Böyüklüyün meyarı və qəzavü-qədərə riza
Çay süfrəsində həqiqət damlaları: Yaxşı əməllərimiz çox kiçik, ilahi ehsanlar isə çox böyükdür.
- “Hizmət” varsa, yaşamağa dəyər. Dinim və müqəddəs məfkurəm naminə hələ də bir iş görmə imkanım/ehtimalım varsa, dünyada qalmağa dəyər, yoxsa, bihudədir!.. (00:50)
- Təsəvvüfi dildə desək, Ruhu-Seyyidil-Ənam Peyğəmbərimiz (s.ə.s.) “təəyüni-əvvəl”in qəhrəmanı, “Sən olmasaydın, bu aləmləri yaratmazdım” qüdsi hədisinin timsalıdır. Bu hədis hədis kriteriləri baxımından səhih olmasa da, məna etibarilə doğrudur, çünki o “Müərrif (mütərcim, tanıdan)” olmasaydı, bu aləmlərdən, bu kitabdan heç kim heç nə anlamazdı. O halda bu hədis “Ey Rəsulum! Sənin sayəndə bu kitablar oxundu, mənası şərh olundu. Elə isə sən əlindəki Quranla hər şeyin qövli-şarehi, təfsiri-vazehisən (izah edən, şərh edən, aydınlaşdıran sözü, dili)” mənasına gəlir. (02:50)
- Bir şam başqa şamı yandıranda işığı azalmır! (04:50)
- İnsan bütün yaxşı əməllərini bir şam yandırmaq kimi görməlidir. İnsanın öhdəsinə həm kiçik, həm də böyük işlər düşür. O, bu işləri nəfsi etibarilə çox kiçik, Cənabi-Allah yaratdığı və Onun ehsanı olduğu üçün isə çox böyük görməli və şükür etməlidir. Şirkdən şükrə keçid böyük-kiçik hər şeyi Allah-taaladan bilmək, zəhmətlə əldə edilən hər şeyi bizə baxan yönü etibarilə kiçik, Cənabi-Allahın lütfü olması etibarilə də - Ona ehtiram əlaməti olaraq - böyük görməkdən asılıdır. (05:35)
- Həzrəti Siddiqin siddiqə qızı Aişə anamız isar səviyyəsində səxavətli bir insandı. Hər adını çəkəndə “Anam!” dediyim, “Anam inciməsin, heç ona bu cür ürəkdən “anam” deməmişəm!” deyə andığım müəlla anamızın ibadəti də səxavəti qədər əngindi. Bir gün Rəsuli-Əkrəm yanaqlarından süzülən yaşları görüncə “Aişə, nə oldu, niyə ağlayırsan?” demişdi. “Yadıma cəhənnəm odu düşdü. Orada ailənizi tanıyar, məni də xatırlayarsınızmı, ya Rəsulullah?” deyə cavab verən gözüyaşlı anamızın qəlbi də çox kövrəkdi, heç vaxt əməlinə arxayın olmaz, axirətindən çox nigaran yaşardı. (13:00)
- Allah Rəsuluna yaxınlığı, İslamiyyətə xidməti, ədalətli xəlifəliyi, dövrün iki böyük dövlətini yerlə-yeksan etməsi və üstün əxlaqı ilə məşhur Həzrəti Ömər başını səcdəyə qoyar, gizli-aşkar, səsli-səssiz dualarla, yalvarışlarla Rəbbinə yönələrdi. Duada hıçqıra-hıçqıra inildəyər, ürək döyüntüləri artar və əsim-əsim əsərdi. Vəfatından az əvvəl quraqlıq baş vermişdi. Əllərini səmaya açan Ömər (r.a.) ağlaya-ağlaya yalvarırdı: “Allahım! Mənim günahlarımın ucbatından Ümməti-Məhəmmədi həlak etmə. Ehtimal ki, quraqlıq mənim günahlarım üzündəndir. Nə olar, Rəbbim, Rəsulullahın səhabələrini mənə görə cəzalandırma!” Bəli, Həzrəti Ömər özünə bu gözlə baxırdı, iddialı deyildi, yüksəklərə göz dikməmişdi, özünü yuxarılarda görmürdü. O alihimmətliliklə məhviyyətin birləşdiyi yerdə taxt qurmuşdu. Görəsən, neçə nəfər quraqlıqda, zəlzələdə, ictimai qarşıdurmalarda, qan su yerinə axanda “Allahım, mənim üzümdən ümməti-Məhəmmədi həlak etmə!” deyə bilib?!. (16:24)
