gülənə qara yaxırlar, amma bu ona yapışmır, onu bulaşdırmır. Haqqın nuru hər çirkabı yox edir. Mən Fəthullah Xoca barədə təqdirləri hesaba alıram. Böhtan, qərəzi isə saya almıram. Hər halda, işıq qaranlığı əridir. Gülənə dərd versələr də, cəza verə bilmirlər. Gülən dözümü, dəyanəti çox şeyə üstün gəlir.
Sual: Din insanın doğuştan ehtiyacıdır. Hətta: “ateistəm, Yaradana inanmıram”, - deyənlər belə, bir mənada müəyyən inanca söykənir, inancsızlıq inancına... Sizcə din fərdlərin və toplumların həyatında hansı rola malikdir?
Cavab: İnsanı heyvandan fərqləndirən təkcə şüuru deyil, həm də imanıdır. Elm şüuru, din imanı kamilləşdirir. Din insanların Allahın ən kamil əsəri olduğunu, bir-birinə qardaş-bacı yaradıldığını anlatmaq üçün göylərdən endirilən düşüncədir, məramnamədir. Dinsizlik insanı əşyaya, yırtıcıya çevirər. Tarix bunu min illərdir isbatlayır.
Tahir Aydınoğlu (Rüstəmov) 1959-cu ildə Ağdam rayonunda doğulmuşdur. İlk qəzet yazısı 40 il əvvəl işıq üzü görmüşdür.
1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV) kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışmış, çoxsaylı süjetlərin müəllifi, müxtəlif verilişlərin aparıcısı olmuşdur.
1988-ci ildə “Xalq qəzeti” (1991-ci ilədək “Kommunist”) redaksiyasına dəvət olunmuş, burada baş müxbir, bölgə müxbiri və baş redaktor müavini kimi fəaliyyət göstərmişdir. “ABŞ-da jurnalistika” proqramının, Fransanın Lil Ali Jurnalistika Məktəbi və Misirin Qahirə Univrsiteti kurslarının dinləyicisi olmuşdur.
Ölkəmizdə və xaricdə keçirilən bir sıra beynəlxalq məclislərdə Tahir Aydınoğlu mindən artıq müxtəlif mövzulu və janrlı yazıların müəllifidir. Azərbaycan mətbuat tarixi, jurnalistikanın nəzəri məsələləri ilə bağlı araşdırmalar aparmış, kitablar nəşr etdirmiş, “Jurnalist” media bülletenini buraxmışdır.
Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə Tahir Aydınoğlu əməkdar jurnalist adına layiq görülmüşdür. Tədqiqatçı jurnalist kimi “Həsən bəy Zərdabi” və “Ali media” mükafatlarını almış, bir sıra yaradıcılıq müsabiqələrinin qalibi olmuşdur. Hazırda “Xalq qəzeti”ndə çalışmaqla yanaşı, Azərbaycan demokratik mətbuatının ənənələrinin dirçəldilməsində, ölkəmizdə azad medianın formalaşmasında fəal iştirak edir.
- tarixində yaradılmışdır.