Sual: Allah Rəsulu Peyğəmbərimiz (s.ə.s.) məalən buyurur: “Səadətin ən mühüm qaynaqlarından biri Allahın qəzasına (qədərin həyata keçməsi) razı olmaq, ən böyük bədbəxtlik isə ilahi qədəri qəzəblə qarşılamaqdır!” İlahi qədərə razılığın müəyyən bir həddi, çərçivəsi varmı? Qısqanclıq, həsəd və paxıllıq kimi ruhi mərəzlər ilahi qədərə etirazla nə dərəcədə bağlıdır? (18:00)
- İlahi qədərə razı olmaq ən böyük səadət və xoşbəxtlikdir. Mövzu ilə bağlı Allah Rəsulunun: “Səadətin ən mühüm qaynaqlarından biri Allahın qəzasına (qədərin həyata keçməsi) razı olmaq, ən böyük bədbəxtlik isə ilahi qədəri qəzəblə qarşılamadır!” mübarək kəlamı da bu məsələyə aydınlıq gətirir. (18:40)
- İlahi qədərə məmnuniyyətlə razı olmaqla yanaşı, Rəsuli-Əkrəmin (əleyhi əlfü əlfi salatin və salam) peyğəmbərliyinə və İslam dininə qane olmaq, yəni onlarla kifayətlənmək də çox əhəmiyyətlidir. Belə ki, feili və qövlü duadan sonra, nəticəsi nə olursa-olsun, qəzavü-qədərə qəlbən razı olmaq da bu düşüncənin nəticəsi, tələbidir. Məhz buna görə də səhər-axşam oxunan dualarda da bu iqrar ifadələri keçməkdədir: “Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq da Həzrəti Məhəmməddən (s.ə.s.) razıyıq” (18:54)
- Tez-tez eşitdiyimiz “Neyləmişdim ki, başıma gəldi? Niyə həmişə mənim başıma gəlir? Niyə bu qədər əziyyət çəkirəm?” kimi ifadələr qəzavü-qədəri tənqid anlamına gələn küfrdür. Bəlkə də, bu sözləri dilə gətirənlər kafir olmaz, ancaq bu kəlmələr kafirə yaraşan ifadələrdir. (22:10)
- Həsəd, qısqanclıq, paxıllıq və s. ruhi mərəzlər “ilahi qədərə razı olmamaq”la yaxından bağlıdır. Məkkə müşrikləri Allah Rəsulunun fəzilətinə şübhə etməsələr də, peyğəmbərliyini qəbul edə bilmirdilər. Onlardan bəziləri “Taifdə Məsud ibn Urvə, Məkkədə Vəlid ibn Muğirə kimiləri dura-dura və bu insanlar peyğəmbərliyə daha layiq ola-ola, necə olur ki peyğəmbərlik kasıb, kimsəsiz Əbu Talibin Yetiminə verilir?” deyirdilər. Əbu Cəhil “Əslində bilirəm ki, O, peyğəmbərdir. Lakin Haşimilərlə həmişə rəqabət aparmışıq. Onlar “rifadə, siqayə (hacıların yemək və su ehtiyacını təmin etmə vəzifəsi) bizə aiddir” deyə lovğalanırlar. Üstəlik “peyğəmbər də bizdəndir” desələr, mən buna dözə bilmərəm”, deyirdi. (23:20)
- Həzrəti Əliyə paxıllıq edənlərin törətdiklərindən tut Səlcuqluları, Osmanlıları gözü götürməyənlərin fitnə-fəsadına qədər İslam aləminə böyük zərbə vuran bir çox hadisənin kökündə ilahi qədərə razı olmamaq, həsəd hissi dayanır. (24:37)
- Paxıllıq hər dövrdə olmuşdur, indi də olacaq. Bu, Mefisto ilə Faustun mübarizəsinin nəticəsidir və qiyamətədək davam edəcək. Əslində Şeytanın Həzrəti Adəmə qısqanclıq və düşmənçilik macərası bir mənada bütün insanlığın macərasıdır. Bu gün də bir qisim insanlar hizmətə və hizmət ərlərinə həsəd, qısqanclıq, paxıllıq edə, təqiyyələrlə onlara zərbə vurmağa çalışa bilərlər. (26:18)
- Kim nə edirsə-etsin, bizim meyarımız aydındır: “Şəri xeyirlə sovuşdur, ədəbsiz davaranışlara məhəl qoyma! Hər kəs davranışları ilə öz xarakterini üzə çıxarır. Sən yaxşlıq et və mədəniyyətsizlərə qarşı alicənab ol!.. “ (29:17)
- Zülmə məruz qalanda belə zülm etsəniz, Allah sizi hesaba çəkər. Biri bir sistemi dağıdanda siz də bir başqasının sistemini dağıtsanız, Allah sizi hesaba çəkər: “Niyə elədiniz? Niyə insan kimi hərəkət etmədiniz? Niyə Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) kimi hərəkət eləmədiniz?” Odur ki, qısqanclığa qısqanclıqla cavab verməməli, əksinə paxıllığa qarşı daha da dözümlü olmağa çalışmalıyıq. (30:33)
- Dayanmadan, ayaq saxlamadan, işlərə fasilə vermədən, Allahın izni və inayəti ilə, alternativ yollar, üsullar taparaq yola davam etməliyik. Onlara baş qoşsanız, bir yerə ilişər qalar, vaxtınızı israf etmiş olarsınız. Baş qoşmadan alternativ yollar və üsullar tapıb yola davam edəcəksiniz. Evinizi bağlayanda, tələbə yataqxanası açacaqsınız. Tələbə yataqxanalarını bağlayanda ev açacaqsınız. Məktəbinizi bağlayanda universitet açacaqsınız. Üniversitetinizi bağlayanda on məktəb açacaqsınız. Dayanmadan irəliləyəcəksiniz. Allah qorusun, dayanıb kiməsə baş qoşsanız, vaxtınız hədər gedər. Vaxt israfının hesabını da Allah soruşar. (31:44)
- Allah onları da hesaba çəkəcək, bu, məni maraqlandırmır. Əlimdən gəlsəydi, yumşaq dillə onlara da vaxtını israf etməməyi söylərdim. Ancaq sözüm, düşüncəm, hərəkətlərim əks-reaksiyaya səbəb olursa, susuram. (32:44)
- Pisliyə əsla pisliklə cavab verməməlisiniz. Ancaq məsələn, farslar Həzrəti Əbu Bəkiri, Həzrəti Öməri, Həzrəti Aişə anamızı və bir çox səhabəni təhqir edir, söyürlər. Siz o səhabələrin böyüklüyünü, bu təhqirlərin doğru olmadığını izah edərək onları müdafiə edə bilərsiniz. Farsların böyüklərindən biri misirli alim Məhəmməd İmaraya “Niyə bizə hücum edirsiniz?” deyə sual verib. Məhəmməd İmara da: “Xeyr, biz hücum etmirik, siz Həzrəti Əbu Bəkirə tənə edirsiniz, Həzrəti Ömərə nalayiq sözlər deyirsiniz, Aişə anamıza söyürsünüz, biz yalnız onları müdafiə edir və “Bu insanlara söymək olmaz!” deyirik”, - deyə cavab verib. Mən də deyirəm: “Onlara söyənin dilləri qurusun!..” (34:36)
- “Riza” düşüncəsi insanı daxilən Rəbbinə üsyan etməkdən qurtarır. Demək, bir günahımız varmış ki, Allah güvələri başımıza bəla etdi, həsəd və qısqanclıq hisləri oyandı. Bu, bizim qəbahətimizdəndir, demək ki, bir səhvimiz, günahımız var. Onlar əsl günahımızı bilmədiklərindən savabımıza ilişdilər. Bizə “Bu iş sizin işiniz deyil, qoyun layiq olanlar görsün!” desəydilər, haqları vardı. Ancaq bir mənada bilmədən hizmətin ruhuna toxundular. Həzrəti Pirin dediyi kimi, bizim heç vaxt etmədiyimiz, edə bilməyəcəyimiz, düşünmədiyimiz, düşünə bilməyəcəyimiz şeylərdən ötrü bizə hücum çəkirlər. Demək, xətalarımız ucbatından belə edirlər. Bu cür düşünüb Cənabi-Allahın qədərinə razı olaraq problemi qəlbdə həll etmək lazımdır. Riza düşüncəsi ilə qəlbinizdəki sıxıntıları, narahatlıqları aradan qaldıra bilərsiniz. (36:12)
- tarixində yaradılmışdır.